“BMT, habelə ABŞ, Fransa və Rusiyanın həmsədri olduqları ATƏT-in Minsk qrupu 30 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində heç bir iş görmədilər”.
MilliYol.az-ın “haber7.com”a istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, ölkəsi bu məsələdə Azərbaycana lazımi dəstəyi verib: “Azərbaycan işğal edilmiş ərazilərini özü azad etdi. 8 noyabrda Şuşanın azad edildiyi günü “Zəfər Günü” elan etdilər. Digər tərəfdən, bu oyanış hərəkatı oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha geniş əməkdaşlığın təməli qoyuldu”.
Bu yaxınlarda Dağlıq Qarabağda ermənilərin atəşkəsi pozmasına da münasibət bildirən müdafiə nazirinin sözlərinə görə, Azərbaycan qarşı tərəfə lazımi cavabı verib.
O qeyd edib ki, təhsil-təlim çərçivəsində Türkiyənin Azərbaycanla əməkdaşlığı daha geniş və əhatəli olacaq.
Türkiyədə minlərlə azərbaycanlı zabitin təhsil aldığını bildirən H. Akar Türkiyə və Azərbaycanın müdafiə sənayesi üzrə əməkdaşlığının əhəmiyyətini də vurğulayıb.