"Biz müharibə dövründə Ermənistan ordusunu demək olar ki, məhv etdik. Mən müharibə dövründə müntəzəm olaraq düşmənin hərbi texnikasının məhv edilməsi ilə bağlı Azərbaycan xalqına məlumat verirdim. Artıq müharibə başa çatıb və bölgədə yeni dövr başlayır. Amma istərdim ki, Azərbaycan xalqına məlumat verim. Biz müharibə dövründə Ermənistan ordusunu necə məhv etmişik və nəyə görə Ermənistan baş naziri o alçaldıcı kapitulyasiya aktına imzasını qoydu".
MilliYol.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı deyib:
"Məhv edilmiş Ermənistan ordusunun texnikaları:
Tank əleyhinə vasitələr - 53 dənə, “Smerç” - dörd dənə, “Qrad” - 97 dənə, “Uraqan” - 2, “YARS” - 1, TOS odsaçan - 1, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası məhv edildi. “Oborona” radiolokasiya stansiyası - 1 dənə, “TOR” zenit-raket kompleksi - 5 dənə, “Osa” zenit-raket kompleksi - 40 dənə, “KUB” zenit-raket kompleksi - 4 dənə, “KRUQ” zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, “S-125” zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, “Elbrus” əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, “Toçka-U” raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, “R-142” komanda qərargah maşını - 2 dənə, “Nebo-M” radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, “Reppelent” radio-texniki maneə vasitəsi - 4 dənə.
Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları:
Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.
Bunlar deməyə əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində yaradılırdı. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir. İndi mütəxəssislər getsinlər hesablasınlar, sadaladığım bu texnikanın qiyməti bəlkə də bir neçə milyarddır. Bəziləri deyirlər ki, 3 milyarddan çox, bəziləri daha çox. İndi hesablayarlar. Haradandır bu kasıb ölkədə bu qədər pul? Ermənistanın xarici dövlət borcu 8 milyard dollardır. Valyuta ehtiyatları təqribən 1 milyardın üstündədir. Bu ölkə borc içindədir. Xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizini təşkil edir. Bu ölkədə indi bütün iqtisadiyyat məhv olub gedir. Müharibədən sonra milli valyuta kəllə-mayallaq getdi. Haradandır bu? Bu, bankrotdur. Bu, iflasa uğramış ölkədir. Bu qədər pulu haradan ödəyib? Bir də ki, göstərsin görüm, bu pulköçürmələrini necə həyata keçirib. Biz beynəlxalq qurumlara da müraciət edəcəyik, desinlər bizə, hansı kontraktlar əsasında bu pullar ödənilib. Ödənilibmi? Ödənilməyibsə, deməli, pulsuz alıb. Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik. Yoxdur Ermənistan ordusu, yoxdur. İndi onlar canlı qüvvəsinin də məhv edilməsi ilə bağlı saxta rəqəmlər verirlər. Bizdə məlumat var. Lazım olanda biz o məlumatı səsləndirəcəyik, işğalçı dövlət nə qədər canlı qüvvə itirib. Biz məhv etmişik Ermənistan ordusunu. Məhz buna görə məcbur olub, diz çöküb bizim qabağımızda və kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır".