Bu həftədən Təhsil Nazirliyinin dəstəyi və “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Yeni çağırışlar” online müzakirə proqramına start veriləcək.
Proqramın təhsilin idarə olunması üzrə mütəxəssis, “T-network”-un koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayılması planlaşdırılır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır.
Proqramın ilk qonağı dünyaca məşhur Khan Academy-nin qurucusu və CEO-su Sal Khan olacaq. Həmin görüş 7 yanvar 2021-ci il saat 19.00-da Təhsil Nazirliyinin “Facebook” səhifəsindən canlı yayımlanacaq.
Sal Khan dünyanın bir nömrəli ali təhsil müəssisəsi sayılan Massaçusets Texnologiya İnstitutunun və Harvard universitetinin məzunudur. O, 2005-ci ildə qurduğu ödənişsiz təlim platforması olan Khan Academy ilə bütün dünyaya səs salıb. Bill Gates, Elon Musk kimi dünya şöhrətli şəxslər onun gördüyü işləri yüksək qiymətləndiriblər.
“Hər kəs üçün, hər yerdə ödənişsiz dünya təhsili vermək” missiyası ilə formalaşan Khan Academy bütün yaşlarda olan insanlar üçün fərdi öyrənmə qaynağıdır. Hər birinin özünəməxsus hekayəsi olan milyonlarla tələbə Khan Academy-də öz tempinə uyğun mənbələrdən yararlanır, qlobal sinifdə müxtəlif fənləri öyrənmək imkanı qazanır. Tədris resursları 40-dan çox dilə tərcümə olunur.
Xüsusi ilə qeyd edək ki, 2017-ci ildən Khan Academy Azərbaycanca rəsmi fəaliyyət göstərir. Leyla Qasımovanın təmsilçiliyi ilə bu günə qədər yazılı məzmundan 9 milyon 800 min söz tərcümə olunub və 2000-ə yaxın video lokallaşdırılıb. Videoların hazırlanması, tədris materiallarının tərcüməsində 500-ə qədər azərbaycanlı könüllü iştirak edir. Khan Academy Azərbaycancaya keçid üçün: https://az.khanacademy.org/
“Yeni çağırışlar” müzakirə proqramına abunə olmaq istəyənlər “T-network” Facebook səhifəsinə (https://www.facebook.com/tnetwork.az/) müraciət edə bilərlər. Abunəlik proqramın irəlidəki buraxılışları haqqında operativ məlumat əldə etmək imkanı verir.