Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri arasında dava düşüb.
Bununla bağlı Qaynarinfo-nu məlumatlandıran mənbənin sözlərinə görə, dekabrın 21-də axşam saatlarında yaşanan hadisəyə pul üstündə yaranan mübahisə səbəb olub.
Hadisə zamanı Qəriblər Meşəbəyliyinin meşəbəyisi Sədrəddin Abbasov ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Masallı rayonun hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqata başlayıb.
Məlumatda iddia olunur ki, Sədrəddin Abbasova ağır xəsarət yetirənlərdən biri də Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin baş mühafizə mühəndisi Abuturab Bağırov olub. Hadisədən bir gün sonra Abuturab Bağırovun dindirildiyi bildirilir.
Dava ən çox ağac kəsilməsi faktının olduğu Qəriblər Meşəbəyliyinin 8 saylı meşə dolayında baş verib.
Hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
DİN-in mətbuat xidmətinindən Qaynarinfo-ya verilən açıqlamada isə bildirilib ki, hadisə ilə bağlı Masallı rayon Polis Şöbəsində araşdırmalar başlanılıb:
"Ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".