Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva COVID-19 xəstəliyindən müalicəsi davam edən Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb.
MilliYol.Az xəbər verir ki, Əməkdar artistə tezliklə sağalmağı arzulayan Mehriban Əliyeva ölkəmizdə COVID-19-la mübarizədə, xəstələrin müalicəsində Azərbaycan həkimlərinin, tibb işçilərinin fədakar əməyini xüsusilə qeyd edib.
Bəhram Bağırzadə onun müalicəsi üçün göstərilən dəstək və səylərə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Tezliklə sağalacağına inandığını deyən Bəhram Bağırzadə hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini hiss etdiyini qeyd edib.
Xatırladaq ki, koronavirusa yoluxan və xüsusi rejimli xəstəxanaya yerləşdirilən Bəhram Bağırzadənin vəziyyəti bir müddət ağırlaşmışdı. Aparılan intensiv müalicə nəticəsində Əməkdar artistin səhhətində artıq müsbət dinamika və stabilləşmə qeydə alınıb.