Mədəniyyət və Turizm Nazirliyinin yeni qərarı ilə, nazirliyin rayon şöbələri ləğv edilib.
Sputink.az-ın məlumatına görə, bu məsələ bir neçə ay öncədən planlaşdırılsa da, qərar ötən günlərdə verilib. Qərara əsasən, rayonlardakı yerli şöbələr faktiki olaraq ləğv edilib, onların rəhbərliyi və əməkdaşları işdən azad olunub.
Yeni qərar gələn ilin yanvarından qüvvəyə minəcək. Həmin vaxtadək şöbələr fəaliyyətini, işçilər isə işlərini davam etdirəcəklər.
Sayt əlavə edib ki, ləğv olunmuş şöbələrin əvəzinə, bir neçə rayonun birləşdiyi regional mədəniyyət idarələri yaradılacaq. İdarənin işçi heyəti isə, ləğv olunmuş şöbələrin birinin işçi personalının sayına bərabər olacaq. Yəni, ləğv olunmuş 4 rayon şöbəsinin əməkdaşlarından, yalnız birində olan qədər işçi heyəti saxlanılacaq.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti xəbəri təkzib etməyib. Amma bu haqda əlavə açıqlama da verilməyib. Bildirilib ki, bu istiqamətdə işlər tam yekunlaşmadığı üçün, əlavə məlumat verə bilməyəcəklər.
Parlamentin Mədəniyyət komitəsinin keçmiş sədri Nizami Cəfərov haqqında söhbət gedən struktur dəyişikliklərini faydalı hesab edir: “Bu, dövlət səviyyəsində verilmiş qərardır. Bunun əhəmiyyəti odur ki, istər təhsil, istər mədəniyyət, istərsə də digər sahələrin regional şəkildə idarə olunması daha doğrudur. Bunun həm idarəçilik baxımdan, həm geniş bir bölgəni idarə etmək baxımından, həm maliyyə baxımından böyük əhəmiyyəti var”.
“Hal-hazırkı sistem - hər rayonda bir şöbənin olması iş prosesinin daha effektli getməsinə imkan vermir. Bunun üzərində illərdir düşünülüb və belə qərar verilib ki, regional idarələr yaradılsın”, - deputat bildirib. O, ləğv olunan şöbələrin işdən çıxarılan kadrlarına yeni iş veriləcəyini də qeyd edib: “Müəyyən qədər ixtisarlar olacaq, amma ümumilikdə yeni sistem və effektli iş üçün bu, cüzi bir itkidir. Yerdə qalan işçilər başqa sahələrdə yerləşdiriləcək. O qədər də çox kadr itkisi olmayacaq. Bunlar hamısı düşünülüb”.
***
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vüqar Şıxməmmədov “Qafqazinfo”ya bildirib ki, prezidentin fərmanına uyğun olaraq belə bir addım atılıb:
“Yayılan xəbərlər barədə məlumatımız var. Ancaq bu məlumat yeni deyil. Ölkə başçısı İlham Əliyev oktyabrın 23-də “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərman verilib və Nazirlər Kabinetinə təqdim edilib. Fərmanla nazirliyinin rəsmi saytında tanış ola bilərsiz. Nazirlik də fərmana uyğun addım atıb”.
Prezidentin imzaladığı fərmana görə, nazirliyin işçilərinin say həddi cəmi 379 ştat vahidi olmaqla, Nazirliyin aparatı üzrə 160 ştat vahidi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələri üzrə 219 ştat vahidi müəyyən edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...