Ərgün Dilər
“Takvim”, Türkiyə, 23 yanvar 2021-ci il
Gəlin, həftəni başa vurarkən, maqazin xəbərlərinə baxaq. Təbii, içində olmayan şey yoxdur. Burada dəfələrlə oxuduğunuz hekayə, əlaqə, qarşılıqlı təsir və nəticələri ötən gün “Vanity Fair” öz səhifələrinə daşımışdır. Mövcud əlaqələri axıcı bir şəkildə qələmə alan Kreyq Unqerdir. Gəlin, bu gün həm o yazıya, həm də onun arxa planına baxaraq gedək. Maqazin xəbərlərinin, əslində, haralaradək uzandığını görək.
Artıq məlumdur ki, haqqında hələ çox danışılacaq bir şəxs olan Cefri Epşteyn küçədə görə biləcəyiniz adi bir adam deyildi. Kəşfiyyat dünyasının önəmli bir fiquruydu. Hədəfdəki şəxslərə çıxmaq və onları nəzarət altına almaq üçün təsis edilən şəbəkənin bir oyunçusu idi. Onlar hər yerdə, o cümlədən burada da mövcuddurlar. İşin qəribə tərəfi odur ki, ABŞ belə, bu mövzuları yeni, yəni, Baydenin gəlişilə birlikdə müzakirə etməyə başlayıb.
Robert Maksvell əfsanəvi media patronu idi. Əslən Macarıstandan idi. Əsil adı Yan Lüdvik Hayman Binyamin Hox idi. Ailəsi faşistlərin əlindən qaçmışdı. Fransaya sığındığı dövr oldu. II Dünya Müharibəsində gedib ingilislərə qatıldı və almanlara qarşı savaşdı. Sonra İngiltərəyə keçdi. Eyni vaxtda İsrail, İngiltərə və Rusiya kəşfiyyatına xidmət etdi. Nəhəng bir media imperiyası qurdu. Lüks yaxtasında öldürüldü. Kanar adalarında dənizə atıldı. O, Meçel Hox və Hanna Slomovitsin uşağı idi. Sonrakı illərdə Robert Maksvellin 9 uşağından önə çıxanı isə Gislen Maksvell oldu.
Gislen bir gün Cefri Epşteyni görür və “Ata, məni bu adamla tanış edərsənmi?” deyir. Qoca Maksvell, “O səninlə nə edəcəkdir?” deyərək, cavab verir. Ancaq qızı atasından çox şey öyrənmişdi. Bir yolunu tapıb, öncə Epşteynə, sonra da Trampa uzanan yolu açır. Hətta bu iş çox özəl hədiyyələrin verilməsiylə irəliləyir… Və bir müddət sonra üçü “Şeytan üçbucağı”nı yaradır.
Vaxt gələcək, bir gün Harvardın hüquq professoru olan Alan Derşovits “Trampı və Epşteyni tanımayan, deməli, heç Nyu Yorkda yaşamır” deyəcəkdi. Epşteyn, Trampın yanına kralları, şahzadələri, “Wall Street”in milyarderlərini, məşhur iş adamlarını, dövlət başçılarını, nazirləri və kəşfiyyatçıları gətirdi. Keçirilən bütün toplantılarda azyaşlı qızlar əksəriyyət təşkil edirdi. Bu, bəzən Nyu Yorkda, bəzən də Mar-a Loqoda olurdu.
Tramp italyan mafiyasının dəstəyilə getdikcə böyüyürdü. Detalları və şəxs adlarını ötən günlərdə yazdım. Tramp daha sonra Atlantik Sitiyə açıldı. Ancaq orada işlər tərs getdi. Umduğunu əldə edə bilmədi. “Tac Mahal” adlı qumarxana istədiyi nəticəni vermədi. İstiqraz vasitəsilə qurduğu oyun Trampın başına bəla açdı. Məhz burada qəhrəman ortaya çıxdı. Bu, yaxından tanıdığı dostu Epşteyn idi. O, “Qorxma, bunu həll edərik” deyərək, Trampa ümid verdi. Onu birbaşa Rotşild ailəsinin etibarlı nümayəndəsi olan Uilbur Rossun yanına apardı. Məsələnin nə yerdə olduğunu onsuz da bilən Ross “Həll edərik” deyərək, söz verdi. Problemlər həll edildi. Borclar ödəndi. Şirkətin 50%-i Trampda qaldı. O, yoluna davam etdi. Və beləliklə, “Forbes”-in siyahısına girdi. Əslində, qəhrəman kim idi? Bəli, Rotşild ailəsi.
Pul gəlincə, bu ikisi və yanlarına aldıqları Gislen Maksvell yola davam etdi. Ancaq Tramp artıq Epşteynə aid idi. O, bunu bilərək yürüyürdü. Xanım Maksvell öz işini çox yaxşı görüncə, hazırda aktual olan “Rus bağlantısı” da ortaya çıxırdı… 1993-cü ildə Rusiya, 1994-cü ildə isə Baltika gözəli olan Anna Malova heyətə daxil olurdu. Və dünya gözəli olan azyaşlı qızlar təyyarələrlə Tramp-Epşteyn tandeminin verdiyi ziyafətlərə daşınırdı. Bəziləri də, məsələn, Ruslana Korşunova kimi, naməlum şəkildə ölürdü. Adətən, Nyu Yorkda göydələndən “yıxılırdı”lar.
Anna Malova gözəl qızları daşımaqla qalmır, Corc Sorosla da eşq yaşayırdı. Yəqin ki, vəzifəsinin tələbinə uyğun olaraq…
Daha öncə yazdığım yazılarda haqqında bəhs etdiyim bütün böyük şəxslər bu kadrda idi. Hər kəs bu çərçivənin içində idi. Epşteyn və arxasındakı güc oyunu qurur və hər kəsə rol verirdi. Həll edilməyən problem də qalmırdı.
İndi harda olduğu bilinməyən (məncə, FBİ-da) Cefri Epşteynin telefon dəftəri, yəni, Trampın 16 nömrəsinin də olduğu dəftər axtarılır. Adı o dəftərdə olan hər bir adam Epşteynin əlaqələrini bilirdi və orada könüllü olaraq yer alırdı. Hər kəs keçmiş SSRİ-dən gələn qızlarla əylənirdi. Hamısı da azyaşlılar idi. Burada ləqəbi “Xəyalət” olan “MC2 Ajans” -ın sahibi Jan-Lük Brünel də dövrəyə girirdi. Hərəkətlilik əməlli-başlı artırdı. İndi artıq sabiq ABŞ prezidenti olan Tramp da həyatına “Trump Model Management”-lə davam edirdi. Yəni, qızlar məsələsinə birbaşa əl atırdı…
Əslində, ABŞ Prezidenti olan Tramp, amerikalılar bilməsə də, Melaniya ilə məcburi evlənmişdi. Bu, onun 3-cü arvadı idi. Onun keçmişi haqqında bir şey yazmaq istəmirəm, ancaq ikisini nigah masası arxasına oturdan Epşteyn idi. Trampın prezidentliyi başa çatdıqdan sonra Melaniyanın tərs davranması, sizi bilmirəm, mənə heç təəccüblü gəlmədi. Yoxsa, vəzifə başa çatmışdı?! Təbii, bu arada rus iş adamları ilə ticarət də başlamışdı. Yalnız qızlar gəlib-getmirdi, ən azı, o qədər də pul gəlirdi… Məsələn, Tramp, öz evini rus oliqarx Dmitri Rıbolovlevə 96 milyon dollara sata bilmişdi. Sizcə, onları kim görüşdürdü, vasitəçi kim oldu? Trampın London-Təl-Əviv-Moskva üçbucağında dolaşması maraqlı deyildimi? Nə isə…
Artıq Tramp getdiyinə görə, indi ABŞ mətbuatı Ağ Evin Bayden tərəfindən “təmizlənəcəyindən” yazır. Komikdir. 4 il kimsə bir şey görmədi, görən də bir şey edə bilmədi. Maraqlıdır, indi necə olacaq?
Uilbur Ross, Trampı Epşteynin xahişilə xilas edən adamdır. Ardınca kürəkəni Kuşnerlə yəhudilərin mallarına “çökərək” şirkət qurub birgə yürüyən də o və arxasında olanlardır. Əlaqələr bir ağıl tərəfindən qurulubmuş, sadəcə bir araya gəlmələri üçün zamana ehtiyac var imiş. İndi uzaqdan baxınca, görünən durum budur.
Bayden (Konqresə basqın edənlərə – tərc.) “quldur dəstəsi”, “terrorçular” dedi. Mesajı bu struktura verirdi. Respublikaçı Mitç MakKonnel də Baydenə qatıldı, eyni cizgiyə gəldi. Ancaq qəribə olan bir şey var idi. O da Gislen Maksvellə uzaq olmayan, bənövşəyi rəngdə paltar geyinən, ilk asiyalı vitse-prezident olan Kamala Harris idi.
ABŞ-da amerikanların da bilmədiyi gizli əlaqələr vardır. Və onlar iç-içədir. Co Bayden indi bu strukturla savaşacağını söyləyir. Qlobal miqyasda dünyanın hara gedəcəyi də bu mübarizə nəticəsində bəlli olacaq.
Maqazin xəbərlərilə başlayaraq yola çıxdıq, haralara gəldik. Qəzet və televiziyalardan kənarda olan real dünya budur. Baxaq, görək, nələr baş verəcək…
Tərcümə Strateq.az-ındır