Nikaraquada hakim Sandinist Milli Azadlıq Cəbhəsinin lideri Daniel Orteqa yenidən prezident seçilib. Orteqa seçicilərin 72,5 faiz səsini qazanıb.
Nikaraqua lideri həbslər, inqilablar, qaçışlar və seksual qalmaqallar da daxil olmaqla olduqca maraqlı həyat yolu keçib.
Bütöv adı Orteqa Saavedra Daniel olan Nikaraqua prezidenti 1945-ci il 11 noyabr tarixində La-Libertad şəhərində anadan olub. 15 yaşında ilk dəfə “inqilabçı fəaliyyətinə” görə həbs olunub. 1962-ci ildə Sandinist Milli Azadlıq Cəbhəsinə (SFNO) daxil olub. 1963-cü ildə Qvatemalada həbs edilərək, Nikaraquaya deportasiya olunub.
1965-ci ildə 20 yaşı olanda Orteqa SFNO-nun rəhbərliyinə daxil olub. 1966-67-ci illərdə o, hərəkatın liderlərindən biri idi. 1967-ci ilin 23 oktyabr “milli qvardiya”ya qarşı törədilən terror aktında iştirak edib. Həmin ilin 18 noyabrında həbs olunub və 7 il azadlıqdan məhkum edilib. Orteqa SFNO-nun 1974-cü ilin 30 dekabr tarixində silahlı üsyan nəticəsində həbsxanadan azad edilib və Kubaya qaçıb. 1976-cı ildə Nikaraquaya qeyri-leqal olaraq qayıdıb və ölkənin rayonlarından birində Somosı rejiminə qarşı silahlı mübarizəyə rəhbərlik edib. 1979-cu ildə Milli Dirçəliş Hökumətinə rəhbərlik edən Məsləhət Şurasına daxil olub.
1979-cu il 20 iyul tarixində Sandinist inqilabının qələbəsindən sonra milli yenidənqurma hökumətinə rəhbərlik etdi. Yeni hökumət 1980-ci ildən etibarən SSRİ və Kubanın köməyi ilə ölkədə sosializm qurmağa başladı. Orteqa SSRİ-dən 50 ədəd T-54 tank, 250 hərbi məsləhətçi və 125 milyon dollar pul yardımı aldı. SSRİ həmçinin Sandinist hökumətinə diplomatik yardım göstərirdi. 1982-ci ildə partizanların anti-Sandist fəaliyyətinə görə ölkədə 1988-ci ilə qədər fövqəladə vəziyyət elan olundu.
1984-cü ilin noyabr ayında Orteqa Nikaraquanın prezidenti seçildi və 1985-ci ilin 10 yanvar tarixində vəzifəsinin rəsmən icrasına başladı. 1987-ci ildə onun hökuməti ciddi iqtisadi çətinliklərlə üzləşdi, demək olar ki, bütün sosial proqramlar dayandırıldı. 1989-cu ilin fevral-mart aylarında SSRİ-nin dəstəyi kəsiləndən sonra Sandinist hökumətinin məğlubiyyət dövrü başladı. Ölkədə vətəndaş müharibəsi gedirdi. Bunun qarşısını almaq üçün bir sıra demokratik islahatlar keçirildi. 1990-cı ilin 25 fevralında prezident və parlament seçkiləri keçirildi. Seçkidə Violetta Çamorronun rəhbərliyi ilə Milli Müxalifət İttifaqı 55 faiz səs qazandı. Orteqa isə səslərin 40 faizini əldə edə bildi. İki ay sonra – aprelin 25-də Daniel Orteqa prezident postunu Violetta Çamorroya güzəştə getdi.
“Sanidist inqilabı sovet və Kuba modelinin mexaniki sürəti olmadı. Ölkənin bərpası və inkişafı üçün siyasi plüralizm və iqtisadiyyata önəm verdi”, - deyə Orteqa məğlubiyyətdən sonra bəyan edirdi.
1996-cı və 2002-ci il prezident seçkilərində Orteqa namizədliyini irəli sürsə də, hər ikisində məğlub olub. O, 2002-ci il seçkiqabağı kampaniyasında xüsusi mülkiyyəti və kapitalizmi dəstəkləyərək bəyan edib: “Mən dəyişdim və keçmişdən dərs çıxartdım. Komendant Orteqa daha mövcud deyil”.
1998-ci ildə Orteqanın adı seksual qalmaqalda hallandı. Onun ögey qızı Narvaez Muriyo Nikaraqua İnsan Hüquqları Komissiyasına 47 səhifədən ibarət şikayət ərizəsi verdi. Qız iddia edirdi ki, o, 11 yaşından başlayaraq, 20 il ərzində ögey atası Daniel Orteqanın seksual, emosional və psixoloji təzyiqlərinə məruz qalıb.
Daniel Orteqa 2006-cı ildə prezident seçilib. Budəfəki seçkidə o, yenidən qalib gələrək üçüncü dəfə ölkəyə rəhbərlik etmək hüququnu əldə edib.(Publika.az)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...