Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi həyata keçirilir. Peyvəndlənmədən Mili Məclisin deputatları da kənarda qalmayıb.
MilliYol.Az xəbər verir ki, oxu.az vaksin vurulan deputatların siyahısını hazırlayıb.
Deputat Asim Mollazadə peyvənd olunub. O, açıqlamasında vaksinasiyadan sonra özünü çox rahat hiss etdiyini deyib.
Onun həmkarı Müşviq Məmmədli də peyvəndlənib.
Millət vəkili Fəzail Ağamalı peyvənd olunan deputatlar siyahısındadır.
Milli Məclisin qocaman deputatlarından olan Eldar İbrahimova da vaksin vurulub.
Əldə etdiyimiz məlumata əsasən, yaşı 65-dən yuxarı olan deputatların telefonlarına yaşadığı ərazilər üzrə vaksinasiya ilə bağlı SMS-lər göndərilir. SMS-lərdə onların peyvəndlənməsi tövsiyə edilir.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda vaksinasiya başlayıb. İlk olaraq Səhiyyə naziri Oqtay Şirəliyev və Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı peyvəndlənib.
Fevralın 8-dən isə yaşı 65-dən yuxarı olan şəxslərin vaksinasiya prosesinə başlanılıb.
Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 min vətəndaş var.
Xatırladaq ki, 65 yaşdan yuxarı randevu.its.gov.az internet ünvanında qeydiyyatdan keçmiş hər bir vətəndaş SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, ilk mərhələdə səhiyyə işçilərindən sonra 65 yaşdan yuxarı şəxslər və hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət vaksinasiyası nəzərdə tutulub.