Bioqrafiyası sadəcə “doğru zamanda doğru yerdə” olub deyimini xatırladır. Mühəndis təhsilinə baxmayaraq, uzun müddət bank sahəsində iş tapmağa çalışıb.
Bütün cəhdləri uğursuzluqla nəticələnib. Hətta yaxınlarının ümidləri kəsilib, onu uğursuz hesab etməyə başlayıblar. Konrad Hiltonun uğur hekayəsini təqdim edirik:
Konrad Hilton 1887-ci ilin dekabrın 25-də Nyu-Meksiko ştatında çox uşaqlı ailədə anadan olub. Anası Mari Almaniyadan, atası Avqust isə Norveçdən miqrasiya etmişdi. Atasının San-Antonioda xırdavat dükanı var idi. Ailənin bütün dolanışığını dükan vasitəsiylə təmin edirdi. Hətta uşaqlarının hər birinin öz otağı olan ev də tikmışdı. Lakin 1907-ci ildə yaşanan böhran Avqustun da kiçik biznesini vurur. Mağazanın gəlirləri bir neçə dəfə azalır. Vəziyyət elə kritikləşir ki, ailə ərzağa qənaət etməyə başlayır, evlərinin bir neçə otağını günlük kirayə verirlər. Bu ideyanın ilk olaraq, kimin ağlına gəldiyi bəlli deyil. O məlumdur ki, Hilton ailəsi təmiz otaq, nahar və səhər yeməyi üçün qonaqlardan 1 dollar alırlarmış. Bu, kiçik ailə pansionatı onlara depressiya illərinə tab gətirməyə imkan verir.
Konrad Hilton atasının istəyinə uyğun mühəndis ixtisasını seçir və yüksək təhsil alır. Lakin bu sənət onu heç cəlb etmirdi deyə, uşaqlıqdan arzusunda olduğu bank idarəçiliyi ilə bağlı fikirlərini reallaşdırmağa köklənir. I Dünya Müharibəsi ideyasına mane olur. 1917-ci ildə Konrad könüllü şəkildə orduya gedir. Avropada ikinci dərəcəli leytenant kimi döyüşür. Xidmətdə olduğu bir il müddətində ailəyə ağır itki üz verir. Atası avtoqəza nəticəsində həlak olur. Beləliklə, Konrad müstəqil həyata atılır.
İş həyatı
Məşhur otellər setinin yaradıcısının həyatında ilk cəhdi bank açmaq olur. Bankın fəaliyyəti cəmi bir il çəkir və bu biznes uğursuzluqla nəticələnir. 1919-cu ildə 31 yaşında Sisko şəhərciyinə köçür. Cibindəki 5 min dollarla bank sektorunda bəxtini bir daha sınamağı qərar verir. Amma yerləşdiyi “Mobley” mehmanxanası onun fikrini dəyişir. Obyektdəki xidmət, işçilərin müştərilərlə mehriban davranışı diqqətini çəkir. Özünü otel biznesində sınamağı qərar verir. Dost-tanışdan 15 min dollar borc alıb, 60 otaqlı “Mobley” mehmanxanasını satın alır. Beləlilklə, Konrad Hilton ilk otelinə sahiblənir. Oteldə yenidənqurma işlərinə başlayır, əvvəlcə yataq otaqlarının sayını artırır. Vestübüldə bütün sütunların yanına çox da böyük olmayan vitrinlər qoydurur. Orada bəzək-düzək əşyaları, qəzet, jurnal və s. satdırır. Təkcə bu vitrinlər ona ayda 8000 dollar gəlir gətirir. Bir il sonra Hilton, Fort Bort şəhərində növbəti mehmanxananı və daha iki kiçik mehmanxananı satın alır.1924-cü ildə öz otelini sıfırdan qurmaq üçün Konradın sərəncamında 340 otaq və kifayət qədər pul vardı. Nəhayət, 1925-ci ildə o, Dallasda birinci “Dallas Hilton” otelini açır. Burada nömrələr “Mobley”dən 1.5-3 dollar daha baha olur.
Konradın işləri 1929-cu ilin böhranına qədər yaxşı gedir. Həmin ildə Amerika mehmanxanalarının 80 faizi müflisləşir. Biznesini xilas etmək üçün Konrad bankdan kredit götürür. Bununla belə, 8 otelindən üçünü bağlamaq məcburiyyətində qalır. 1930-cu ildə bütün otellərinin aktivlərini girov qoyaraq bankdan 300 min dollar borc götürür. Amma böhran şəraitində otel biznesi gəlirli olmadığından 1931-ci ildə Konrad, “Hilton Hotels” şirkətini itirir. Konradın bəxti onda gətirir ki, bankın sahibləri – Mudi ailəsi otellərlə nə edəcəyini bilmirlər. Otelləri kimə satacaqlarını bilməyən Mudilər onları elə Konradın özünə təklif edirlər. Onu 18 min dollar maaşla şirkətin idarəçisi təyin edirlər. Məhz bu maliyyə dəstəyinin sayəsində Konrad otellərini geri almağa başlayır. 1934-cü ildə o, üç otelini geri alır və onları ipotek etdirərək 95 min dollar kredit götürür. Zəkası sayəsində Konrad Hilton Amerika tarixinin ən böyük iqtisadi böhranını aşır. Və bütün dünyada öz otel şəbəkəsini qurur.
İkinci Dünya Müharibəsindən sonra iş adamının şirkətinin gəliri fantastik şəkildə yüksəlir. 1949-cu ildə o, Nyu-Yorkun ən dəbli oteli olan “Waldorf-Astoria”nı satın alır. Həmin ildə ilk dəfə Birləşmiş Ştatların sərhədlərindən kənarda 300 otaqlı “Caribe Hilton” otelini açır.1954-cü ildə o, Amerika tarixində ən iri sövdələşməyə imza atır. “Hilton”un ən böyük rəqibi “Statler Hotels” şirkətini 111 milyon dollara satın alır.
1960-cı ildə Konradın artıq 40 oteli var idi. İş adamı bu otelləri bir dam altında toplayaraq “Hilton Hotels Corporation America”nı (HHC) qurur. 1964-cü ildən Hilton şirkətin dondurulmuş aktivlərini bazara çıxarır. Artıq 1967-ci ildə isə dünyada bir çox otelə sahib olan “Hilton Hotels Co. America”nın mərkəzi London seçilir. Digər otellərin bağlı olduğu “Hilton İnternational” yaradılır. Məlumat üçün bildirək ki, “Hotels Corporation America” ABŞ daxilində, “Hilton İnternational” xaricdəki biznesə nəzarət edir. Konrad Hiltonun rəhbərliyi ilə 60-cı illərin sonunda Las-Veqasda ilk otel-kazinoların fəaliyyətinə start verilir. Bu şirkətin tarixində atılmış ən mübahisəli addımlardan biri olur. Amma addım öz bəhrəsini verir. 1987-ci ildə “Hilton Hotels” əsas fəaliyyəti kazino və qumar oyunları ilə bağlı olan “Ladbroke Group”la birləşdirilir. 2007-ci ildə “Blackstone” investisiya qrupu Hilton ailəsindən mehmanxana biznesini 26 milyard dollara satın alır. Bu məbləğin 7.5 milyard dolları borcların ödənməsinə sərf edilir. Hazırda “Hilton” Amerikada “Marriott International Inc”dən sonra ikinci böyük otel şəbəkəsidir. 2014-cü ilin məlumatına görə, “Hilton Hotels & Resorts” dünyanın müxtəlif yerlərində 570 otelə sahibdir. 2010-cü ildə otellərin gəliri 36.162 milyard avro, qazancı 8.162 milyard avro təşkil edib. Məşhur sərmayə fondu “BlackStone” 2007-ci ildə 26 milyard dollar ödəyərək Hilton otellərini aldı. 2013-cü ildə Hiltonun səhmləri satışa çıxarıldı. Bu satışdan şirkət 2,35 milyard dollar gəlir əldə etdi. Bu da bir otelin bu günə qədə səhm satışından əldə etdiyi ən böyük gəlir hesab olunur.
Atasının vəziyyətini dəyişmək üçün 9 il mübarizə aparır
Konrad Hilton 1966-cı ildə 78 yaşında şirkətin idarəçiliyindən gedir. İdarəetməni oğlu Barrona həvalə edir, özü isə aktiv həyat tərzi keçirməyə başlayır. Bütün bioqrafiyasını əks etdirən “Qonağım ol” kitabını yazır. Bu kitab otel sektorunun “İncil”i hesab edilir. 1979-cu ildə o, 91 yaşında ilk otelini tikdirdiyi Dallasda həyata vida edir. Özünün bütün sərvətini “Hilton Foundation” fonduna vəsiyyət edir. Eləcə də, bəzi şeyləri 3 övladı arasında bölüşdürür. Belə ki, Riçard Hilton özünün daşınmaz əmlak şirkətini qurur. Konradın digər oğlu Uilyam Barron Hilton ailənin başçısı olur və işlərə nəzarət edir. 1966-cı ildən Hilton şirkətlərinə rəhbərlik edən Uilyam ailənin hazırkı davamçıları Paris və Niki Hiltonların babasıdır.
Onu da bildirək ki, Konradın “Hilton Foundation” fonduna pul buraxması oğlu Barronun xoşuna gəlmir. O, atasının son istəyini ləğv etdirmək üçün 9 il mübarizə aparır. Nəticədə, varislik hüququnu geri qaytarır. Bu arada Barron ailə bizneslərinin idarəsində atasından geri qalmır. Bir neçə həlledici dəyişikliyə imza atır. Məhz Barronun sayəsində şirkət françayzinq modelinə keçir. 1973-cü ildə “Hilton” adlı sorğu-məlumat sistemi tətbiq edilir.
Oğlu ilə eyni qadını sevir
Konrad Hilton şəxsi həyatında elə də uğur qazanmır. İş adamı ilk dəfə 38 yaşında Mari Barronla ailə qurur. Bu evlilikdən onun üç övladı dünyaya gəlir. Qeyd edək ki, Mari ilə evlilik uzun çəkmir. 1934-cü ildə - böhran dövründə Mari müflis olmuş ərini tərk edir. Konrad Hilton 1942-ci ildə aktrisa Ja Ja Qaborla evlənir. Bər-bəzəyə, paltara milyonlar xərcləyən aktrisa bir müddət sonra K.Hiltonun oğlu Konradla eşq yaşamağa başlayır. Hətta bu münasibətlərə görə, ata Konradın Ja Ja Qabora təcavüz etdiyi deyilir. Zorlama hadisəsinin yadigarı kimi də onların qızları Françeska dunyaya gəlir.1946-cı ildə cütlük boşanır. Konrad ölümündən bir neçə ay əvvəl üçüncü dəfə Meri Frensis Kelli ilə evlənir.
Otellər kralının model nəvəsi
Hazırda ailənin davamçılarından olan Paris Hilton 1981-ci ildə anadan olub və yeniyetmə yaşlarından model kimi fəaliyyət göstərməyə başlayıb. 2003-cü ildə intim video-görüntülərinin yayılması isə Paris Hiltonu daha da məşhurlaşdırdı. Paris Hiltonun bacısı Niki Hilton isə milyonçu “Rotşild”lər nəslindən olan Ceyms Rotşildlə evlidir. Onu da bildirək ki, Konrad Hiltonun nəticələridir. Bacılar müəyyən vaxtlarda müxtəlif bizneslə məşğul olublar. Hazırda isə onlar heç bir işlə məşğul deyillər.
Lakin o bəllidir ki, dünyanın bir çox yerində Hilton ailəsinə məxsus torpaq sahələri, otellər var. Bunlardan ən məşhuru Kosta Rikadakıdır. Ailənin bəzi üzvləri hələ də Norveçdə yaşayır.(Publika.az)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...