Azərbaycanda istənilən an devalvasiya baş verə bilər.
MilliYol.Az xəbər verir ki, bu sözləri iqtisadçı Qaşqay İsmayıl bildirib.
Onun sözlərinə görə, cari ilin 9 ayı ərzinddə ölkənin tədiyyə balansında yaranan 1.8 milyard dollarlıq kəsir manatın məzənnəsi üçün narahatlıqlar yaradıb:
"Bu ilin 9 ayı ərzində ölkənin tədiyyə balansında yaranmış 1.8 mlyard dollarlıq kəsirlə bağlı bəzi məqamlar diqqəti cəlb edir.
Qeyd edək ki, ilin ilk 3 ayı ərzində Azərbaycanın neft gəlirləri heç də az olmayıb, üstəlik AÇQ yatağına görə ödənilən bonus da ilin əvvəlində ölkəyə cəlb edilib. Eləcə də pandemiya səbəbindən ölkədə iqtisadi durğunluq pik həddə çatdığından, idxalda da ciddi azalma baş verib. Mart ayı istisna olmaqla, hökumət dollar satışını da nəzarət altına salaraq, minimum həddə endirib. Bu amilləri nəzərə aldıqda, 1.8 milyard dollarlıq kəsir, kifayət qədər ciddi rəqəmdir. Belə olduqda, müharibə səbəbindən ikinci plana keçmiş devalvasiya təhlükəsi yenidən aktuallaşır.
Hökumət böyük məmnuniyyətlə ölkənin valyuta ehtiyatlarını manatın sabitliyi naminə qurban vermək, beləliklə də süni stabilliyi davam etdirmək istəyərdi, amma belə görünür ki, həmin valyuta ehtiyatları əlçatan deyil, ölkəyə daxil olan valyuta isə balansı qorumağa kifayət etmir.
Devalvasiya ilk növbədə siyasi qərar olduğundan, onun nə vaxt veriləcəyini təyin etmək mümkün deyil. Biz yalnız növbəti devalvasiya üçün zəruri olan bütün şərtlərin artıq yetişdiyini və istənilən an baş verə biləcəyini deyə bilərik”.