“Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Qoşulmama Hərəkatının sədri kimi bəyan etmişdir ki, bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara və islahatlara böyük ehtiyacı vardır”. Bu sözləri sözügedən tədbirdə dövlətimizin başçısının çıxışına münasibət bildirən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov yap.org.az saytına müsahibəsində demişdir.
Millət vəkili bildirmişdir ki, Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.
Dövlətimizi başçısı BMT-nin yaranmasının 75-ci ildönümündə BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini xüsusi vurğulamışdır.
K.Qafarov demişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin bu günlərdə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində yerli televiziyalara müsahibəsində, xüsusilə də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı nitqində diqqət yönəldilən əsas məsələ Dağlıq Qarabağ problemi olmuşdur. Rəsmi Bakı ən yüksək tribunadan bəyan etmişdir ki, imitasiya naminə danışıqlarda iştirak etməyəcək. Prezident İlham Əliyev öz çıxışında Ermənistanın işğalçılıq siyasətini, təcavüzkar niyyətini və törətdiyi təxribatları tamamilə ifşa etdi. Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirməsindən, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən danışdı. Prezidentimiz göstərdi ki, Ermənistan işğal olunmuş ərazilərimizdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan bu ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edir. Bütün bu faktları bəyan edən Prezident İlham Əliyev Ermənistanın son təxribatları haqqında da məlumat verib, mülki əhalinin və mülki infrastrukturun da qəsdən hədəfə alındığını diqqətə çatdırmışdır.
Millət vəkili bildirmişdir ki, dövlətimizin başçısı BMT-nin yüksək tribunasından xüsusi olaraq qeyd etmişdir ki, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və güc tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Lakin Azərbaycan öz əzəli torpaqlarını qısa müddət ərzində, qeyd-şərtsiz geri qaytarmaqda israrlıdır.
K.Qafarov sonda qeyd etmişdir ki, Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır.
Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz BMT-yə açıq və güclü dəstək verir. Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə daim hazırdır.
MilliYol.az