Azərbaycanda krediti ödəyə bilməyən vətəndaş həbs olundu
Xəzər rayon məhkəməsinin hakimi Rəşad Həsənov 2 may 2016-cı il tarixdə 6 nəfərlik ailə başçısı, şuşalı məcburi köçkün Əlixanov Cavid Kamil oğlunu 10 gün müddətinə inzibati qaydada həbs edib. Səbəb vətəndaşın Nikoyl Bankın 5135 dollar məbləğində kreditini ödəyə bilməməsidir.
"Milli Yol" xəbər verir ki, bu barədə məlumatı bank üzrə ekspert Əkrəm Həsənov sosial şəbəkədə yayıb.
Ekspert qeyd edib ki, qərarda vətəndaşın işsiz və məcburi köçkün olması vurğulanır: “Vətəndaş ailəsi ilə Buzovna qəsəbəsindəki “Çiçək” istirahət sanatoriyasında məskunlaşıb. Ailədə heç kəsin gəliri yoxdur. Buna görə də vətəndaş məhkəməyə borcu imkansızlıqdan ödəmədiyini bildirib. Buna baxmayaraq, hakim qərarda heç bir əsas olmadan qeyd edir ki, vətəndaş “dolayısı yolla məhkəmə qərarının icrasından yayınır və icra vərəqəsininin icrasını dolayı şəkildə icra etmir” (hakimin fikir ifadə etmək qabiliyyətini kənara qoyaq), “icra sənədini indiyədək üzrsüz səbəbdən icra etməmişdir”.
Bunu rəhbər tutaraq hakim İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini (“Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi”) tətbiq edib”.
Ə. Həsənov bunun qanunsuz olduğunu diqqətə çatdırıb: “Çünki sözügedən maddəyə görə məsuliyyət yalnız borcun üzrsüz səbəbdən ödənilməməsi halında ola bilər. Gəliri olmayan, heç ailəsini saxlamağa pulu olmayan şəxs borcunu nəyin hesabına ödəməlidir? Vətəndaşın gəlirinin olması vergi orqanından dəqiqləşdirilib? Vergi ödəmirsə, demək, gəliri də yoxdur! Gəliri yoxdursa, deməli, məhkəmə qararını üzrlü səbəbdən icra etmir. Yəni bunu anlamaq belə çətindir hakim üçün? Vətəndaşın təqsiri nədir? Kasıb olması? Təqsirsiz insanın həbsi Konstitusiyamıza ziddir.
Eyni zamanda qəbul edilmiş qərar Azərbaycanın qoşulduğu “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”ın 11-ci maddəsinin və “Avropa İnsan Hüquqları Konvensiyası”nın 4-cü Protokolunun 1-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Həmin sənədlərə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”.
Onun sözlərinə görə, vətəndaş Avropa Məhkəməsinə şikayət edə bilməyəcək: “Çünki qərardan apellyasiya şikayəti verməsi müddətini (10 gün) buraxıb. Bizə, yəni Antikollektora artıq həbsdən çıxandan sonra müraciət edib. Çünki onu indi yeni həbslərlə, hətta cinayət məsuliyyəti ilə hədələyirlər. Təbii, biz vətəndaşı müdafiə edəcəyik”.
"Milli Yol"
Digər xəbərlər
loading...