"Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi “Müharibədən əziyyət çəkmiş insanların reabilitasiyası və reinteqrasiyası üçün Bosniya təcrübəsinin öyrənilməsi və tətbiqi” layihəsinin icrasına başlayıb.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə məlumatı ictimai birliyin rəhbəri İradə Poladova verib. O, layihənin istiqaməti barədə məlumat verib:
“Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin ən böyük zərbələrindən biri də humanitar fəlakət idi. Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün öz doğma torpaqlarını tərk edib, müxtəlif təyinatlı obyektlərdə müvəqqəti məskunlaşmağa məcbur olub. Bundan başqa müharibə zamanı yüzlərlə insan əsir, girov və itkin olub. İnsanlar öz üzərilərində işğalın mənfi təsirlərini daşıyır. Uşaq yaşda çətin yollarla doğma yurd-yuvasından çıxmağa məcbur olmuş şəxslər, qadınlar, qocalar, gənclər bir çox psixoloji travmalar alıb. Bu travmalar onlar böyüdükcə, yaşa dolduqca daha da artıb. İllər keçsə də, müəyyən dəyişikliklər yaşansa da, insanlar işğalın, müharibənin mənfi təsirlərindən qurtula bilməyib və bu, onların həm sağlamlığına, həm də həyatlarına mənfi təsir edib”.
QHT rəhbəri vurğulayıb ki, layihənin əsas məqsədi müharibə şəraitində, habelə müharibənin vurduğu psixoloji zərbələrə məruz qalmış insanların sağlamlığının bərpası, qorunması və reabilitasiyası də daxil olmaqla, insanların sosial iş və sosial-psixoloji uyğunlaşma problemlərini Avropa təcrübəsi ilə həll etməkdir:
“İndiki halda Azərbaycan kimi işğala, soyqırımına məruz qalmış Bosniya təcrübəsi öyrənilərək tətbiq olunacaq. Layihədə fəal müharibə və sonrakı mərhələdə çoxşaxəli reabilitasiya tələb edən kontingentin cəmiyyətə re-intrqrasiyası ilə bərabər, Azərbaycanla bağlı məlumatların beynəlxalq ictimaiyyətə ötürülməsidir. Bəllidir ki, müharibədən əziyyət çəkən insanların, müharibə iştirakçılarının, əsirlərin, girovların azad olduqdan sonra cəmiyyətə sosial inteqrasiya ilə bərpa etmək üçün tədbirlər kompleksi dövlətin sosial siyasətinin prioritet sahələrindən biridir. Bu layihənin aktuallığı bir tərəfdən, qeyd edilən qəbildən olan təbəqə ilə geniş sosial iş, beynəlxalq təcrübəni bölüşmək, digər tərəfdən isə ölkədə hələ də müharibə zədələrindən əziyyət çəkən insanların mövcudluğunu dünyaya çatdırmaqdır”.
İradə xanım qeyd edib ki, layihədə göstərilən hərbi əməliyyatların iştirakçıları ilə sosial işin təşkili prinsipləri, onun sistemli qarşılıqlı təsirinin xüsusiyyətləri və meylləri sosial reabilitasiya proqramlarının hazırlanmasında və tənzimlənməsində, döyüşçülərin sosial-psixoloji reabilitasiya mərkəzinin yeni modellərində, həmçinin sosial siyasət sahələrinin inkişafında istifadə edilə bilər.