Azərbaycanın Baş Prokurorluğunun Gürcüstanın Baş Prokurorluğu ilə səmərəli əməkdaşlığı davam etdirilir.
Baş Prokurorluqdan verilən məlumata görə, ölkənin Baş Prokurorluğu milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkə ərazisində cinayət törədən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikasına ekstradisiya edilməsi barədə sorğu edib.
Belə ki, Fədail Quliyevin 2017-ci ildə Bakı şəhərində Türkiyə vətəndaşı Kaman Eyyup Hakandan satış məqsədilə 500 min ədəd saxta aksiz markası sifariş edərək ölkədə satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilmiş və bu səbəbdən təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Fədail Quliyevin Gürcüstan ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Respublikasının Baş Prokurorluğuna sorğusu təmin edilməklə sonuncu ölkəmizə ekstradisiya edilib.