Baş Prokurorluq Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması ilə bağlı açıqlama verib.
Baş Prokurorluqdan MilliYol.Az-a daxil olan məlumatda qeyd edilir ki, hazırda işğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur.
Hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.