İkinci Qarabağ müharibəsi qazisi, Zərdab rayon Aşağı Seyidlər kənd sakini Mikayılov Rahib Mahmud oğlu Avropa.info-ya müraciət edib.
1991-ci il təvəllüdlü Rahib Mikayılov müraciətində Vətən Müharibəsində iştirak etdiyini və döyüşlərin birində yaralandığını bildirib:
"29 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsi tərəfindən orduya çağırılaraq İkinci Qarabağ müharibəsində iştirak etmişəm. 23 oktyabr 2020-ci il tarixdə Cəbrayıl-Qubadlı istiqamətlərində gedən şiddətli döyüşlərdə mərmi partlayışı nəticəsində yaralanmışam. Ailəliyəm. Ailəmdə azyaşlı uşaq olmasını nəzərə alaraq Aşağı Seyidlər kəndində inşa etdiyi fərdi yaşayış evinə qaz çəkilişi məqsədilə Tərtər Regional Qaz İstismar İdarəsinin Zərdab Xidmət Sahəsinə müraciət etdim.
Lakin müraciətimə müsbət yanaşılmadı. Qeyd olunan məsələ ilə bağlı 18 dekabr 2020-ci il tarixdə Rayon İcra Hakimiyyəti başçısı, cənab Mərdan Camalovun qəbulunda oldum və müraciətim müsbət həll olundu. Mənə qəbul zamanı böyük diqqət ayırdığına və müraciətimə həssaslıqla yanaşdığına görə Rayon İcra Hakimiyyətinin başçısı, cənab Mərdan Camalova öz minnətdarlığımı bildirirəm", deyə Qarabağ qazisi müraciətində qeyd edib.