Bu gün erməni tərəfi növbəti dəfə Azərbaycan Ordusunun pilotsuz uçuş aparatını (PUA) vurduğunu elan etdi və həqiqi təsdiq etmək üçün guya həmin PUA-nın video kadrlarını yayıb.
MİlliYol.Az-ın xəbərinə görə, Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, bu videonun yavaşıdılmış kadrlarına ötəri baxış etməklə havadan düşən və parlaq alovla yanan “PUA-nın” An-2 yüngül çoxməqsədli təyyarə olduğunu dəqiq görmək olar:
"Sual olunur, Azərbaycan Ordusunun sərəncamında ən müasir silah növləri və ən yeni hərbi texnika olduğu halda kənd təsərrüfatı üçün nəzərdə tutulmuş “kukuruznik” ordumuzun nəyinə gərəkdir?
Cavab sadədir: Bu üsulla erməni təşviqatı qrafika və animasiyadan istifadə etməklə erməni ictimaiyyətini aldatmaq, eləcə də erməni əsgərinin fiziki cəhətdən qırılmış əhval-ruhiyyəsini və mənəvi durumunu yüksəltmək üçün uğursuz cəhdlər göstərir.
Bir sözlə, bütün PUA-larımız sağ-salamat və döyüş sırasındadır".