Yeni başa çatan 2015/2016 mövsümündə Azərbaycan Super Liqasında və CEV kubokunda “Azəryol”la yarımfinala yüksələn almaniyalı voleybolçu Marin Apitz vətənində müsahibə verib. Drezdendə dincələn 29 toppaylayıcı Azərbaycan karyerası və gələcək planlarından danışıb.
- Artıq 2 ildi Almaniyadan kənarda oynayırsız. Fransanın “Kann” klubundan sonra “Azəryol”da çıxış etdiz. Azərbaycana gedişinizin səbəbi nə idi?
- Heç kim üçün sirr deyil ki, Azərbaycandan olan təklif sərfəlidi. Lakin mən eyni zamanda, onu da bilirdim ki, orada çempionat çox güclü və nüfuzludu. Azərbaycanda uğur qazanmaq üçün bacarığını tam ortaya qoymaq lazımdı. Mövsümü bir məşqçisi ilə başlayıb, onun köməkçisi ilə başa vurduq.
- Bu komandada ilk mövsümünüzü keçirməyinizə baxmayaraq, kapitan sarğısını daşıdız. Bunun sizə etibar olunmasını necə qarşıladız?
- Bu mənim üçün də sürpriz oldu. Vəzifələrimdən biri də bütün oyunçulara zəng vurub, onları bir yerə toplamaq idi. Məğlubiyyətlərdən sonra onlara söhbətləşmək də mənim üzərimə düşürdü.
- Komandanız yarımfinala yüksəlsə də, mükafatçılar sırasına düşə bilmədi. Nəticəni nə dərəcədə uğurlu hesab edirsiz?
- Azərbaycan çempionatında 4-cü yer o qədər də yüksək nəticə hesab olunmur. Lakin klubumuz üçün belə bir nəticə vacib idi. Biz bununla avrokuboka vəsiqə qazandıq. Tamaşaçı marağına gəlincə, əksər matçlarımıza 50-yə yaxın izləyici gəlirdi.
- Bakıda asudə vaxtlarınızı necə keçirirdiz?
- Axşamlar mənim üçün darıxdırıcı olurdu. Hündürmərtəbəli binada mənzilimdə tək olduğumdan ev də mənə soyuq görünürdü. Bu üzdən ötən ilin oktyabrından qiyabi təhsil almağa başladım. Bununla başımı qatırdım.
- “Kann” klubunu da saysaq, 2 illik legioner həyatında qazancınız nə oldu?
- Bu təcrübə mənim üçün çox vacib idi. Həm insan, həm də voleybolçu kimi bu yolu keçməliydim. Artıq bilirəm ki, hər bir əcnəbi oyunçu üçün evindən uzaqda xüsusi mənzil və internet nə dərəcədə önəmlidi. İndi evimə qayıdıb, öz ailəmin yanında olmaqdan məmnunam.
- Voleybolçu kimi gələcək karyeranızı necə görürsüz?
- Mən o adamlardan deyiləm ki, bu yaşımda ölkədən-ölkəyə gəzim. Pul heç də hər şey deyil. Heç kim üçün sirr deyil ki, hazırda sabiq komandam “Dresdner”lə danışıqlar aparıram.
Digər xəbərlər
loading...