2020-ci il sentyabr ayının 28-i saat 00:00-dan etibarən Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunmuş və bu dövrdə Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq ediləcək.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, komendant saatının qüvvədə olduğu müddətdə şəxslər hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində yalnız xidməti vəsiqə əsasında və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçib xüsusi icazə aldıqda hərəkət edə biləcəklər.
Bununla əlaqədar komendant saatının tətbiq edildiyi şəhər və rayonlarda yaşayan yaxud həmin ərazilərə giriş-çıxış edən sakinlərdən və digər şəxslərdən gedəcəkləri ünvanadək olan məsafəni nəzərə alıb komendant saatı başlayanadək səfərlərini, öz işlərini başa çatdırmaq, eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan yaşadıqları (qaldıqları) ünvanı tərk etməmək xahiş olunur.
Həmin müddətdə hərəkətinə xidməti vəsiqə əsasında icazə verilən dövlət orqanlarının əməkdaşlarının, habelə fəaliyyətinə icazə verilən sahələrin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş, habelə Daxili İşlər Nazirliyi xüsusi icazələrin verilməsi qaydasını təsdiqləmişdir.
Xidməti vəsiqə əsasında və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə hərəkətinə icazə verilmiş şəxslərin xidməti və fərdi nəqliyyat vasitələrindən istifadə etmələrinə yol verilir.
Komendant saatı müddətində tibb müəssisəsinə təcili tibbi yardım avtomobili ilə yaxud yaxın qohumları tərəfindən aparılan şəxslərin hərəkətinə şərait yaradılacaqdır.
Diqqətə çatdırılır ki, vəfat edən şəxsin dini qaydalara uyğun dəfnə hazırlanması üçün onun yaxın qohumları Daxili İşlər Nazirliyinin “102” Xidmətinə və ya “Qaynar xətt”inə (012 590-80-20) etdikləri müraciət üzrə aparılan araşdırmalardan sonra sərbəst hərəkət edə bilərlər.
Hərbi vəziyyət rejiminin tələblərini pozan, komendant saatının təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcəkdir.
Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) siyahısı:
1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
3. Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi
6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
8. Azərbaycan Respublikasının Baş Prokurorluğu
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
10. Məhkəmə orqanlarının əməkdaşları, vəkillər
11. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
13. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında)
14. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
15. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti
16. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
17. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
18. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti
19. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi
20. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
21. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
22. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
23. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri
24. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik.
Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində elektron imzadan istifadə edilməklə əməkdaşlarının “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) siyahısı
1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
5. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
6. Azərbaycan Respublikasının Energetika Nazirliyi
7. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
8. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
9. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
10. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
11. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)
12. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar
13. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)
14. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
15. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
16. “Azəriqaz” İstehsalat Birliyi
17. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
18. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
19. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
20. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
21. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
22. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
23. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
24. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
25. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində faliyyətinə icazə verilən sahələrin siyahısı
1. Səhiyyə və sosial sahə üzrə:
1.1. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
2. İnfrastruktur sahəsi üzrə:
2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);
2.2. elektrik enerjisinin istehsalı və təchizatı;
2.3. su təsərrüfatı və meliorasiya;
2.4. telekommunikasiya və rabitə xidmətləri.
3. Nəqliyyat və logistika sahəsi üzrə:
3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
3.3. logistika xidmətləri;
3.4. ictimai nəqliyyatın fəaliyyəti.
4. Əsas istehsalat növləri:
4.1. müdafiə sənayesi məhsullarının istehsalı;
4.2. neft avadanlıqları və qurğularının istehsalı;
4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
4.5. kimyəvi məhsulların istehsalı;
4.6. kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;
4.7. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
4.8. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;
4.9. metallurgiya sənayesi üzrə fəaliyyət;
4.10. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
4.11. qablaşdırma məhsullarının istehsalı;
4.12. maşın və avadanlıqların istehsalı;
4.13. elektrik avadanlıqlarının istehsalı;
4.14. kompüter, elektron və optik məhsulların istehsalı;
4.15. avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
4.16. sair nəqliyyat vasitələrinin istehsalı;
4.17. tütün məmulatlarının istehsalı;
4.18. sair sənaye məhsullarının istehsalı.
5. Pərakəndə və topdan satış üzrə:
5.1. yanacaqdoldurma məntəqələri.
6. Məişət xidmətləri üzrə:
6.1. məişət tullantılarının yığılması və utilizasiyası.
7. Kütləvi informasiya vasitələri.
8. Təhsil müəssisələrinin fəaliyyəti.
9. Fəaliyyətinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyət.
Xüsusi icazənin verilməsi qaydası:
1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanına və “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına uyğun olaraq hazırlanmışdır və hərbi vəziyyətin elan edildiyi inzibati ərazi vahidlərində komendant saatı müddətində şəxslərin və nəqliyyat vasitələrinin sərbəst hərəkətinə xüsusi icazənin verilməsi ilə bağlı məsələləri tənzimləyir.
2. Komendant saatı müddətində xidməti vəsiqə ilə hərəkətə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına 1 nömrəli əlavədə göstərilən dövlət orqanlarının əməkdaşlarına icazə verilir.
3. Aşağıdakı şəxslər barəsində məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra komendant saatının qüvvədə olduğu müddətdə onların hərəkətinə xüsusi icazə verilir:
3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına 2 nömrəli əlavədə göstərilən dövlət orqanlarının əməkdaşlarına;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına 3 nömrəli əlavədə göstərilən sahələrdə çalışan şəxslərə.
4. Ölmüş şəxsin dini qaydalara uyğun dəfnə hazırlanması üçün onun yaxın qohumlarının sərbəst hərəkətinə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə və ya “Qaynar xətt”inə edilmiş müraciət üzrə aparılan araşdırmalardan sonra icazə verilir.
5. Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.
6. Tibb müəssisəsinə təcili tibbi yardım avtomobili ilə yaxud yaxın qohumları tərəfindən aparılan şəxslərin hərəkətinə şərait yaradılır.
7. Xidməti vəsiqə əsasında, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və təxirəsalınmaz tibbi zərurətlə əlaqədar hərəkətinə icazə verilmiş şəxslər xidməti və fərdi avtomobildən istifadə edə bilər.
8. Hər hansı şəxsin komendant saatının qüvvədə olduğu müddətdə həyata keçirdiyi fəaliyyətlə bağlı iş yerindən arayış əsasında hərəkətinə icazə verilmir.
9. Komendant saatı müddətində hərəkətinə icazə verilən şəxlərin şəxsiyyəti təsdiq edən sənədlərinin üzərində olması məcburidir.