"Biz bu günədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik. Ekspertlərin fikrincə, bizim ölkəmiz epidemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər sırasındadır".
Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.
Birinci vitse-prezident Mehriban Əliyeva bildirib ki, biz epidemiya ilə mübarizənin bütün aspektlərini koordinasiya edən peşəkar komanda yaratmağa, zəruri texniki və insan resurslarını birləşdirməyə müvəffəq olduq:
"Tətbiq edilmiş karantin tədbirləri koronavirusun yayılma sürətini azaltmağa kömək etdi. Biz birlikdə Vətənimizi bu xəstəliyin təhlükəli surətdə yayılmasından qoruya bildik.
Təəssüf ki, çoxsaylı ölkələrə və xalqlara bu qədər bəla və iztirab gətirmiş virusa hələ də qalib gəlmək mümkün olmayıb. O, hələ də ciddi təhlükə mənbəyidir, bütün dünyada pisləşməkdə olan statistika buna sübutdur. Pandemiyaya qarşı müharibə hələ davam edir. Avropa dövlətlərinin çoxunda çoxsaylı məhdudiyyətlər yenidən qüvvəyə minir.
Təəssüf ki, bizim ölkəmiz də istisna deyil. Məlumdur ki, son günlərdə yoluxanların sayının artması müşahidə olunur, təhsil müəssisələrində, ictimai nəqliyyatda yenidən bəzi məhdudiyyətlər tətbiq edilib.
Mən sizin hər birinizi koronavirusun təhlükəli olduğunu unutmamağa, aylarla riayət etdiyimiz elementar qaydaları gözləməyə, məsafəyə riayət etməyə, həqiqətən real zərurət olmadığı halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyə çağırıram. Bizə yaxşı məlum olan bütün bu qaydalar yoluxma riskini azaltmağa və deməli, bizi və yaxınlarımızı xəstəlikdən qorumağa kömək edər. Biz yaşlı nəslə həmişə xüsusi qayğı və hörmətlə yanaşırıq. Pandemiyanın birinci mərhələsi dövründə biz onları qayğı ilə qoruduq. Əminəm ki, indiki şəraitdə biz daha diqqətli olacağıq.
Bu gün, ordumuz öz tarixi missiyasını davam etdirdiyi bir vaxtda dövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükü maksimum azaltmaq lazımdır. İndi bütün resursların bizim xilaskarlıq əməliyyatı üzərində cəmləşməsi müstəsna əhəmiyyət kəsb edir. Biz arxa cəbhədə öz sağlamlığımızın qeydinə qalmaqla, sayıqlıq və intizam nümayiş etdirməklə, eyni zamanda, ön cəbhədəki əsgərlərimizə kömək edir və onları qoruyuruq.
Əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və bir daha sübut edəcəyik ki, gücümüz birlikdədir!"