Azərbaycan hökuməti REAL Partiyasının sədri İlqar Məmmədova mənəvi ziyana görə təzminat ödəyib.
MilliYol.Az xəbər verir ki, Ali Məhkəmə Plenumunun qərarına əsasən mənəvi təzminata görə ona 234 min manat ödənilib. İlqar Məmmədov 234 min manat vəsaiti nağdsız qaydada alıb.
Onunla birgə bəraət alan Rəsul Cəfərova da 57 min 400 manat ödənilib.
Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası şərti hesab edilib və azadlığa buraxılıb.
Daha sonra İ.Məmmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Ali Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin onun haqqında çıxardığı cəzanı dəyişdirib və şərti cəza ləğv edilib. Belə ki, İ.Məmmədovun cəzası 5 il 6 ay 9 günə endirilib və həmin müddət də çəkilmiş hesab olunub. Daha sonra İ.Məmmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bu il aprelin 23-də Ali Məhkəmənin Cinayət Kollegiyasının, Şəki Apelyasiya Məhkəməsinin qərarları və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Həmin cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilib.
R. Cəfərov isə 2014-cü il avqust ayında həbs edilib. 2015-ci ildə məhkəmənin hökmü ilə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. 2020-ci il aprel ayında Ali Məhkəmə tərəfindən R.Cəfərovun təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətverici əsaslarla iş üzrə icraata xitam verib və mənəvi zərərə görə 57400 manat kompensasiya təyin edib.