Hakan Çelik
“Posta”, Türkiyə, 31 oktyabr 2020-ci il
3 noyabrda ABŞ-da prezident seçkiləri keçiriləcək. Demokrat Partiyasının namizədi Co Bayden və Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında qızğın yarış davam edir. Finala az bir zaman qalmış keçirilən rəy sorğularında Bayden öndə görünür.
Donald Trampın ən böyük kozırı iqtisadiyyatdır. Qlobal şərtlərə və pandemiya dövrünün sarsıdıcı təsirlərinə rəğmən, amerikan iqtisadiyyatında durum bir çox ölkədən daha yaxşı görünür. Son məlumatlara görə, ABŞ iqtisadiyyatı III kvartalda da böyüyüb. Tramp öz ölkəsində iş yerlərinin sayını artırmağı bacarıb.
Co Bayden isə ABŞ-ın oturuşmuş nizamının təsirli cəbhələriylə birlikdə media orqanlarının da dəstəyini alır. Media, daha öncə görünməyən bir dil və intensivliklə Tramp əleyhinə mövqe sərgiləyir. Polisin qaralara qarşı zorakılığı, cəmiyyətin qütbləşməsi, müxtəlif qalmaqallar və fərd olaraq aqressiv üslubdan istifadə etməsi Trampın çatışmazlıqları arasında yer alır.
Bununla birlikdə, Demokrat Partiyasının namizədi Co Baydenin daha öncə ABŞ vitse-prezidenti olarkən vəzifəsini sadəcə ortabab yerinə yetirməsi, yaşının çox olması, yaddaşı ilə bağlı ciddi şübhələrin olması və ailə üzvlərinin dövlətlə əlaqədar məsələlərdə mənfəət münasibətləri qurması onu çətinə salacaq mövzular olaraq göstərilir.
Baydenin ölkəni idarəetmə qabiliyyətilə bağlı ciddi sual işarələri vardır. ABŞ qurumların güclü və idarəçilikdə təsirli olduğu bir ölkə olsa da, prezidentin enerjisi və liderlik qabiliyyəti, alacağı anlıq qərarlar da çox müəyyənedicidir.
İndi gələk Türkiyə ilə ABŞ-ın münasibətlərinə. İki ölkə arasında, Suriya və İraqdan tutmuş PKK və FETÖ məsələlərinədək, ciddi görüş ayrılıqları yaşanır. Liviya, Kipr və Şərqi Aralıq dənizi məsələlərində mövqelər fərqlidir. Türkiyənin S-400 almaq haqqında qərar verməsindən sonra Vaşinqton “CAATSA” adı ilə tanınan qanuna əsasən, bir sıra sanksiyaları gündəliyə gətirmişdi. Tramp indiyədək bunların tətbiq olunmasına imkan verməyib.
Ankara ilə Vaşinqton arasındakı münasibətlər enişlər və yüksəlişlərlə müşayət olunsa da, Trampın Prezident Ərdoğanla bir çox məsələdə anlaşması əlaqələrin davam etməsini təmin etmişdir. Hətta problemlərə rəğmən, iki lider 100 milyard dollarlıq ticarət hədəfi qoymuşdu.
Baydenin seçilməsi halında, prezidentlər arasındakı bu isti dialoqun ortadan qalxmasıyla birlikdə, qarşımıza düşmən mövqeyində olan bir Ağ Evin çıxma riski var. Baydenin qalib gəlməsiylə ABŞ-ın PKK və FETÖ-yə sahib çıxma siyasəti əməlli-başlı möhkəmlənə, Müdafiə Nazirliyinin Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) əməlli-başlı Türkiyənin qarşısına dikilə, Vaşinqton Yunanıstan, Ermənistan və Kipr kimi ixtilaflı məsələlərdə istiqaməti Türkiyə ilə problem yaşayan ölkələrin lehinə çevirə bilər. Hətta bu aralar elə də çox gündəlikdə olmayan “Xalqbank məsələsi” yenidən qızışdırılaraq, Ankaranın önünə sanksiya olaraq qoyula bilər.
Beləliklə, Baydenin seçilməsi ehtimalı Ankara baxımından olduqca sıxıntılı və qeyri-müəyyən bir dövrün başlanğıcı olaraq görünür.
Tərcümə Strateq.az-ındır