"Hüseyn Səfərovun silahlı adamları Maliyyə Nazirliyinin 3 müfəttişini oğurlayıb naməlum istiqamətdə aparmışdılar"
Azərbaycanın sabiq Maliyyə naziri Fikrət Yusifov sosial şəbəkələrdə böyük rezonans yaradan paylaşım edib. F.Yusifov nazir postunu tutduğu dövrdə(1994-1999-cu illər) Respublika Əmanət Bankının sədri vəzifəsində çalışmış Hüseyn Səfərovun külli miqdarda - həmin vaxtın pulu ilə 150 milyard manat vəsaiti mənimsədiyini yazıb.
Maraqlıdır ki, sabiq nazir həmin şəxsin özbaşınalıqlarına baxmayaraq, hakimiyyətdəki himayədarlarının sayəsində cəzalandırılmadığını və bu gün də həmin vaxtlarda “qazandığı” pullarla biznes qurduğunu bildirir.
Qaynarinfo isə xəbər verir ki, sözügedən Hüseyn Səfərov bankdakı işi ilə vidalaşandan sonra Vergilər Nazirliyində yüksək vəzifələr tutub, Bakıdakı bir neçə rayonun vergi idarələrinə rəhbərlik edib.
Sabiq nazirin Hüseyn Səfərov haqqında yazdıqlarını nəzərinizə çatdırırıq: “Dostlar, şəkildə gördüyünüz bu adam 1990-cı illərin ortalarında, cəmi 1 il, o vaxtkı Respublika Əmanət Bankının sədri vəzifəsində çalışmış Hüseyn Səfərovdur. Azərbaycanın bank sistemi tarixində ən böyük talanın müəllifidir. Bankın sədri vəzifəsində işlədiyi 1 il müddətində o vaxtın pulu ilə 150 milyard manat krediti bankın yerli filialları və ilk növbədə Səbayil rayonunun Bayıl ərazisində yerləşən və onun özünə şəxsən aid olan filialda mal-qara tədarükü adı altında nağdlaşdıraraq mənimsəmişdir. O dövrdə Əmanət Bankının nəzarət zərfi dövlətə məxsus idi. Dövlət adından isə Maliyyə Nazirliyi çıxış edirdi.
Dövlətə aid bu payı idarə edən Respublika Maliyyə Naziriliyi və bir nazir kimi mən, Əmanət Bankında baş verən bu talana qarşı biganə qala bilməzdik. Mən bankda baş verən bu talanı araşdırmaq üçün Maliyyə Nazirliyinin mütəxəssislərindən ibarət təftiş qrupu ayırdım. Qısa zaman içərisində bütün bu oğurluqların üstü açıldı.
Təsəvvür edin, mütəxəssislər o zaman hesblamışdılar ki, bankın filiallarından Hüseyin Səfərovun bilavasitə tapşırıqları ilə mal-qara tədarükü adı altında ayrı-ayrı adamların adına kredit kimi verilib, nağdlaşdırılaraq oğurlanan bu pullara əgər həqiqətən mal-qara alınsaydı, onda bu mal-qaranın yerləşə biləcəyi ərazi Abşeron yarımadasının ərazisindən 3 dəfə böyük olmalı idi.
Pulların daha çox nağdlaşdırıldığı Əmanət Bankının Bayıl ərazisində yerləşən və Hüseyin Səfərova bilavasitə aid olan filialda Maliyyə Nazirliyinin mütəxəssisləri yoxlama apararkən, Hüseyn Səfərovun silahlı adamları Maliyyə Nazirliyinin 3 müfəttişini oğurlayıb naməlum istiqamətdə aparmışdılar.
Müfəttlişlərdən biri (o, hal hazırda da Respublika Maliyyə Nazirliyində çalışır) "Azneft" meydanından qalxaraq onları naməlum istiqamətdə aparan maşın hərəkətdə olarkən, onun qapısını açaraq Azərbaycan Dövlət Akademik Filarmoniyasının yanında özünü yerə atmış və qaçıb Prezident Aparatına daxil olaraq xilas olmuşdu. Təbii ki, bundan sonra ölkə rəhbərliyi və Baş Prokurorluq bu məsələyə qarışdı və Maliyyə Nazirliyinin Hüseyn Səfərov tərəfindən oğurlanmış iki müfəttişi də tapıldı.
Son müsahibəmdə bəzi məmurları rüşvət və korrupsiya hallarına görə tənqid etməyim Azərbaycanın bank tarixində ən böyük talanı həyata keçirmiş bu adamcığın xoşuna gəlməyib və hesab edib ki, o, bu məsələyə münasibət bildirməlidir. El gözü tərəzidir. Qoy mənə dövlət bankını talan etdiyinə görə işdən qovdurduğum biri yox, yaxından tanıyanlar və fəaliyyətimə bələd olanlar qiymət versinlər".