u görüntülər Neftçalanın Aşağı Qaramanlı kəndindəndir. Nasoslar vasitəsi ilə vurulan su isə Kür deyil, dəniz suyudur. Şor, köpüşkənli. Bəli, Kürün deltasında Xəzər dənizinin suyu çaya qovuşaraq hələ də “irəliləmək”də davam edir.
MilliYol.Az BAKU.TV-yə istinadla xəbər verir ki, ilk günlər bu problem Neftçala şəhəri də daxil olmaqla 7 kənddə yaşanırdısa, indi isə artıq dəniz suyu Kür boyunca 60 kilometr məsafədən çox çaya qarışıb. Yəni, bu, o deməkdir ki, Neftçalanın sonuncu yaşayış məntəqəsi olan Aşağı Surra kəndindən keçərək Salyan rayonunun Ərəbqardaşbəyli kənd ərazisinədək gəlib çatıb.
İndi Neftçalada içməli su problemi yaşanır. Doğrudur, şəhər əhalisini içməli su ilə təmin etmək üçün rayona 20-dən çox su maşını cəlb edilib. Həmin maşınlar Salyan ərazisindən su götürərək Neftçalaya daşıyır. Ancaq Kürün suyu o qədər şorlaşıb ki, hətta mal-qara onu içmir. Təsərrüfat sahibləri isə susuzluqdan yanan pambıq sahələrini şorlaşmış su ilə suvarmaq məcburiyyətində qalıblar.
Mütəxəssislər hesab edir ki, bu il havalar quraq keçdiyindən Kür çayında suyun səviyyəsi minimum həddən də aşağı düşüb. Çayda axar tamamilə dayanıb. Çayın ən çökək yeri olan Xəzərə tökülən hissəsində dəniz sularına qarışaraq geri axmağa başlayıb. Digər tərəfdən də lilsovuran gəmilərlə dibdərinləşdirmə işləri aparıldığından dənizin suyu çaya asanlıqla girə bilir.
Növbə isə Salyanındır. Kür çayının rayonun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində şorlaşma müşahidə olunur. Mütəxəssislərin fikrincə, problem yaşanmasın deyə, Kürün deltasında süni maneələr yaratmaqla çayın səviyyəsi ya qaldırılmalı, ya da Mingəçevir su anbarından buraxılan suyun həcmi artırılmalıdır. Əgər vaxtında qabaqlayıcı tədbirlər görülməzsə, hər iki rayonda vəziyyət faciəli həddə çata bilər.