Meydan TV Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” proqramının çəkilişlərindən birinin görüntüsünü əldə edib.
Həmin görüntülər proqramın ATV kanalında yayımlandığı dövrdə baş verənlərdir. Görüntülərdən belə bəlli olur ki, verilişin çəkilişi zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə edilir. Bu zaman efirə çıxarılacaq “qəhrəmanlar” başqa formada təqdim olunur və tamaşaçı aldadılır.
Hətta efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim “qəhrəman”ı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir.
Verilişin aparıcısı və müəllifi Xoşqədəm Hidayətqızı isə deyib ki, telekanal rəhbərliyinin icazəsi olmadan heç bir iş görməyib:
"Açığı bilmirəm söhbət hansı görüntülərdən gedir. Çünki mən o görüntüləri görməmişəm. Amma istəyirəm biləsiz ki, ATV-də işlədiyim dönəmdə hansı addımlar atmışamsa, hansı işlər görmüşəmsə, hər birindən rəhbərliyin xəbəri var. Ümumiyyətlə, rəhbərliyin izni olmadan mən heç bir addım ata bilmərəm".
Məlumat üçün deyək ki, Xoşqədəm Hidayətqızı ATV-ni tərk etdikdən sonra veriliş ətrafında qalmaqal yaşanmışdı.
Telekanalın rəhbəri Vüqar Qaradağlı layihənin ATV-yə məxsus olduğunu deyirdi. Ancaq Xoşqədəm Hidayətqızı mətbuat konfransı keçirərək, layihənin müəllifi olduğunu, Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçdiyini bildirmişdi.
“Səni axtarıram” layihəsi 2014-cü ilin ortalarında ATV-də yayımını dayandırdı. Bundan sonra veriliş ANS-də işıq üzü gördü. Hazırda isə "Xəzər" TV-də yayımlanır.
Milli Televiziya və Radio Şurası (MTRŞ) teleaparıcı Xoşqədəm Hidayətqızının vaxtilə ATV-də yayımlanan “Səni axtarıram” verilişi ilə bağlı qalmaqala münasibət bildirib.
MTRŞ-nın sədr müavini Qafar Cəbiyev AzVision.az-a deyib ki, MTRŞ efirdə getməyən materiallara cavabdeh deyil.
“Orada efirdə getməyən məqamlar qeyd olunur. Milli Televiziya və Radio Şurası efirə cavabdehdir. Efirdə getməyən materiallar bizlik deyil. Biz Milli Televiziya və Radio Şurası olaraq efirin monitorinqini aparırıq, efirlə bağlı siyasəti müəyyən edirik. Bunlar efirdə baş verməyən şeylərdir və efirə aidiyyatı yoxdur”.
MilliYol.Az
Digər xəbərlər
loading...