Dekabrın sonlarında əfv sərəncamının veriləcəyi barədə xəbərlər ara-sıra hakimiyyət dəhlizlərində eşidilməkdədir. Ölkə iqtidarının bu ilin əvvəllərindən başlayaraq, siyasi məhbusların azadlığa çıxması ilə bağlı atdığı addımların bu il üçün müsbət yekunu kimi, Yeni il ərəfəsində əfv verəcəyi və barələrində məhkəmə qərarı olan azsaylı siyasi məhbusları azad edəcəyi deyilir.
Hökumətin sentyabrda keçirdiyi referendumdan sonra Qərblə anlaşmasının birinin də əfv sərəncamı və siyasilərin azad edilməsi olduğu qeyd olunur. Bununla belə yayda qəbul edilən və icrası davam edən Amnistiya Aktına görə, əfvin verilməyəcəyi barədə də fikirlər var.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu əfv gözləntilərindən danışıb: “Əfvi real olaraq gözləyirik. Hazırda məktubları hazırlayırıq, görüşlər keçiririk. İşçi Qrupu daimi fəaliyyətdədir. Biz də tək siyasilərdən deyil, çoxsaylı insanlardan məktub var. Onların da məsələlərini qaldırırıq. Ümid edirik ki, siyahımızda qalan şəxslər üzümüzə gələn əfvdə azad olunsunlar”.
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev əfv barədə səslənən fikirlərə təbii yanaşdığını qeyd edib: “Bir qayda olaraq, son illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı əfv sərəncamları imzalanıb. Ona görə indi insanlarda belə ümidlərin olmasına təbii baxmaq lazımdır. Əfv Komissiyası daimi fəaliyyət göstərən bir qurumdur. Komissiya üzvü olaraq, bizə də hər gün müraciətlər daxil olur. İlin sonunda əfv sərəncamının olacağını istisna etməzdim. Bundan əvvəlki illərinin təcrübəsindən çıxış edərək belə deyirəm. Bu, cənab prezidentin müstəsna səlahiyyətidir. Prezidentimiz hər zaman mərhəmət nümayiş etdirib”.
Ə.Nuriyev Amnistiya Aktının əfv sərəncamına təsir etməyəcəyini düşünür: “Əvvəlki illərə nəzər salsaq, görərik ki, amnistiya verildiyi illərdə də əfv sərəncamı verilib. İl ərzində bir neçə dəfə əfv sərəncamı cənab prezident tərəfindən imzalanır. Amnistiya tamam fərqli məsələdir. Konkret şəxslərlə bağlı deyil. Əfv isə konkret şəxslərin müraciətləri əsasında olur. Eyni zamanda, prezidentin səlahiyyətinə aid olan məsələdir. Eyni ildə amnistiya da, əfv də verilə bilər”.
Hüquqşünas Əfv Komissiyasının hazırkı fəaliyyətindən də danışıb: “Komissiyanın katibliyi var və məlumatlar bura daxil olur. Hər bir daxil olan müraciət araşdırılır. Hazırlanan hər bir sənəd komissiya sədrinə təqdim olunur. Ayrı-ayrı üzvlərə də müraciətlər olur və biz də onu katibliyi təqdim edirik”. (musavat.com)
MilliYol.Az
Digər xəbərlər
loading...