Artıq ÜDM-də təkcə böyüməyi hədəfləyən siyasətlər əvəzinə, gəlirlərin yenidən bölüşdürülməsi və sosial prosesləri də əhatə edən inkişaf siyasətləri müzakirə olunur...
Esfender Korkmaz
“Yeniçağ” qəzeti, Türkiyə, 18 sentyabr 2020-ci il
İkinci Dünya Müharibəsindən 1970-ci illərədək inkişaf etməkdə olan ölkələr Keynes siyasətini tətbiq edərək firavan bir dövr keçirdilər. Lakin sonradan yüksək inflyasiya və durğunluq dövrü başladı və dövlətlər bu siyasətdən imtina etməli oldular.
Bu gün də qlobal siyasətlərin dinamizmi tükənib. Dünya iqtisadiyyatının get-gedə tənəzzülə doğru getməsi ilə Fridmanın monetarist siyasətinin və qloballaşmanın sonu gəlib çatdı. Bu səbəbdən, dünya həm pul sisteminə görə, həm də pula və spekulyasiyalara nəzarət etmək üçün yeni bir çıxış yolu axtarmağa başlayıb.
21-ci əsrə informasiya əsri və ya rəqəmsal əsr deyilir. Bu dövrə qədəm qoyduqdan sonra, yəni son 20 ildə dünya hər sahədə sürətli bir dəyişiklik yaşayıb. İqtisadiyyat da öz qloballaşma tempini itirib. Artıq ÜDM-də təkcə böyüməyi hədəfləyən siyasətlər əvəzinə, gəlirlərin yenidən bölüşdürülməsi və sosial prosesləri də əhatə edən inkişaf siyasətləri müzakirə olunur. Çünki təkcə böyümənin insan rifahı üçün kifayət etmədiyi aydın olub.
İnformasiya əsrində ideoloji perspektiv dəyişib. Sosial-iqtisadi sistemlər yenidən işlənib və ya dəyişdirilib. Kommunist kimi qalan Çin isə sistemdə böyük bir dəyişiklik etməli olub. İndi kapitalizm və bazar iqtisadiyyatı qaydalarını tətbiq edir.
Kapitalizm anlayışı da artıq dəyişib. Çindəki kimi dövlət mülkiyyəti ilə özəl mülkiyyət arasında heç bir fərq qalmayıb. Üstəlik, həmişə mövcud olan “məhsuldar kapital” ilə “nəzəri kapital” arasındakı fərq də aydınlaşıb. Məhsuldar kapital inkişaf üçün əvəzolunmazdır.
Nəzəri cəhətdən qloballaşma quruluşu pul, əmtəə və işçi qüvvəsinin sərbəst hərəkətinə, bazar iqtisadiyyatına və rəqabətə əsaslanır. Təcrübədə qlobal iqtisadi siyasətlərin dünyadakı iqtisadi artım templərini artıracağı güman edilir.
Yalnız böyümə baxımından qiymətləndirsək, 2008-2009-cu il maliyyə böhranından əvvəl və sonra qloballaşma fərqli şəkildə həyata keçib. 2008-2009 böhrandan əvvəl dünya ÜDM-də daha yüksək böyümə templəri yaşayırdı. Məsələn, böhrandan əvvəl 2006-cı ildə dünyada orta böyümə nisbəti 5% idi. 2019-cu ildə bu nisbət 3,5% oldu. Eyni şəkildə inkişaf etməkdə olan ölkələrdə böyümə nisbətləri 7,8%-dən 4,1%-ə düşmüş, Çində isə 10.7%-dən 6.2%-ə qədər enmişdi.
Qloballaşma prosesində dünya ticarət həcmi artıb. 2008-2009-ci il böhranında isə geriləmə baş verib və yalnız son illərdə, 2018-dən sonra yenidən azalmağa başlayıb.
Dünya ticarət həcminin illərlə dəyişməsi
2009-cu il böhranı ilə ABŞ mərkəzi bankı, FED-in və AB mərkəzi bankının (ECB) valyuta genişlənməsi vəziyyəti bir müddətlik xilas etmişdi. Ancaq iqtisadiyyatın daxili dinamikası durğunluq mərhələsinə keçdi.
Artıq inkişaf etməkdə olan ölkələr nəzəri kapital tələsindən çıxmağı və kövrəklikdən xilas olmağı planlaşdırmalıdırlar. Onlar mütləq şəkildə kapitallarını və məzənnə siyasətlərini dəyişdirməlidirlər.