Prezident Ilham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb.
MilliYol.Az-ın məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb.
Müəyyən edilib ki, Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 üzvdən ibarətdir.
SOCAR-ın ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
- SOCAR-ın yenidən təşkili və ləğvi;
- SOCAR-ın Müşahidə Şurasının və icra orqanının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:
-SOCAR-ın nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
- SOCAR-ın illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
- SOCAR-ın dividend siyasətinin təsdiq edilməsi;
- SOCAR-ın qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;
- SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.
Müəyyən edilib ki, SOCAR-ın Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:
- SOCAR-ın uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
- SOCAR-ın xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;
- SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması ilə bağlı ümumi yığıncağa təkliflər vermək;
- aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;
- mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla SOCAR-ın aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
- fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;
- SOCAR-ın korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;
- SOCAR-ın Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, SOCAR-ın nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.
Azərbaycan İnvestisiya Holdinqi:
- SOCAR-ın idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə SOCAR-ın idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etməli;
- beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, SOCAR-ın mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
- Fərmanda nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq SOCAR-ın yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Nazirlər Kabineti:
- SOCAR-ın Müşahidə Şurasının yaradılması ilə əlaqədar onun nizamnaməsinin bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
-bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
***
Prezident Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında da sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Neft Şirkətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib.
Müşahidə Şurasının sədri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Müşahidə Şurasının üzvləri
Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
İsrafil Məmmədov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru
Elnur Soltanov – Azərbaycan Respublikası energetika nazirinin müavini
Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Rövşən Nəcəf – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru