Prezident İlham Əliyev Füzuli rayonuna səfərə yollanıb. MilliYol.Az Azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Dövlət başçısına son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr və gələcəkdə yaradılacaq müəssisələr barədə də məlumat verilib. Bildirilib ki, növbəti illərdə rayonda aqropark, ət və süd məhsulları istehsal edən müəssisə və istixana kompleksinin inşası nəzərdə tutulub.
***
Bu gün Füzuli rayonunda “Azərxalça” ASC-nin ilk filialının - xalça kombinatının açılışı olub. İlham Əliyev kombinatın açılışında iştirak edib.
Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub, milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, böyük diqqətə səbəb olub. Azərbaycan xalçalarının ta qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə zənginləşir. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da məhz bu amildən qaynaqlanıb. ASC-nin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.
İqtisadiyyat naziri Şahin Mustafayev İlham Əliyevə məlumat verib ki, ilkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda filial binalarının tikintisinə başlanılıb. Yerlərdə “Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının müəyyənləşdirilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb.
“Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib. Bildirilib ki, Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edəcək. Filialın ümumi sahəsi 586 kvadratmetr olan binasında 150 toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 150 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyacaq. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.
Dövlət başçısı kombinatın işçiləri ilə söhbət edib, iş prosesini izləyib.
***
Prezident Füzuli rayonunun Horadiz şəhərində inşa edilən avtovağzal kompleksində yaradılan şəraitlə tanış olub. Dövlət başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsib.
İlham Əliyevə məlumat verilib ki, Füzuli Rayon İcra Hakimiyyətinin sifarişi əsasında tikilən avtovağzal kompleksinin ümumi ərazisi yarım hektardır. Müasir memarlıq üslubunda inşa olunan avtovağzal binasının tikinti sahəsi isə 450 kvadratmetrdir.
Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə var.
Avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 6 perron, 30 yerlik gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı inşa edilib. Burada ana və uşaq otağı da var. Kompleksin həyətində avtobuslara texniki xidmət göstərilməsi üçün açıq bokslar tikilib. Kompleksdə 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
Prezident avtovağzal binasının eyvanından Horadiz şəhərinin mənzərəsini seyr edib.
***
İlham Əliyev noyabrın Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının açılışında iştirak edib. Prezident qalereya binasının rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Diqqətə çatdırılıb ki, binanın sahəsi 324 kvadratmetrdir. Burada Heydər Əliyevin və İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Qalereyanın ikimərtəbəli binasında rəsm əsərlərinin nümayiş etdirilməsi üçün sərgi zalı fəaliyyət göstərir.
Belə bir qalereyanın Füzuli rayonunda tikilib istifadəyə verilməsi rəsmlə maraqlanan, bu sahəyə həvəs göstərən gənclər üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Gələcəkdə qalereyanın fondunun zənginləşdirilməsi nəzərdə tutulub. Rəsm qalereyasında 25 nəfər daimi işlə təmin ediləcək.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...