Natiq Cəfərli
Siyasi prosesləri qoyun bir kənara hətta müharibələr, qanlı savaşlar belə sonda mütləq danışıqlarla, masada müzakirilərlə bitir. İnsanlıq tarixində bunun başqa örnəyi, əksi yox dərəcəsindədir, hətta uzun illər savaş aparan tərəflər belə günün birində masaya oturub məsələləri çözməyə çalışıblar.
Siyasi proseslərdə isə danışıq, masa ümumiyyətlə inkar mövzusu deyil, ola da bilməz – zatən siyasətçinin işi danışmaq, müzakirələrə açıq olmaq, problemləri tezislərin və arqumentlərin toqquşması ilə çözməkdir. Siyasət ağıl işi, komanda oyunu və mümkünlük sənətidir.
Xatırlayın, hətta 27 il "aparteid” rejimində zindanda yatan Mandela həbsdə olarkən danışıqlara başladı, 2 ilə yaxın danışıqlar davam etdi, sonra azadlığa çıxıb CAR-ı dəyişdi, onu həbsı atanlarla barışıb yeni bir "ictimai saziş” yaratdı. Bizim bəzi ictimai aktiv insanların düşüncə tərzinə görə Mandela "satılmış” sayılmalı, danışıqlara getdiyi üçün qınanılmalıdır, amma tam tərsi, həmin kəsim Mandelanı qəhraman sayır, amma eyni addımı məmləkətdə atanları qınayırlar.
Hətta Post-Sovet məkanını misal çəkənlər belə orada hadisələrin necə cərəyan etdiyini ya unudublar, ya da heç bilmirlər: 1) Gürcüstanda Saakşvili Şevernadze hökumətində nazir, onun dövründə Tiflisin meri olub – yəni, bizim bəzi dostların düşüncə tərzinə görə çoxdan "satılmış” sayılmalı idi, amma seçkiyə getdi, seçkidən sonra proses yaratdılar, sonra Şevernadze ilə masaya oturub yeni "ictimai saziş” imzaladılar, ölkədə keçid baş tutdu. Şevernadze də ömrünün sonuna qədər Gürcüstanda toxunulmaz fiqur kimi yaşadı – hə, indi nə deyək?! Deyək ki, Saakaşvili "satqındı”?! Bəlkə qınayaq ki, nədən Şevernadze ilə danışıq masasına oturub yeni oyun qaydalarını razılaşdırdı?! 2) Ukraynada da eyni ssenari oldu, Yuşşenko əvvəl Mərkəzi Bankın rəhbəri, sonra isə Kuçma dövrünün Baş Naziri olub – bunu bilirdiniz?! 2001-ci ildə Kuşmadan ayrılıb, öz siyasi hətəkatını (Timoşenko ilə birgə) yaradıb, sonra da seçkilərə gedib, səs yığıb, səsləri qoruyub, sonda da Kuçma ilə uzun danışıqlar aparıb yeni "ictimai saziş” bağladılar, 3) Moldovada, hətta Ermənistanda da EYNİ sseri oldu, çünki məntiqin, ağlın, qansız-qadasız tranformasiyanın yolu budur – bu gün də Ermənistanda əli qanlı Sarkisyan öz həyatını sürür, heç kim də onu dəyib-dolaşmır.
Gələk Belarus hadisələrinə: Ən maraqlı və hətta tragikomik vəziyyət odur ki, ölkədə seçkiləri illərdir boykot edən təşkilatlar bu dəfə də Belarusdan ilhamlanaraq ordan videolar-fotolar paylaşaraq, "Belarus xalqı ayaqdadır, eşq olsun belaruslara”, yazırdılar. Amma hadisələrin mahiyyətini yenə qavramırdılar – seçki oldu, seçkidən sonra proses yarandı və bu gün dağınıq və proqramsız Belarus müxalifəti bilirsiz nə istəyir?! Bəli, Lukaşenko ilə masaya oturub danışıqlar yolu ilə məsələləri çözmək istəyir! Yenə masa, yenə danışıq, yenə siyasi həll yolları! Yəni, bu gün "Belaruslara eşq olsun” deyənlər onların hakimiyyətlə dialoq istəklərini dolayısı ilə dəstəkləyirlər, amma ölkədə, bizdə dialoq söhbətini "satqınlıq” kimi murdar bir ifadə ilə təqdim etməyə çalışırlar! Hanı məntiq, hanı sağlam düşüncə?!
Ölkədə hər sahəda ciddi problemlər var, sistem çalışmır – köhnə "ictimai sazış” bitib, yenisini isə hələ də yarada bilmirlər. İndi məmləkətdə hakimiyyətin xoş niyyətindən deyil də, ehtiyacdan doğan bir situasiya yaranıb - əgər müxalifət çevrələri daha uzaqgörən davrana bilsələr yeni "ictimai sazişin” əsası qoyula, yeni Ana Yasa yarana, ölkə sivil siyasi tranformasiya yoluna girə bilər – bu şans var və aydın görünür. Bu şansı reallaşdırma üçün, ölkəni çirkabdan təmizləmək, yeni siyasi, ictimai və iqtisadi "oyun qaydalarının” yaranması üçün danışıqlar masası vacibdirsə, lazımdırsa davamlı şəkildə bu proses getməlidir. Heç kim ağ köynəkdə dayanıb çirkabın kiminsə təmizləməsini gözləməməlidir, yaxşı, olsun, gözləmə və heç bir iş görməmə mövqeyi tutanlar varsa, o da qəbul, heç olmasa iş görüb ölkəni təmizləmək, problemləri sivil yolla çözmək istəyənlərə çamur atıb, şər püskürüb mane olmasınlar. Bir daha – siyasətçinin, siyasətin işi danışmaqdır, danışıqlar yolu ilə problemləri çözmək işidir, kim siyasəti "partizanlıq” kimi görürsə, özü bilər, amma dünyada bunun pozitiv nəticəyə gətirən örnəyi yoxdur. Belə...