44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan xalqı tam səfərbər oldu, öz Ordusuna inanılmaz dəstək göstərdi. Xalq, sözün həqiqi mənasında “dəmir yumruq” oldu. Vətən Müharibəsi dövründə xaricdə yaşayan həmvətənlərimiz də yumruq kimi birləşdilər. Azərbaycanın haqq savaşını dünya ölkələrinə yaymaqla yanaşı, xaricdə yaşayan azərbaycanlılar Ordumuza maddi dəstək də göstərdilər. Şəhid ailələri də diqqətdən kənarda qalmadı.
Dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların təşəbbüsü ilə şəhid ailələrinə maddi və mənəvi dəstək verildi. Rusiyanın Amur vilayətində yaşayan həmyerlilərimiz də Vətən Müharibəsi zamanı səfərbər olublar.
Bu barədə redaksiyamıza Amurda yaşayan həmyerlimiz Yalçın Abdullayev məlumat verib. Yalçın bəy bildirib ki, Vətən Müharibəsi başlayan ilk gündən Amurda yaşayan azərbaycanlılar Vətənə hansı dəstəyi göstərə biləcəkləri ilə bağlı müzakirə aparıblar: “İnanın, Azərbaycanda xalq yumruq kimi necə birləşmişdisə, Amurda da elə idi. Təşəbbüs bütün azərbaycanlılar tərəfindən dəstəkləndi. Həmyerlilərimiz şəhid ailələrinə, ordumuza maddi dəstək göstərmək üçün kampaniyaya qoşuldular. Qısa müddətdə xeyli vəsait yığıldı”.
Yalçın bəy bildirir ki, bundan sonra Azərbaycanla əlaqə saxlayaraq, maddi dəstəyin şəhid ailələrinə və ön cəbhəyə çatdırılması işini təşkil ediblər. Azərbaycanın 40 şəhər və rayonunda 60 şəhid ailəsi seçilib və Amurdakı həmyerlilərimizin yardımı onlara çatdırılıb: “Yardım kampaniyasında Nofər, Mais, Camal, Mübariz, Zabit, İlkin, Arif, Famil, Oruc, Ramin və başqa həmyerlilərimiz fəal iştirak ediblər. Onlar Azərbaycanın ayrı-ayır bölgələrindəndirlər, Amur vilayətinin də başqa-başqa şəhər və qəsəbələrində yaşayırlar. Amma Vətən Müharibəsi zamanı “dəmir yumruq” olmağı bacardılar”.
Yalçın bəy bildirdi ki, Amurda yaşayan həmyerlilərimiz şəhid ailələrinə dəstəklərini bundan sonra da davam etdirmək niyyətindədirlər.