Bakı Nəqliyyat Agentliyi dayanacaq pavilyonlarında müvafiq işlərin görülməsi məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması üzrə müsabiqəyə yekun vurub.
Qaynarinfo xəbər verir ki, 530 min 421 manat 80 qəpik dəyərində olan satınalmanı BNA-nın “sevimli” şirkəti hesab olunan “MG Construction” MMC qazanıb.
Tenderin şərtlərində bildirilir ki, “MG Construction” 497 ədəd şüşə, 126 ədəd reklam panosunun tənzimləyicisi, 434 ədəd reklam panosunun işığı, 3823 ədəd şüşə tutqacı, 64 ədəd işıqlayıcı plastik lövhə və 56 ədəd dam örtüyünün plastik lövhəsi alıb, dayanacaqlarda quraşdıracaq.
Qeyd edək ki, 2018-ci ildə qeydiyyata alınan “MG Construction” MMC ötən ildən başlayaraq BNA-nın tenderlərini qazanmağa başlayıb. Şirkət indiyə qədər BNA-dan 4 tender qazanıb.
Ötən il “MG Construction”un qazandığı 920 min manat məbləğində olan tenderdə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdırmalı idi – yəni, bir yol nişanı BNA-ya 1840 manata (1082 ABŞ dolları) başa gəlmişdi…
pia.az