“Hərbi qulluqçuların əsgəri-məişət komplekslərində isti geyim, keyfiyyətli ərzaq, yanacaq və s. ilə təmin olunması ordu rəhbərliyi üçün prioritet məsələdir”.
Bunu MilliYol.Az-a açıqlamasında “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu deyib.
Onun sözlərinə görə, hərbi qulluqçular dövlət qayğısından güc alaraq Vətənin müdafiəsində əzmlə və qürurla dayanırlar:
“Çətin dağlıq şəraitdə qış sərt keçir. Buna görə də Azərbaycan Müdafiə Nazirliyi rəhbərliyi hər il olduğu kimi, bu il də hazırlıq tədbirləri görüb. Hər fəslə uyğun olaraq, şəxsi heyətin geyiminə, keyfiyyətli ərzaq, yanacaq, içməli su, eləcə də digər zəruri ehtiyatlarla təminatı məsələsinə xüsusi diqqət göstərilir. Əminik ki, bu il də Azərbaycan Ordusunun şəxsi heyətinin heç bir problemi olmayacaq. Qışa hazırlıq yüksək səviyyədə aparılır, bu baxımdan heç bir narahatlığa ehtiyac yoxdur”.
Ş. Sabiroğlu bildirib ki, ordu rəhbərliyinin dəstəyini üzərində hiss edən şəxsi heyətin döyüş ruhu yüksəlir.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun dağlıq şəraitdə yerləşən bölmələrində müasir əsgəri-məişət kompleksləri tikilərək şəxsi heyətin istifadəsinə verilib.