Jurnalist Zabil Müqabiloğlunun səhhəti kəskin pisləşib. Dörd gün öncə mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən həmkarımızın durumu ağır olaraq qalır.
MilliYol.Az APA TV-yə istinadən xəbər verir k, həkimlərin müdaxiləsindən sonra mədə-bağırsaq nahiyəsində qeydə alınan daxili qanaxma dayandırılıb. Məlum olub ki, qanaxma qaraciyərin serrozu portal - hipertensiya, qida borusu venasının varikoz genişlənməsindən yaranıb.
1 saylı Şəhər Kliniki Xəstəxanasının həkim cərrahı Bəhram Zeynalovun sözlərinə görə, hazırda xəstənin durumu qənaətbəxşdir: "Bu gün səhər saatlarında qanaxmanın qarşısının alınması məqsədi ilə xəstənin qida borusunda olan venalara bantlar qoyulub. Hazırda qanaxma dayandırılıb. Hazırkı durumu qənaətbəxşdir. Müalicə tədbirləri davam etdirilir. Təkrar müayinələrdən sonra qaraciyər köçürülməsinə ehtiyac yarana bilər" .
Millət vəkili Qənirə Paşayeva da həmkarımızı ziyarətə gəlib. Onun sözlərinə görə, həkimlər qaraciyər serrozundan əziyyət çəkən Zabil Müqabiloğlunun orqan transplantasiyasına ehtiyacı olduğunu deyiblər:
"Təhlükənin bir qismi sovuşub. Lakin qaraciyərlə bağlı ciddi əməliyyata ehtiyac var. Bunların hamısı böyük vəsait tələb edir. Zabil bəyin büdcəsi bu əməliyyatlar gerçəkləşməsi üçün uyğun deyil. Ailənin tək oğludur. Eyni zamanda yaşlı və xəstə anasına da o baxır. Ötən gün Səhiyyə Nazirliyinin təcili tibbi yardımın təşkili idarəsinin rəhbəri Gülmirzə Mirzəyevlə danışdıq. Cənab nazirə də müraciət hazırlamışıq. Xahiş etmişik ki, onun əməliyyatının xərcini dövlət öz üzərinə götürsün. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva jurnalistlərə, məcburi köçkünlərə diqqətlə yanaşır. İnanırıq ki, Zabillə bağlı məsələ onun diqqət mərkəzində olacaq, həmkarımıza lazımi dəstək göstəriləcək".
Əməliyyatdan yeni çıxan Zabil Müqabiloğlu gümrah görünür. Həmkarımızdan özünü necə hiss etdiyini soruşuruq.
"Səhhətim bu gün bir az yaxşıdır. Amma qaraciyərin kəskin serrozu diaqnozu qoyulub. Qaraciyər köçürülməsinə ehtiyacım var. Bunun üçün Prezident İlham Əliyevə və bütün imkanı olan şəxslərə müraciət edirəm, həyatıma biganə qalmasınlar".
Qohumları , dostları və həmkarları dörd gündə Zabili bir an olsun belə tək buraxmayıblar. Əmisi Zabil Müqabiloğluna yardım göstərilməsini xahiş edib: "Zabilin özündən başqa iki bacısı var. Ailənin tək oğludur. Qaraciyər köçürülməsinə isə maddi imkanı yoxdur. Yalvarıram, qardaşım oğluna yardım göstərilsin ki, yenidən həyata qayıda bilsin".
Xatırladaq ki, Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə “Gunxeber.com” saytına rəhbərlik edib.
Həmkarımıza Allahdan şəfa diləyirik.
MilliYol.Az
Digər xəbərlər
loading...