Naxçıvan dəhlizi “Bir Kəmər, Bir Yol” layihəsinin önəmli keçid xətlərindən birinə çevrilə bilər və əslində elə bu məqsəd üçün də nəzərdə tutulur. Onu da bildirmişdik ki, bu təşəbbüsün əsas maraqlı tərəfi Türkiyə və Çindir. Rusiya isə “gördüyündən göz payı” istəyən regional “qabadayı” kimi özünə aid olmayan coğrafiyaya hərbi müdaxilə edib Mehri bölgəsini strateji müttəfiqi Ermənistanda saxlamağa nail oldu. Maraqlı tərəfləri razı salmaq üçün isə onlara öz nəzarətində dəhliz verməklə məsələni yoluna qoydu.
Bu məntiqdən doğan nəticəyə əsasən söyləmək olar ki, son Qarabağ döyüşlərinin başlıca hədəfləri arasında təkcə Şuşaya və indiki Ermənistan sərhədlərinə qədər irəliləmək yox, Dağlıq Qarabağın tamamı ilə yanaşı, Zəngəzur bölgəsini də işğaldan azad etmək planı vardı. Baxmayaraq ki, Azərbaycanın özü sözügedən böyük plana tam hazır deyildi və bu, Prezident İlham Əliyevin çıxışlarında tam çılpaqlığı ilə nəzərə çarpırdı. Ölkə başçısı dəfələrlə xalqa və beynəlxalq aləmə müraciətlərində ATƏT-in Minsk qrupunun həll yolu kimi təqdim etdiyi Madrid prinsiplərinə sadiq qaldığını, 7 rayon və üstəgəl Şuşanı işğaldan azad etməklə işini tamamlayacağını gizlətmir, açıq şəkildə dilə gətirirdi. Araşdırmalarımızın irəliləyən hissələrində bunun səbəbləri və rəsmi Bakını haqlı olaraq narahat edən əsl təhdidin nədən ibarət olduğu üzərində dayanacağıq. Hələlik isə onu deməklə kifayətlənirik ki, Şuşa işğaldan azad edildikdən sonra Rusiya dərhal müdaxilə edib Vətən müharibəsini yarımçıq saxladı, Naxçıvan dəhlizini açmaq vədiylə Türkiyəyə və “Bir Kəmər, Bir Yol” layihəsini həyata keçirmək istəyən beynəlxalq qüvvələrə onların geosiyasi maraqlarına uyğun şirnikləşdirici təkliflər verdi. Bununla da Naxçıvan dəhlizinin əsas təminatçısı kimi çıxış etdi.
Zəngəzurun Azərbaycan ərazisinə geri qaytarılmasının beynəlxalq tələb doğrultusunda, sonuncu Dağlıq Qarabağ müharibəsinin əsas hədəflərindən biri olmasını İran dini liderinin savaşın son günlərində verdiyi bəyanatdakı bəzi məqamlar da təsdiqləyir. Xatırlayırsınızsa, Ayətullah Əli Xamenei həmin bəyanatında İranın qırmızı cizgilərindən birinin Azərbaycan-Ermənistan sərhədlərinin dəyişilməməsi olduğunu bildirmişdi. Halbuki əslən azərbaycanlı olan hörmətli Ayətullahın özü də yaxşı bilir ki, Ermənistanın digər əraziləri kimi, Zəngəzur da Azərbaycandan qəsb olunmuş torpaq sahəsidir və ölkəmizin ərazi bütövlüyünə vurulmuş ən böyük zərbədir. Buna rəğmən, İranın öz dindaşını qoyub ermənipərəst mövqe sərgiləməsi onsuz da əvvəl-axır reallaşması qaçılmaz olan hədəfimizin qarşısını kəsməyə xidmət edirdi. Mövzu barədə fikirlərimizi sonrakı bölümlərə saxlayaraq, hələlik aşağıdakı suala cavab axtarmağa çalışaq:
Rusiya öz qonşuluğunda yerləşməyən, dolayısıyla onun üçün heç bir təhdid meydana gətirməyən Zəngəzurda nə axtarır? Niyə tarixi ədalətin bərpa olunmasına imkan vermir?
Zənnimizcə, bu sualın cavabını tablonun ümumi mənzərəsini gözdən keçirmədən tapmaq mümkün deyil. Odur ki, gəlin, ilk öncə Çin-Rusiya münasibətlərinə və bu münasibətlər konteksində “Bir Kəmər, Bir Yol” layihəsinin bəzi ayrıntılarına nəzər salaq.
Bəlli olduğu kimi, bir zamanların iki müttəfiq sosialist ölkəsi – SSRİ və Çin Soyuq savaşdan fərqli durumlarla ayrıldı. İqtisadi cəhətdən çökən SSRİ dağıldı, Çin isə özünü yeniləşdirərək gücləndi. Beləcə, əhalisinin sayına görə ciddi ərazi problemi yaşayan Çinin qarşısında böyük torpaq sahələri, təbii yeraltı sərvətlər, iqtisadi əməkdaşlıqlar üçün tərəfdaşlar, dünyaya açılmaq üçün tranzit yolları sıralandı. İqtisadi cəhətdən hər il 10% böyümə sürəti ilə güclənən Çin bu fürsətdən yararlanaraq dünya nəhənginə, 2010-cu ildən sonra isə super gücə çevrilmək imkanı qazandı. Bu isə ən çox Rusiyanın maraqlarını təhdid edirdi. Zira göz dikilən coğrafiya yüz illər boyu rus imperiyasının tərkibinə daxil olan ərazilər idi.
Məsələni daha da qəlizləşdirən məqam da vardı. Bu da ondan ibarət idi ki, dünyanın aparıcı dövlətləri, xüsusilə də ABŞ hər iki dövlətin inkişafını özünə təhdid olaraq görürdü. Obama hakimiyyəti illərinə qədər ABŞ-ın əsas düşmən kimi baxdığı qüvvə Rusiya idi. Nüvə gücü baxımdan ABŞ-dan heç də geri qalmayan bu ölkə həm də özünü post-sovet məkanının nizamlayıcı qüvvəsi kimi aparır, dünya güclərini həmin ərazilərə buraxmırdı. Xüsusilə 2011-ci ildə Gömrük birliyi və Avrasiya İqtisadi İttifaqı yaradılması təklifini irəli sürən Moskva region üzərində iqtisadi rəqabətdə imtiyazlı mövqe qazanır, Qərb dövlətlərinin önündə isə süni maneələr yaradırdı: Gömrük Birliyi digər dövlətlərdən post-sovet məkanlarına tətbiq etmədiyi rüsum istəyir və bu rüsumlar həmin coğrafiyanın bazarlarında “özgə ölkə”nin sənaye mallarının maya dəyərini yüksəldirdi.
Təxminən eyni zamanlarda Çin də “Bir Kəmər, Bir Yol” layihəsini ortaya atmışdı. “Bir Kəmər, Bir Yol” layihəsinin də mühüm fəaliyyət sahələrindən biri eyni ərazilərdi – Orta Asiya, Cənubi Qafqaz və s. Çinin təklifləri bu coğrafiyanın xüsusilə elit kəsimi üçün daha cazibədar gəlirdi. Pekin Moskvadan fərqli olaraq, tərəfdaşlarından, ən azı ilk baxışdan, təbəəçilik tələb etmir, paritet əsaslı əməkdaşlığa üstünlük verirdi.
Ayrıca, bunun üçün bəzən vəsait ayrılan sektorun real dəyərindən qat-qat artıq kreditlər təklif edirdi. Məsələn, hesablamalara görə, Çinin Orta Asiyaya yatırdığı investisiyaların 30%-i, Pakistana ayrıdığı vəsaitin isə 80%-i riskli kreditlərdir və batmaması möcuzə olardı. Bəzi ekspertlər məhz bu baxımdan heç bir iqtisadi səbəblə açıqlana bilməyən həmin kreditləri “borc tələsi” olduğuna inanırlar. Onların fikrincə, istənilən sahəyə dəyərindən artıq kredit verilməsi həmin ölkələri Çinə borclu salır və bunu ödəməyəndə isə kompensasiya əvəzinə öz torpaqlarını verirlər. Bir növ, istənilən dövlət üçün maddi qarşılığı olmayan ərazilər pulla satın alınırdı.
Çinin ayaq basdığı yeni ərazilərdə Sərbəst Ticarət Bölgələri yaratmağa çalışması da Rusiyanı narahat edən başlıca amillərdir. Rusiya Çinin bu siyasətlə məhsullarını vergilərdən azad etməsini, nəticədə Orta Asiya bazarlarını ələ keçirə biləcəyini düşünüb 2011-ci ildə Gömrük Birliyi təklifi irəli sürdü və bunu əksər post-sovet ölkələrinə qəbul etdirdi. Dolayısıyla ABŞ və Qərb ölkələri ilə yanaşı Çinin də quyruğunu tapdaladı. Məhz həmin ərəfədə – 2011-ci ildə ABŞ Dövlət Departamentinin sədri Hillari Klinton “Foreign Policy” dərgisində “Amerikanın Pasifik Əsri” məqaləsiylə çıxış etdi. Dövlət katibi məqaləsində ABŞ-ın bundan sonra xarici siyasətdə maraq dairəsini mərkəzini Yaxın Şərqdən Orta Asiyaya daşıyacağını bildirdi və bölgədə Rusiya və Çinlə rəqabət aparacağını gizlətmədi. Beləcə Orta Asiya 3 nəhəngin geosiyasi mübarizə sahəsinə çevrildi. Hazırda bu mübarizədə Rusiya öz hərbi-siyasi və əhali üzərindəki keçmiş nostalgiyalara söykənən yumşaq güclərindən təzyiq vasitəsi kimi istifadə edərək “özgələri” arxa bağçasına buraxmaq istəmir, Çin isə iqtisadi həvəsləndirmə yolu ilə bölgə üzərində hegemoniyasını qurmağa səy göstərir. ABŞ da öz növbəsində bu iki rəqibindən bir-birinə qarşı tarazlayıcı faktor kimi faydalanır.
Maraqlıdır ki, region ölkələri də eyni qaydada Çindən Rusiyaya, Rusiyadan Çinə, hər ikisindən ABŞ-a qarşı tarazlayıcı alət kimi istifadə edir. Nəticədə Çinlə Rusiya arasında bölgəyə nəzarət uğrunda gedən mübarizədə ABŞ-ın istədiyi tıxanmanın yarandığını belə, söyləmək mümkündür. Faktiki olaraq, “Bir Kəmər, Bir Yol” layihəsinin şimal qütbündə Rusiyanın Gömrük Birliyi və Avrasiya İttifaqı əngəliylə qarşılaşan Çin bu istiqamətdə öz hədəfinə ağır addımlarla irəliləyir.
Bununla belə, Pekin Orta Asiyaya və Cənubi Qafqaza iqtisadi investisiyalar yatırmaqdan da çəkinmir, bölgəni iqtisadi cəhətdən özünə bağlamağın yollarını axtarır. Sözsüz ki, bu sahədə onun Moskvanı çox-çox geridə qoya biləcək qüdrəti var və bu avantajından comərdcəsinə yararlanır. Məlumata görə, hələ 4 il bundan əvvəl Çin Orta Asiyanın 5 ölkəsinə (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan) 30 milyard dollarlıq investisiya qoymuşdu. Rusiyanın həmin ölkələrə investisiyası isə 18 milyardda qalmışdı. Son 4 ildə Rusiyanın iqtisadi cəhətdən daha da zəiflədiyini və Çinin böyüdüyünü nəzərə alsaq, bu fərqin daha da artdığını anlaya bilərik.
Xüsusilə 2020-ci ilin Rusiya iqtisadiyyatı üçün fəlakətli keçdiyini hesaba qatsaq, Moskva üçün bu rəqabət uğursuz finala doğru irəliləyir. Rusiya Milli Tədqiqatlar İnstutunun Ali İqtisadiyyat Məktəbinin hesablamalarına görə, bu il ölkənin neft və qaz sənayesi rekord səviyyədə zəifləyib. İlin ilk 3 rübbündə bu sektordan gələn qazanc 36% azalıb. İl ərzində ölkəyə neft və qaz satışından cəmi 6 trilyon rubl (hardasa 80 milyard dollar) gəlib ki, bu rəqəm bir neçə il əvvəl Rusiyanın hərbi büdcəsi qədərdir. Hesablamalara görə, neft və qaz gəlirləri Rusiya büdcəsinin 1/3-ni ancaq təmin edir. Gəlirləri xeyli azalan ölkənin bundan sonra Orta Asiyada Çinlə effektli rəqabət aparacağı inandırıcı görünmür. Üstəlik, özü Çin kapitalına möhtac olduğu bir zamanda. Bir də gələn aydan ABŞ-da antirus təfəkkürlü Co Baydenin hakimiyyətə gələcəyini nəzərə alsaq, Rusiyanın işi, loru desək, fırıqdır.
Moskvanın belə ağır zamanında Çin öz iqtisadi avantajları və regiona təklif etdiyi daha səmərəli tərəfdaşlıq şərtləri ilə Orta Asiya üzərində nəzarətini gücləndirməklə qalmır, Qafqaza da xüsusi diqqət ayırır. Ötən yazıda da qeyd etdiyimiz kimi, ötən il prezident İlham Əliyevin Çinə səfəri zamanı bağlanan müqaviləyə əsasən bu ölkənin şirkətləri Azərbaycana hardasa 1 milyard dollar həcmində investisiya qoymaq niyyətindədirlər. Bu investisiya, düşünüldüyü kimi, təkcə yol tikintisinə də qoyulmayacaq. Azərbaycanda yüngül sənayenin inkişafı da Çinin əsas hədəflərindən biridir. Təsadüfi deyil ki, ötən il imzalanan müqaviləyə əsasən, Çin dövlət şirkətləri Quba, Göyçay və Xaçmaz rayonlarında yeni sənaye parkları inşa edəcək, Kürdəmirdə aqro-sənaye kompleksi (300 hektar) və Sumqayıt şəhərində yeni kimya-sənaye parkının inşasını həyata keçirəcək.
Pekinin tərəfdaşı olduğu bölgələrdə bir çox sahələrin inkişafına investisiya yatırması, əlbəttə, “özgə”lərin qara gözünə aşiq olmasından irəli gəlmir. Tərəfdaşların iqtisadi inkişafı Çinin həm də öz layihələrinin və ölkənin təhülkəsizlik tədbirləri ilə bağlıdır. Pekin yaxşı başa düşür ki, ətrafındakı və ya “Bir Kəmər, Bir Yol” layihəsində iştirak edən ölkələrdə stabillik olmasa, bundan əziyyət çəkənlərdən biri, hətta birincisi onun özü olacaq. Ekspertlərin fikrincə, Pekinin Tacikistan, Qırğıstan Myanmar və s. kimi ölkələrə yatırdığı investisiyaların hədəfi iqtisadi yox, təhlükəsizlik maraqlarından irəli gəlir. Çünki ətrafdakı yanğının Çinə sıçraması ehtimalı var olduqca, tarix boyu ehtiyatı əldən verməməsi ilə fərqlənən ənənəvi Pekin siyasəti bölgəyə yatırdığı investisiyaların taleyinə bel bağlaya bilməz.
Pekinin Cənubi Qafqaz yatırımlarına gəlincə, ölkənin ən çox Gürcüstana və Azərbaycana pul xərclədiyi bəllidir. Bunun səbəbi hər iki ölkənin “Yeni İpək yolu” xətti üzərində yerləşməsidir. Tranzit layihələrindən birinə görə, Xəzər dəniziylə Azərbaycana nəql olunan mallar Gürcüstana, ordan isə Qara dəniz üzərindən Avropaya nəql olunacaq. Digər bir plan isə yüklərin Naxçıvan dəhlizi ilə Türkiyəyə daşınmasıdır.
Sual oluna bilər: bir halda ki, Bakı-Tbilisi-Avropa xətti var, Çin niyə ikinci xəttə önəm verir?
Zənnimizcə, bu da Pekinin təhlükəsizlik qayğlarından qaynaqlanır. Bunun bir səbəbi Gürcüstanın rahatlıqla ABŞ təsir dairəsinə düşmək ehtimalıdırsa, digəri Türkiyənin daha faydalı müttəfiq kimi dərk olunmasıdır. Özü də təkcə Cənubi Qafqazda yox, həm də Orta Asiyada.
Türkiyənin “Bir Kəmər, Bir Yol” layihəsində strateji əhəmiyyəti barədə gələn yazımızda bəhs edəcəyik.
Heydər Oğuz,
Ovqat.com