Hüseynbala Səlimov
SANKİ SÖZÜ DİBSİZ QUYUYA DEYİRSƏN...
Bütün azərbaycanlılar kimi jurnalistlərin də çoxu şeir yazsa da çox təəssüf ki, jurnalistika poeziya deyildir. Hərçənd, bəzən jurnalistlərin qələmindən elə yazılar çıxır ki, min poeziyaya dəyər...
Əsl jurnalist ölkənin əsas problemlərini diqqətdə saxlamağa məhkumdur. Biz yazı və təhlillərimizdə dağa-daşa, qərbə-şərqə, şimala – cənuba baş vura bilərik. Amma insanların öz qayğıları var və onlar hətta nəsə oxuyanda belə çalışırlar ki, ilk növbədə özlərini düşündürən şeyləri oxusunlar...
Əslində bir çox məsələlər başqa yerlərdə necədirsə, bizdə də elə o cürdür. Bəli, bizim azərbaycanlıların nə ilə maraqlanması heç də təəccüblü deyil. Təəccüblü olan daha çox onların bu məsələlərlə necə maraqlanmasıdır...
Bütün dünya insanları ilk növbədə, necə deyərlər, ciblərini güdürlər. Amma bununla bahəm başqa yerlərdə ictimai əxlaq və ictimai davranış tərzi də var ki, buralarda onlara, demək olar, heç təsadüf etməzsən...
Həm də problemlərə ictimai reaksiya tamamilə fərqlidir. Normal ölkələrdə orta statistik vətəndaş hökumətin siyasətinə də öz büdcəsinin prizmasından baxır. Əgər kiçik büdcədə hər şey qaydasındadırsa, deməli böyük büdcədə də vəziyyət yaxşıdır və hökumət yaxşı işləyir...
Reaksiya da, demək olar, birmənalıdır. Hökumət vətəndaş üçün problem yaradırsa və işləmirsə, vətəndaş da ona eyni cür cavab verir və ona yaradılan problemlərin cavabında o da hökumət üçün problem düzüb-qoşur...
Buralarda isə hər şey sanki dərin quyunun dibinə gedir, hətta quyudan da səs çıxır, amma orta statistik azərbaycanlıdan səs-səmir gəlmir...
CƏMİYYƏTİN “SÜKUT VƏDİ”...
Qərəz, başınızı çox da ağrıtmayım... Keçim əsas mətləbə. Bəli, mübaliğəsiz demək olardı ki, bu son bir-iki ildə azərbaycanlıları ən çox məşğul edən məsələlər milli valyutanın dəyərdən düşməsi və bununla bağlı sosial nəticələr olub...
Demirəm ki, əgər bütün bu məsələlər olmasaydı ulu millətimiz digər ictimai olaylara daha çox diqqət ayıracaqdı...
Demirəm ki, o, bağlanmış televiziya və radioların, demək olar ki, indi özünün ən ağır durumunu yaşayan digər media strukturlarının aqibətilə maraqlanar, siyasi məhbusların tamam azad olunması, bu biabırçılığa bir dəfəlik son qoyulmasını və ümumiyyətlə, ictimai və siyasi fəalların müxtəlif bəhanələrlə təqib olunması praktikasına nöqtə qoymağı tələb edər, bunun üçün hökumətə minnətçi düşər və yaxud da ki, ölkənin Ali Qanununu “partiya nizamnaməsi”nə çevirməməyə çağırardı...
Yox, bütün bu baş verənlər və bundan sonra da baş verəcək ictimai və siyasi olaylar azərbaycanlıların 90 faizinin tam sükutu ilə müşayiət olunub və böyük ehtimalla hələ bundan sonra da belə olacaq və bizim ulu millətimiz “sükut vədi” vermiş rahiblər kimi ağzına su alıb oturacaq.
Amma bir insanın, hətta bir toplumun ölkənin problemlərinə biganə olması o demək deyil ki, nisbətən fəal insanlar da belə etməli və onlar da öz soydaşlarının yaşadıqları ağrı-acıları və problemləri görməməyə çalışmalı və yaxud da ki, həmin problemləri ikinci, ya da üçüncü dərəcəli hesab etməli və bilavasitə özlərini qayğılandıran problemlərinin həllinə çalışmalıdırlar...
Hərçənd, “Hər xalq özünün hakimiyyətinə və siyasi sisteminə layiqdir” deyib belə edənlər də az deyil. Üstəlik, belələrinin sayı günbəgün artır. Təsadüfi deyil ki, ölkədə müxtəlif qrupların qarşılıqlı marginallaşması və yadlaşması prosesi gedir. Ən yaxşı halda öz sosial problemləri haqqında düşünən toplum azsaylı demokratiya fəallarını, sonuncular isə öz növbəsində toplumu başa düşməyə çətinlik çəkirlər. Çünki demokratlar belə hesab edir ki, bütün problemlər kimi sosial məsələlərin də həlli ilk növbədə elə ölkənin demokratikləşməsindən asılıdı. Gəl, toplum da belə düşünür ki, ictimai fəallar başqa məsələlərlə yox, məhz elə onların sosial promlemlərinin həllinə çalışmalı və özü də bunu böyük və müqavimətsiz toplumun iştirakı olmadan etməlidirlər...
AXI BÖHRANDAN ƏVVƏL DƏ DƏHŞƏTLİ BAHALIQ İDİ...
Amma nə olursa-olsun, bu gün sosial problemlər də Azərbaycanın ən əsas qayğılarındandır: bir az əvvəldə qeyd etdiyimiz kimi, milli valyuta qiymətdən düşür, malların və məhsulların qiyməti günbəgün artır, ölkə yaşamaq baxımından əsl cəhənnəmə çevrilir...
Adətən yersiz lağ etməyi və çox da kini-kinayəni sevmirəm, amma məşhur bir şeirin bir misrasını azacıq dəyişməkdən özümü heç saxlaya bilmirəm: “Bəli, cəhənnəm görmək istəyən buralara gəlsin!”...
Düzdür, bizim Bakını götürsək, o, elə əvvəllər də, son neft böhranına qədər də bahalı şəhər olub. Məsələn, insanlar neçə illərdir heç cür başa düşə bilmirlər ki, niyə Bakıdan İstanbula getmək üçün tələb olunan xərc Tiflisdən İstanbula getmək və geriyə dönmək üçün tələb olunan xərcdən də bu qədər böyük olmalıdır?..
İnsanlar heç cür başa düşə bilmirlər ki, axı niyə görə İranda müalicə xərcləri, Gürcüstanda turizm məsrəfləri, Türkiyədə evlər və yaxud da ki, Rusiyada meyvələr, hətta bizim al-qırmızı nar belə Azərbaycandakından qat-qat ucuz olmalıdır?..
Fəqət, bütün bunların – insanları düşündürən məsələrin fərqində olan və bütün bu məsələlərə doğru-dürüst aydınlıq gətirmək istəyən varmı? Yoxdur!.. Əvəzində hər şeyin qiymətini artırmaq xasiyyəti var bu ölkədə!
Mağaza və supermarketlərdə çalışanlardan bahalığın səbəblərini soruşanda qayıdırlar ki, hər şeyi xaricdən gətiririk, gömrük rüsumu belə artıb, filan məsələ elə olub!..
Nə deyəsən?.. Əslində deyilməli bütün sözlər hökumətə ünvanlanmalıdır. İlk vaxtlarda belə təəssürat yarandı ki, guya nəsə etməyə cəhd edirlər. Amma hökumətin işini qiymətləndirməyin də ən yaxşı yolu bir daha deyirik ki, piştaxtalara baxmaq və qiymətləri nəzədən keçirməkdir. Onlar isə, lap elə buralarda deyildiyi kimi: “od tutub yanırlar!”...
ƏHALİNİN 20 FAİZİ ÜÇÜN NƏZƏRDƏ TUTULAN ÖLKƏ...
Hökumət hələ də “cəmi-dünyadakı iqtisadi böhran”a apelyasiya edir. Olsun... Amma niyə görə eyni neft böhranını yaşayan və əhalisinin alıcıq qabiliyyəti də daha yüksək olan Rusiyada qiymətlər qat-qat ucuz və əlverişlidir?..
Bazarın və normal iqtisadiyyatın ibtidai qanunları var. Malların və xidmətlərin qiyməti insanların alıcılıq qabiliyyətinə adekvat olmalıdır.
Azərbaycanda nə baş verir? Əhalinin haradasa, 20 faizinin indiki bazar qiymətlərilə ayaqlaşmaq imkanı var. Bazar da məhz bu insanlara uyğun formalaşıb. Qalan 80 faiz acından ölməmək üçün bu xidmətlərin böyük qismindən imtina edir və özünü ən zəruri, vacib məhsullarla və xidmətlərlə mıəhdudlaşdlırır...
Bunun bir səbəbi monopoliyadırsa, digər səbəbi də ölkədəki biznes psixologiyasıdır. Azərbaycanlılar, necə deyər, “qaz vurub qazan doldurmağı”, az, amma saz satmağı sevirlər. Normal ölkələrdə biznes adamları hər şeyi bir az ucuz, amma daha çox adama xidmət etməyə çalışır və bu yolla varlanırlar. Azərbaycanda isə əksinədir. Hamı düşünür ki, necə deyər, az satım, fəqət, saz satım. Ona görə də dəhşətli bahalıqdır...
MƏMURLARIN KAPİTALİZMİ...
Bəli, çıxış yolu da yoxdur... Hökumət də heç nə etmir. Ona görə ki, Azərbaycanda ən böyük istismarçılardan biri də dövlət strukturlarının özləridir.
Ölkədə məmur – nomenklatura kapitalizminin ən eybəcər bir forması yaranıb. Əgər cəmi bir il bundan əvvəl ən mühüm dövlət strukturlarından birinin az qala reketlə məşğul olması və iş adamlarını müxtəlif yollarla şantaj edərək onlardan pul qoparması məlum oldusa, bundan sonra nəsə deməyə ehtiyac varmı?..
Mühüm vəzifələr tutmuş yüksək rütbəli dövlət məmurlarının adları bəzən elə məsələlərdə hallanır ki, adam hətta bu ölkədə yaşamasından da utanc hissi keçirir...
Ən əsası isə, bu prosesin sonu görünmür... Nə devalvasiya bitib -tükənmir, nə neftin qiyməti hökumətin arzuladığı səviyyəyə yüksəlmir, nə də dövlət məmurları öz bizneslərindən ayrılıb bir az da dövlət və cəmiyyət haqqında işləməyi düşünürlər...
Bəs nə olacaq? Elə suallar var ki, onların bəzən həqiqətən də cavabı olmur və bu gün Azərbaycan cavabsız sualların məkanına çevrilib. Başqa yerlərdə bu suallar bəlkə də primitiv və bir az da sadəlövh görünərdi... Di gəl, bunu bugünün Azərbaycanı üçün demək olmur, çünki belə bəlli olur ki, bu vaxta qədər yazılan kitablar, qurulan nəzəriyyələr Azərbaycan üçün deyilmiş...
Hətta düşünürsən ki, bəlkə Tanrının göndərdiyi üç Kitabın da bizə heç bir dəxli yoxdur?..
HƏR ŞEY HAKİMİYYƏTƏ SƏRF EDƏN QƏDƏR...
Amma bu qədər bədgüman omağa da dəyməz. Bədgüman olmaqla da, cəmiyyətdən küsməklə də heç nə həll olmur...
Konfutsi buyururdu ki, hər şeyə onun öz məzmununu qaytarın, onda bütün məsələlər yoluna qoyulacaq...
Bu gün Azərbaycanda hər şey öz məzmunundan uzaqlaşıbdır – suverenlik də, demokratiya da, bazar iqtisadiyyatı da... Hər bir şey bizim hakimiyyətimizə sərf edəcək qədər məqbuldur...
Bəli, dövlətimiz hakimiyyətin maraqlarına cavab verən qədər müstəqildir, demokratiya yalnız onların müəyyən etdiyi səviyyəyə qədər mümkündür, bazar iqtisadiyyatı da yalnız və yalnız onları varlandırmaq üçündür...
Ona görə də çıxış yolu normal dövlət, normal cəmiyyət və normal bazar iqtisadiyyatı qurmaqdadır. Devalvasiya da, bahalıq da, kəskin sosial polyarizasiya da və eləcə sosial ədalətsizlik də anormal iqtisadi siyasətin təzahürü və ya nəticəsidir...
Bütün bunlar isə o vaxt həllini tapacaq və o vaxt normal məcraya yönələcək ki, hakimiyyət iqtisadiyyatın təkcə məmurları varlandırmaq üçün vasitə olmadığını qəbul etsin...
Digər xəbərlər
loading...