Məlum olduğu kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhərində çalışan keçmiş yüksək vəzifəli şəxslər saxlanılıb. Saxlanılan şəxslər Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayev və Gəncənin keçmiş baş memarı Əli Rüstəmlidir.
BAKU.WS-in bölgə müxbirinin əldə etdiyi bəzi məlumatlara görə hər iki şəxs dünən saxlanılıb.
Belə ki, Məharət Mustafayev Bakı şəhərində saxlanılaraq istintaqa cəlb edilib. Əli Rüstəmli isə Gəncə şəhərində saxlanılıb.
Məlumat üçün bildirək ki, Məharət Mustafayev bir müddət Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb. Daha sonra bu vəzifədən uzaqlaşdırılıb, Gəncə Memarlıq və Şəhərsalma İdarəsinin rəisi olub.
Əli Rüstəmli isə Gəncənin baş memarı vəzifəsində işləyib. Hətta bir dəfə bu vəzifədən uzaqlaşdırılıb və yenidən təyin olunub.
Ümumiyyətlə hər hər iki şəxs barəsində zaman-zaman mətbuatda şikayət xarakterli bir sıra yazılar çıxıb. İlkin məlumata görə saxlanılan şəxslər qeyri-qanuni torpaq alqı-satqısı ilə məşğul olurmuş.