“Əli Həsənov ANS-i də “almaq” istəyirdi”.
MilliYol.Az xəbər verir ki, bunu ANS TV-nin sabiq baş redaktoru Sevda Həsənova ANS televiziyasının bağlanmasından danışarkən deyib. O, bildirib ki, ANS Əli Həsənov üçün prinsipial məsələ idi:
“Son hadisələrdən təəccüblənməyən 10-15 nəfərdən biriyəm. Çünki hərəkətlərindən, gördüyü işlərdən qəti bilinirdi ki, adam dövlətinin əleyhinə işləyir. Qılıncının dalının da, qabağının da kəsdiyi dövrdə - 2015-ci ildə Azərbaycanın demək olar ki, bütün mediasını alan və yeni üzdəniraq “qavroşlar” yaradan “qüdrətli” Əli Həsənov ANS-i də “almaq” istəyirdi. Bu Əli Həsənov üçün prinsipial məsələ idi. Çünki ANS-in Azərbaycanda və onun xaricində nüfuzu çox böyük idi. Əli Həsənov istəyirdi ki, təsisçisi olduğu bütün nüfuzlu media şirkətlər ANS-in sahibi Vahid Mustafayevin nəzarətindən çıxsın və bütünlükdə onun nəzarətinə keçsin. İstəyirdi ki, nəzarəti tam olaraq sahibinin əlində olan, dövlətçiliyi, müstəqilliyi dəstəkləyən Vahid Mustafayevin əlindən ANS-i alıb özü “işlətməklə” bir sıra ona sadiq və ya onunla əlbir olan “dəstə” ilə Azərbaycanda hakimiyyəti ələ keçirsin”.
Sevda Həsənova qeyd edib ki, həmin vaxtlar təkcə ANS-dən başqa bütün media Əli Həsənovun əlində idi:
“Və burda onların Plan “A” əməliyyatı iflasa uğradı. Nə etməli, daim Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin keşiyində dayanan ANS və ANS-çilərsiz çevriliş etmək mümkün deyildi. Burda Plan “B” işə salındı! Barbarların zəbt etmək, “qazanmaq” metodu bütün dövrlərdə bir olub - hücum etmək! İllər boyu Vahid Mustafayevi “sındırmaq” istədi, bu alınmayanda şər-böhtan metoduna əl atıldı”.