“Bakı Hərrac Mərkəzi” MMC ötən gün MilliYol.Az-da bakupos.az-a istinadən dərc edilmiş "İcbari Sığorta Bürosunda nələr baş verir? - Mənimsənilən milyonlar, hərrac oyunları, korrupsiya... - FAKTLAR" yazıya münasibət bildirib.
MMC-nin Mətbuat xidmətinin məlumatını olduğu kimi təqdim edirik:
"AR Mülki Məcəlləsinin 23.3, 23.6-cı maddələrinin tələblərinə müvafiq olaraq bildiririk ki, son günlər bəzi internet saytlarında ləğv prosesində olan “Standard Insurance” ASC Sığorta Şirkətinə məxsus əmlakların satışı üzrə “Bakı Hərrac Mərkəzi” MMC tərəfindən təşkil edilmiş hərraclarla bağlı qərəzli, qeyri-obyektiv, səthi, həqiqətə uyğun olmayan, daha çox şəxsi qisas və intriqa məqsədi daşıyan şər-böhtan və müəssisənin işgüzar nüfuzuna xələl gətirməyə çalışan, AR Cinayət Məcəlləsinin 147-ci, Mülki Məcəlləsinin 23-cü maddəsi ilə müvafiq məsuliyyət yaradan məlumatlar dərc edilmişdir.
Bununla əlaqədar qeyd etməyi zəruri hesab edirik ki, ləğv prosesində olan “Standard Insurance” ASC Sığorta Şirkətinin ləğvetmə komissiyasının sifarişi ilə “Standard Insurance” ASC Sığorta Şirkətinə məxsus olan bir sıra əmlakların, o cümlədən avtomobillərin açıq hərracdan satışı “Ləğv Prosesində Olan ASC Standard Insurance Sığorta Şirkətinin Əsas Vəsaitlərinin Satışı Üzrə Hərracların Keçirilmə Qaydaları”-nın, Sifarişçi ləğvetmə komissiyası ilə hərracın təşkilatçısı “Bakı Hərrac Mərkəzi” MMC arasında bağlanmış müvafiq əməkdaşlıq müqavilələri, hərracın təşkilatçısının daxili qaydaları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin hərracın təşkili ilə bağlı müddəaları əsasında obyektiv, şəffaf, yüksək rəqabət şəraitində keçirilmişdir.
Hərrac adımı anlayışı ilə beh anlayışının qarışdırıldığı sözügedən qərəzli məqalələrdə hərracın təşkilatçısına və sifarişçiyə hərrac addımının 500 manat müəyyən edilməsi irad tutulmuş, bunun yüksək dəyəri olmayan əmlaklarda bu cür yüksək hərrac addımının təyin edilməsinin hərrac məntiqinə zidd olması, belə yüksək məbləğ iştirakçıların güya iştirak imkanlarının məqsədli şəkildə məhdudlaşdırılmasına, iştirakdan imtina etməsinə hesablandığı iddia olunmuşdur.
Hərrac addımı ilə bağlı qeyd olunan şər-böhtan xarakterli, həqiqətə uyğun olmayan, qərəzli iradlara münasibət bildirirək qeyd etməyi zəruri hesab edirik ki, hərrac adımı hərracdan satışa çıxarılan lot üzrə əmlakın qiymətinin bir dəfəyə artırılma miqdarının minimal həcmidir ki, bu da əmlakın ilkin satış qiymətinin 1%-dən 10%-dək müəyyənləşdirilə bilər. Belə ki, məsələn, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin məzmunundan görünür ki, ipoteka predmeti olan əmlakların açıq hərracında hərrac adımı ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla müəyyən edilmişdir. Hərrac addımının məbləği sifarişçi ləğvetmə komissiyasının hərracların təşkili ilə bağlı qaydalarla tənzimlənmədiyindən onun məbləğinin müəyyən edilməsi hərracın təşkilatçısına həvalə edilmiş, hərracın təşkilatçısı olan “Bakı Hərrac Mərkəzi” MMC-nin daxili qaydalarına əsasən isə hərrac adımının məbləği əmlakın satış qiymətinin 1%-dən 10%-dək müəyyən edilə bilər. Belə olan halda, hərracın təşkilatçısı ilkin satış qiyməti 9900 manat olan əmlak üçün hətta 990 manat hərrac addımı müəyyənləşdirmək diskresion səlahiyyətinə malik olduğu halda orta və yuvarlaq rəqəm kimi 500 manat hərrac addımının müəyyən edilməsinə üstünlük vermişdir. Belə olan halda hərrac təşkilatçısı tərəfindən hərracların təşkili ilə bağlı mövcud qanunvericilik bazasından analoji qaydada istifadə etməklə və hərracların təşkili ilə bağlı təşəkkül tapmış praktikadan çıxış edərək hərrac addımının 500 manat müəyyən edilməsi normaldır.
Eyni zamanda, məqalədə ekspert kimi mövqeyinə müraciət edilmiş Ə.Həsənov bildirmişdir ki, “Digər məsələ 500 manat. Hesab edirəm ki, bu məbləğ çoxdur. Hərrac təşkilatında nə xərc var ki, bu qədər məbləğ lazım ola. 50-100 manat ola bilərdi.”
Qeyd etdiyimiz kimi, hərracın təşkilatçısı tərəfindən müəyyən edilmiş 500 manat hərrac adımı hərracın təşkilatçısına ödənilən vəsait, hərrac təşkilatçısının gəliri və ya xidmət haqqı deyil, hərrac zamanı əmlaka iddiaçı olan iki və daha artıq iştirakçı olduqda əmlakın qiymətinin bir dəfəyə artırılma miqdarının minimal həcmi və onların rəqabətini müəyyən edən meyardır. Kazual izah olaraq bildiririk ki, məsələn, ilkin satış qiyməti 9900 manata açıq hərracdan satışa çıxarılan əmlakı almaq üçün iddialı olan iki və ya daha artıq iştirakçı olduqda, bu zaman hərracın təşkilatçısı onların rəqabətini təmin etmək və qalib alıcını müəyyənləşdirmək məqsədilə növbəti hərrac adımını ataraq əmlakın satış qiymətini 10 400 manata qaldırmalı olur. Bu zaman əmlakın yeni formalaşan qiyməti ilə razılaşan iştirakçı əmlakı alır və qalib olur. Əgər digər iştirakçı (lar) da həmin qiymətlə razılaşsalar bu zaman növbəti 500 manatlıq hərrac addımı atılmış olur.
Maraqlı və paradoksal cəhət ondan ibarətdir ki, məqalədə bir tərəfdən sifarişçi “Standard İnsurance” şirkətinin balansında olan əmlakların rahat qazanc qazanmaq məqsədilə ucuz qiymətə satışını təşkil etməkdə ittiham olunduğu halda, digər tərəfdən hərrac addımının yüksək olması barədə hərrac təşkilatçısına irad bildirilir.
Halbuki, hərrac addımının yüksək olması mahiyyət etibarilə əmlakın daha yüksək qiymətə satılması ilə nəticələnir ki, bu da məqalə müəlifinin sözügedən ittihamını təkzib edir və ləğv prosesində olan sığorta şirkətinin kreditorlarının maraqlarına müvafiqdir.
Həmçinin, məqalədə iddia olunmuşdur ki, güya hərracla bağlı heç bir mətbu orqanda, internet resurslarda elan verilmir.
Bununla əlaqədar qeyd etməyi zəruri hesab edirik ki, ləğv prosesində olan “Standard Insurance” ASC Sığorta Şirkətinin əmlaklarının satışı ilə bağlı təyin edilmiş bütün hərraclarla bağlı məlumatlar hərracın təşkilatçısının rəsmi internet saytında, habelə bu sahədə ixtisaslaşmış populyar KİV-dən “Birja.com” saytında, “Market” qəzetində və digər məlumat mənbələrində vaxtaşırı elanlar dərc edilir və marketinq aparılır.
Məsələn, “Market” qəzetinin 33 (10725), 29 (10721), 37 (10727), 39 (10729), 43 (10733)-cü saylarında ləğv prosesində olan “Standard Insurance” ASC Sığorta Şirkətinin əmlaklarının satışı ilə bağlı təyin edilmiş hərraclarla bağlı müvafiq elanlar dərc edilmişdir. Qəzetin qeyd olunan nömrələrində sözügedən elanlarla tanış olmaq mümkündür.
Məlumat üçün bildiririk ki, keçirilən sözügedən hərracların elanlarının dərc olunduğu qeyd olunan KİV-lərdə, ələxüsus “Market” qəzetində vaxtaşırı digər aparıcı ixtisaslaşdırılmış hərrac təşkilatlarının, o cümlədən “Bakı Hərrac Mərkəzi” MMC-nin məhkəmə qərarlarının icrası ilə bağlı yerli icra qurumları tərəfindən verilən sifarişlər üzrə hərraclarına dair elanlar da dərc olunur.
Eyni zamanda, məqalədə iştirak haqqının məbləğinin müəyyən edilməsi ilə bağlı elanlardakı müvafiq qrafalarda iştirak haqqının “Sifarişçi ilə razılaşma üzrə” formatında qeyd olunmasına irad bildirilib. Bununla bağlı qeyd etməyi zəruri hesab edirik ki, hərrac təşkilatçısının gəliri və xidmət haqqı olan iştirak haqqı ləğvetmə komissiyasının müvafiq qaydaları əsasında deyil, sifarişçi ilə razılaşma üzrə, yəni sifarişçi ilə hərracın təşkilatçısı arasında bağlanmış hərracların təşkili üzrə xidmətlərin göstərilməsinə dair müvafiq müqavilə üzrə müəyyən edilmişdir ki, bu da mülki qanunvericiliyin tələblərinə uyğundur. Başqa sözlə, iştirak haqqı hərracın təşkilatçısı tərəfindən sifarişçi ilə bağlanmış müqavilədə razılaşdırılmış həddə müəyyənləşdirilir. Həmin müqavilənin şərtlərinə əsasən hərrac təşkilatçısının xidmət haqqı olan iştirak haqqı əmlakın ilkin satış qiymətinin 2% həcmində, lakin 500 manatdan artıq olmamaqla müəyyən edilmiş, habelə hərrac başa çatdıqdan sonra hərracın qalibindən başqa digər iştirakçıların ödədikləri iştirak haqqlarının behlə birlikdə onlara qaytarılması nəzərdə tutulmuşdur. Həmin müqaviləni isə müəssisəmizə rəsmi sorğu verildiyi halda təqdim etməyə hazırıq.
Göründüyü kimi, iştirak haqqlarının məbləği sifarişçi tərəfindən deyil, hərracın təşkilatçısı tərəfindən müəyyən edildiyindən məqalədə iddia olunmuş güya “iştirak etmək istəyənlərin R.Əhmədovla qeyri-müəyyən sövdələşmələrə razılaşdırıldıqdan sonra hərraca buraxılacaqları” barədə fikirlər absurd, əsassız və şər-böhtan xarakterli mülahizələrdir.
Eyni zamanda məlumat üçün bildiririk ki, “Standard Insurance” ASC Sığorta Şirkətinə məxsus əmlakların hərracları üzrə həyata keçirilmiş satışlar zamanı ümumi satış dəyəri 51 350 manat olan 5 avtomobil satılmış, hərracın təşkilatçısı “Bakı Hərrac Mərkəzi” MMC isə bu satışlardan iştirak haqqı qismində cəmi 1007 (bir min yeddi) manat gəlir əldə etmişdir.
Yeri gəlmişkən bildiririk ki, məqalədə ucuz sensassiya xatirinə “Açıq görünən hərrac oyunları, mənimsənilən milyonlar”-dan bəhs olunsa da, açıq hərracdan satışa çıxarılan əmlakların cəmi satış qiyməti 51 350 manatdır.
Məqalədə hərrac elanlarında texniki səhv kimi sifarişçi qismində ləğvetmə komissiyasının deyil, “İcbari Sığorta Bürosu”-nun göstərilməsi ilə bağlı mülahizələri ilə əlaqədar bildiririk ki, qeyd olunan məsələ hərracın təşkilinin şəffaflığı, qanunauyğunluğu və rəqabət şəraitinə ümumiyyətlə təsir göstərmir. Belə ki, əmlakı hərracdan almağa iddialı olan iştirakçı üçün sifarişçinin məhz hansı qurum olmasının heç bir ciddi əhəmiyyəti yoxdur. Məlumat üçün bildiririk ki, hərracın təşkili ilə bağlı müqavilə “Bakı Hərrac Mərkəzi” MMC ilə ləğvetmə komissiyası arasında bağlanmış, sifarişlər İcbari Sığorta Bürosu tərəfindən deyil, ləğvetmə komissiyası tərəfindən verilmişdir.
Məqalədə əmlakların qiymətlərinin güya bazar təcrübəsi olmayan, lakin R.Əhmədova bağlılığı ilə seçilən qiymətləndirmə şirkəti tərəfindən həyata keçirilməsinə dair şər-böhtan xarakterli iddialarla bağlı qeyd etməyi zəruri hesab edirik ki, əmlaklar qiymətləndirmə xidməti bazarında kifayət qədər tanınmış və zəngin qiymətləndirmə təcrübəsi olan, habelə məhkəmələrin və yerli icra qurumlarının, eləcə də müxtəlif dövlət qurumlarının qiymətləndirmə sifarişlərini icra edən “Bakı Qiymətləndirmə Mərkəzi” MMC tərəfindən mövcud bazar qiymətləri, iqtisadi konyunktura, avtomobillərin texniki servis hesabatları və digər məlumat mənbələri əsasında “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanununun, “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarının müddəalarına, Beynəlxalq qiymətləndirmə standartlarına əsasən həyata keçirilmişdir.
Bir daha qeyd etməyi zəruri hesab edirik ki, “Bakı Hərrac Mərkəzi” MMC ilə ləğvetmə komissiyası arasında hərracların təşkili ilə bağlı əməkdaşlıq müddəti ərzində ləğvetmə komissiyasının sədri Rəşad Əhmədov mütəmadi olaraq hərracların obyektiv, şəffaf, açıq rəqabət şəraitində və qanuni şəkildə keçirilməsinə şəxsən və ləğvetmə komissiyasının digər üzvləri vasitləsilə nəzarət etmiş, prosesi yaxından izləmiş, daim irad və təkliflərini, mülahizələrini bölüşmüşdür.
Bir daha qeyd edirik ki, sözügedən məqalədə qeyd olunan xüsusatlar böhtandır, həqiqəyəuyğun deyil, qərəzlidir, qeyri-obyektivdir və həmin əməllər müəssisəmizə qarşı davam etdirildiyi təqdirdə tərəfimizdən aidiyyəti üzrə məhkəmədə AR Mülki Məcəlləsinin 23-cü maddəsinin tələblərinə müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia, habelə AR CM-in 147-ci maddəsinə müvafiq olaraq xüsusi ittiham qaydasında müraciət ediləcəkdir".