Bu günlərdə sosoial şəbəklərdə Bakının ən populyar gəzinti yerlərindən biri olan, el arasında “Torqovaya” adlandırılan, rəsmi adı ilə Nizami küçəsində tarixi binaların üstündə “qondarma” artırmalar müzakirə olunmaqdadır. Qeyd etməliyik ki, Moskva üçün Qızıl meydan, ya da Arbat küçəsi, Paris üçün Yelisey meydanı, İstanbul üçün Taksim meydanı nədirsə, Bakı üçün də “Torqovaya” və “Fəvvarələr meydanı” eyni məna daşıyır. Və nə saydığımız bu şəhərlərdə, nə də dünyanın istənilən mədəni ölkəsində tarixi abidələrlə belə bir davranış görə bilməzsəniz.
“Torqovaya” və Fəvvarələr meydanı heç də elə belə gəzinti yeri deyil, bura həm də Bakının və bütünlükdə Azərbaycanın küçədə olan mədəni simasıdır. Çünki Azərbaycanın heç bir mədəni mərkəzində xalqımızın mədəni siması bu qədər çoxşaxəli və olduğu kimi ortaya çıxmır. Yəni “Torqovaya” və “Fəvvarələr meydanı” bizim mədəni halımızın “olduğu kimi görünən və göründüyü kimi olan” yeridir. Bu üzdən də Bakının tarixinin incilərindən biri olan “Torqovaya”da tarixi binaların üzərinə qondarma mərtəbələr əlavə etmək sadəcə olaraq barbarlıqdır. Bu həm də məmur acgözlüyünün və meşşanlığının zirvə nöqtəsidir.
Bəs bu barbarlığa və gülünc meşşanlığa kim icazə verib? Biz axı elə bir ölkədə yaşayırıq ki, hətta Abşeron yarmadasının ən ucqar kəndundə belə bir daşı digər daşın üstünə qoyduğumuz zaman başımızın üstünü alıb qeyri-rəsmi də olsa, icazə kağızı istəyən biriləri var və bu birilərinin alıcı gözlərindən heç nə yayınmır. Bəs, o zaman təmir adı altında tarixi binalarda qondarma mərtəbələr necə əmələ gəlib? Yəni əlaqədər qurumlar o qədərmi kor olublar?
Barbarlığa görə kim məsuliyyət daşıyır?
Hər kəs bilir ki, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin bu boyda özbaşınalığı görməməsi mümkünsüzdür. Bütün hallarda, ya aldıqları rüşvət üzərindən, ya da “yuxarıdan” gələn tapşırıq əsasında bu qurumlar qondarma mərtəbələrə gözlərini yumublar. Bunun heç bir başqa açıqlaması yoxdur.
Maraqlıdır ki, məsələ ilə bağlı reportaj hazırlayan “Baku TV”yə Bakı şəhər İcra Hakimiyyətindən bildiriblər ki, prezidentin müvafiq fərmanına uyğun olaraq 2018-ci ildən sonra tikintiyə icazəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir. Komitədən isə bildiriblər ki, “Torqovaya”da tarixi binaların üzərində qondarma mərtəbələr 2018-ci ildən əvvəl yaranıb. Yəni əslində hər iki qurum bu açıqlamalarla ilə özünü məsuliyyətdən azad edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə topu sabiq mer Hacıbala Abutalıbovun qapısına ötürüb. O, Hacıbala Abutalıbova ki, uzun illər boyu özünü axmaq yerinə qioyaraq bütün Bakını barmağına dolayıb...
Qeyd edək ki, məsələ ilə bağlı cənab Abutalıbovla əlaqə saxlamağa cəhd elədik, lakin cəhdimiz uğursuz alındı. Bütün hallarda sabiq merin mövqeyini dərc etməyə hazırıq. Çünki hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ötürdüyü top onun qapısında durur...
Doğrudanmı baş verənlərə görə heç kim günahkar deyil?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “məndən əvvəl olub”, deyərək yaxasını məsuliyyətdən kənara çəkir. Halbuki Komitə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin hüquqi varisi olduğuna görə məlum idarənin məsuliyyətini də daşıyır. Amma olsun. Belə deyək ki, bizdə çox şeylər qanunlardın yanından “sürüşməklə” baş verir. O üzdən Komitənin ozndan əvvəl baş verənlərə görə məsuliyyətdən yan “qaçmasını” başa düşürük.
Bəs Abutalıbovun “xətasını” düzəltmək üçün niyə bu qurum barmağını da tərpətmir? Axı bu çətin deyil və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri bir bir imza ilə həmin qondarma mərtəbələri sökülməsini təmin edə bilər. Bunun şahidi çox olmuşuq. Adətən bir icra başçısının imzası belə olmadan, sadəcə tapşırıqla çoxlarının evinin başına uçduğunu çox görmüşük. O zaman həmin qondarmaların hələ də yerində qalmasını bu qurum necə izah edə bilər?
Hətta Dövlət Şəhərsalma və Arxitektura Komitəsində çalışanlar özlərinə acacıq əziyyət verib, 5-10 ilin sənədlərini qaldırıb baxa bilərlər ki, o qondarmaların peyda olmasına görə kim məsuliyyət daşıyır, sənədlərdə hansı məmurun imzası var. Bunu ictimaiyyətə də açıqlaya bilər və o qondarmalara icazə verənləri cinayət məsuliyyətinə cəlb edə bilərlər. Bu zaman Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin indiki rəhbərliyi də məsuliyyəti öz üzərindən atmış olar və məsələyə də nöqtə qoyular.
Bəs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nərgiz” Ticarət Mərkəzində baş verənləri niyə görmür?
Bakı Şəhər İcra Hakimiyyətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni rəhbərliyi bildirir ki, “Torqovaya”da tarixi binaların üzərinə qondarma mərtəbələr 2018-ci ildən əvvəl peyda olub və ona görə də yeni rəhbərlik qətiyyən baş verənlərə görə məsuliyyət daşımır. Farslar demişkən, “xub”.
Bəs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi elə həmin “Torqovaya”da, “Fəvvarələr meydanı”nın göbəyində baş verənləri də mi görmür?
Axı “Nərgiz” Ticarət Mərkəzinin üzərində qondarma mərtəbələr 2010-cu ildə yox, bu gün tikilir. Sizə təqdim etdiyimiz fotolardan da görünür ki, Nərgiz” Ticarət Mərkəzinin üstündə İsgəndər Xəlilovun yeni layihəsi ucalır və İsgəndər Xəlilov növbəti dəfə Azərbaycan qanunvericiliyini tapdalayır və həmçinin bəzi məmurlara da bu qanunları tapdalamağa məcbur edir...
Doğrudanmı Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi o boyda dəmir konstruksiyaları görmür? Bəs bu qanunsuzluğa kim icazə verib? Nəyə əsaslanıblar?
Bəs sabah “Nərgiz” Ticarət Mərkəzinin binasında ağırlıqdan bina uçsa, insanlar həlak olsa, buna görə kim cavab verəcək? Komitə “özünü necə suya çəkib pak olduğunu” isbat edəcək? Ya da elə binanın sahibi milyarder İsgəndər Xəlilov o qədər ehtiyac sahibir ki, “Nərgiz” Ticarət Mərkəzinin üzərinə yeni mərtəbə əlavə edib daha çox pul qazanmağa çalışır? Buna görə də da insan həyatını təhlükəyə atır?
Qeyd edək ki, PİA.az Fəvvarələr meydanı”nın mərkəzində fəaliyyət göstərən “Nərgiz” Ticarət Mərkəzinin üstündə yeni mərtəbə inşa olunmasına hansı qurumun icazə verməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı şəhər İcra Hakimiyyətinə sorğu yollayıb. Sorğuya aldığımız cavabla oxucularımızı (hətta cavab almasaq belə) mütləq tanış edəcəyik.
Qondarma mərtəbələrin İsgəndər Xəlilova aidiyyatı varmı?
Əldə etdiyimiz məlumata görə tarixi binaların üstündə özlərinə “villa” tikənlərin arasında məşhur iş adamı, milyarder İsgəndər Xəlilov da var. Təbii ki, biz bunu tam əminliklə deyə bilmərik. Sadəcə iki mənbə İsgəndər Xəlilovun “Torqovaya”da tarixi binaların üstündə özünə “villa” tikdiyini təsdiqləyib. Məsələni açıqlığa qovuşdurmaq isə heç də çətin deyil. Yuxarıda da qeyd etdiyimiz kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tarixi binaların üstündə inşa edilən qondarma mərtəblərin kimə aid olduqlarını açıqlaya bilər və bu onlar üçün “bir qurtum su işmək kimi” asandır...
İsgəndər Xəlilov ermənilərdən niyə qorxur?
Məlumat üçün oxucularımızın diqqətinə çatdıraq ki, “Nərgiz” Ticarət Mərkəzi əsasən Rusiyada yaşayan milyarder İsgəndər Xəlilova məxsusdur. İsgəndər Xəlilov həmçinin həmin ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən, o cümlədən Bakıdakı bütün “McDonalds Azerbaycan” şəbəkəsinin sahibidir. Bu həmin “McDonalds Azerbaycan” şəbəkəsidir ki, Vətən Müharibəsi günlərində gündəmə gəldi və ermənilərin sosial şəbəkələrdə etdikləri təzyiqlər qarşısında Azərbaycana dəstək mesajını öz səhifəsindən sildi. Bundan sonra isə təbii olaraq Bakıda “McDonalds” boykot olundu. Bu baykotun davam etməməsi sadəcə təəssüf hissi doğurur.
Sual olunur, İsgəndər Xəlilov niyə ermənilərdən qorxdu və səsini belə çıxarmadı? Axı onun “McDonalds”ı Yeravanda, ya da Rusiyada deyil, Bakıda fəaliyyət göstərirdi və ona qazancı da ermənilər deyil, məhz azərbaycanlılar verirdi. Bu halda “McDonalds Azerbaycan”ın Azərbaycanın haqlı savaşına verdiyi dəstək mesajını məhz erməni təzyiqi ilə silməsi hansı anlama gəlir? Bu o deməkdirmi ki, İsgəndər Xəlilov ermənilərin qulluğunda duran 5-ci kolona aiddir?
Burda bir haşiyə çıxaraq qeyd edək ki, hələ 2014-cü ildə yerli mətbuatda İsgəndər Xəlilovun oğlunun Ermənistanın sabiq prezidenti, Xocalı qatili Robert Köçəryanla şərikli biznes qurmaları haqda məlumatlar yayılıb. Həmin məlumatla aşağıdakı linkdə tanış ola bilərsiz:
İsgəndər Xəlilovun oğlu Köçəryanla ortaq oldu
44 günlük müharibə günlərində xaricdə yaşayan bir çox azırbaycanlı iş adamları Azərbaycana maddi və mənəvi dəstək oldular. Onların arasında milyarderlər Fərhad Əhmədov, Qod Nisanov, İlham Rəhimli, Emin Ağalarov və başqaları da vardı. Amma bu gün Bakının göbəyində tarixi abidələrimizn başına oyun açan İsgəndər Xəlilov bu siyahıda olmadı. O, Qarabağın işğaldan axad azad olunması üçün qara qəpiyini də qıymadı və həll edici anda öz həmyerlilərinə arxa çevirdi. Hətta xəyanət etdi, deyə bilərik.
Halbuki İsgəndər Xəlilov hər kəsdən daha çox Vətən müharibəsi günlərində öz xalqına dəstək olmalıydı. Çünki yuxarıda adlarını çəkdiyimiz Fərhad Əhmədov, Qod Nisanov və digərləri öz milyardlarını Azərbaycandan kənarda qazanıblar. Amma Xəlilovlar ailəsinin sərvətinin mənbəyi məhz Azərbaycandadır.
Bildirək ki, İsgəndər Xəlilovun atası Ağasəlim İsgəndərov 70-80-ci illərdə Bakının ən məşhur “sexovşik”lərindən biri və bəlkə də birincisi olub. Sovet dönəmində Azərbaycanın qeyri-rəsmi milyoneri olan Ağasəlim Xəlilovun “sexlərində” yüzlərlə insan çalışıb və o insanların əllərinin qabarı hesabına Xəlilovlar ailəsi Azərbaycanın kölgə iqtisadiyyatının əsas sütununa çevriliblər. Məhz ağır istismar şəraitində çalışan həmin insanların əməyi ilə qazanılan pullar hesabına İsgəndər Xəlilov Azərbaycanda, Rusiyada, Türkiyədə böyük biznes imperiyaları qurub. Və bu gün o, vətənin ən ağır günüdə açıq istismara məruz qalan Azərbaycan insanının əməyi ilə qazanılan pullardan bir qəpik belə Azərbaycan əsgəri üçün sərf etmədi. Bunun əvəzinə isə məşhur iş adamı ermənilərdən çəkinərək “McDonalds”a aid olan kiçik bir mesajı belə sildirdi.
Burda bir haşiyə çıxaraq daha qeyd edək ki, bu gün Bakıda, Sumqayıtda və bəzi rayonlarımızda Xəlilovlar ailəsinə məxsus olan istehsal sahələri fəaliyyət göstərir və həmin istaehsal sahələrində çalışan insanların əmək hüquqları açıq şəkildə pozulmaqla yanaşı böyük vergi qaçaqçılığına da yol verilir. Görünür ki, “sexovşik” ənənələri hələ də Xəlilovlar ailəsinin iş prinsipi olaraq qalmaqdadır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nərgiz” TM-nin üstündəki qanunsuz tikintini durduracaqmı?
İndi aktual olan bu sualın cavabıdır. Və biz də çox maraq edirik ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nərgiz” Ticarət Mərkəzinin üstündə yeni mərtəbə inşa olunmasını necə əssaslandıracaq? Təcili Milli Məclisi toplayıb qanunvericiliyimi dəyişəcəklər, yoxsa binanın texniki göstəricilərinin əlavə mərtəbəyə davamlı olduğunumu iddia edəcəklər. Ya da həmin mülkün şəxsi mülk olduğunu bildirib özlərini məsuliyyətdən kanar tutacaqlar? Ya da susmaqla özlərini sığortalamağa çalışacaqlar? Bunu ən yaxın zamanda görəcəyik.
Sonda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə bir daha xatırladırıq ki, “Torqovaya”da tarixi binaların üzərinə tikilən əlavə mərtəbələr ən qısa zamanda sökülməli və binalar əvvəlki vəziyyətinə qaytarılmalıdır. Bu Komitənin birbaşa vəzifəsi və məsuliyyətidir...
Mənbə: Pia.az