Bu gün Azərbaycanda xalqın “xidmətçi”si deyil, istismarçısı olan nə qədər icra başçısı var?...
Dünən ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Nizami raron İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad olundu. Arif Qasımov o, icra başçılarından idi ki, onu ilk növbədə vəzifə məsuliyyətindən irəli gələn xalqa xidmət amalı deyil, daha çox qazanmaq, kişik və orta sahibkarların qənimi olaraq ailə biznesini daha da böyütmək düüşündürürdü. Arif Qasımov elə sonsuz tamahının, soymaq, talamaq, hərisliyinin qurbanı oldu.
Açıq demək gərəkirsə, bu gün hakimiyyətin zirvəsi ilə xalqın arasında narazılıq toxumu əkən və bu toxumu xüsusi səylə becərən qurumlardan başında rayon icra hakimiyyətləri gəlir. Xalqla hakimiyyətin arasında transformator rolunu olynayan icra hakimiyyətləri isə çoxdan ancaq mənfi enerjinin ötürücüsünə çevriliblər. Onlar müsbət enerjini yox edir və faliyyətləri ilə sadəcə dövlət qurumunu xalqın istismarçısına çevrirlər. Bu gün ortada olan mənzərə bundan ibarətdir və bu mənzərəni dəyişmək üçün ölkə prezidentinin son illərdə atdığı addımlar da ortadadır. Lakin hər nə qədər prezident istismarçılara “xidmətçi” olun, desə də çoxları bu xəbərdarlıqları eşitmək istəmir, çünki xalqın xidmətçisi olmaq, onların mahiyyətinə və çalışma formatlarına ziddir. Buna görə də bəzi icra başçıları azadlıqları ilə vidalaşmalı olublar. Çoxları da Arif Qasımov kimi vəzifədən alınıblar. Bəs bu gün Azərbaycanda xalqın “xidmətçi”si deyil, istismarçısı olan nə qədər icra başçısı var? Bəs Bakıda xalqın qanını sormağı özünə məqsəd bilən və valqla davranış qaydalarını belə bilməyən neçə icra başçısı var?
Dünən Arif Qasımovun vəzifədən alınmasından sonra redaksiyamızın elektron poçtuna bir məktub daxil oldu. Məktubun ilk cümləsi belə idi: “Adil Vəliyevin də zülmünə son qoyulmalıdır”. Bəli, söhbət Sabunçunun icra başçısı Adil Vəliyevdən gedir. O, Adil Vəliyev ki, bir neçə gün əvvəl böyük bir dəstə ilə reyd keçirmək adı ilə supermarketə girib insanları təhqir etmişdi.
Xalqı xor görən icra başçısı
İnternet resurslarda Adil Vəliyev haqqında apardığımız araşdırmada xoş heç bir şeyə rast olmadıq. Sabunçuda aparılan abadlıq işləri ilə bağlı da demək olar ki, heç bir məlumata rast olmadıq. Buna rəğmən 2012-ci ildən Sabunçunun “kiçik padişahı” olan Adil Vəliyevin haqqında o qədər neqativ inforrmasiyalar qarşımıza çıxdı ki, ilk olaraq bunu düşündük, bu məmur doğrudanmı digər icra başçıları kimi, heç olmasa formal olaraq gördüyü işləri belə “reklam” etdirməyib? Axı bu çətin deyil... Görünür ki, hətta formal olaraq da Adil Vəliyev Sabunçuda “gözə soxulacaq” heç bir iş görməyib. Bakıxanov qəsəbəsinin xarici görünüşü də bunu deməyə əsas verir...
Ancaq Adil Vəliyevin şikayətçiləri təhqir etməsi ilə bağlı internet resurslarda kifayət qədər məlumatlar var. İddialara görə isə Adil Vəliyev ümumiyyətlə xalqı xor görür, xidmətində durmağa məsul olduğu vətəndaşlarla davrana bilmir, tez-tez özündən çıxıb qarşısındakıları təhqir edir. Bir neçə gün əvvəl böyük bir dəstə ilə reyd keçirmək adı ilə supermarketə girib insanları təhqir etməsi də Adil Vəliyevin vətəndaşa qarşı münasibətinin ən bariz nümunələrindən biri idi və belə hallar Sabunçuda tez-tez təkararlanır. Sadəcə bu tip bir şəxsin Bakının Sabunçu kimi böyük rayonlarından birinə 8 il müddətində rəhbərlik etməsi xüsusi təəccüb doğurur...
Sabunçunu ailə biznesinin tərkib hissəsinə çevirib
Adil Vəliyev Sabunçuda gedən geniş miqyaslı təmir-tikinti işlərinə ayrılan vəsaiti, yollara ayrılan pulları, sahibkarlardan yığdıqları, obyektlərə çökdükləri, “otkat”lardan topladıqları sayəsində özünə Sabunçuda böyük biznes imperiyası qurub. Qeyd edək ki, təqribən bir il əvvəl onun cah-cəlalı haqqında yazılanları təkzib edən başçı, İmişlinin həbs olunan icra başçısı Vilyam Hacıyev kimi özünün yataqxanada yaşadığını bildirmişdi?! Bundan sonra isə sosial şəbəkdə Adil Vəliyevin təkcə Sabunçudakı biznes və mülkləri açıqlanmışdı.
Siyahıya görə Adil Vəliyevin Sabunçudakı biznes sahələri və mülkləri:
1. Sabunçuda 4 hektarlıq ərazidə mərmər sexi
2. Sabunçu qəsəbəsində yerləşən plastik qapı-pəncərə sexi
3. Bakıxanov qəsəbəsi, Mədəniyyət küç. “Şəhrizad” Uşaq Bağçası
4. Sabunçu, Aydınbəyov küç. 19 ünvanda yerləşən 3 saylı uşaq bağçası
5. Nərimanov rayonu, E. Qocayev küç. ev 17 ünvanında mənzil
6. Xəzər rayonu, B. Əliyev küç. Dön. 4, ev 34 ünvanında mənzil
7. “Euro Style” LTD şirkəti və FASHION MMC
8. Bakıdakı “Euro Style” adlı bütün bərbər salonları
9. Nizami rayonu, B. Çobanzadə küç “Sarı gəlin” şadlıq sarayı
10. Bakıxanov, Mehmandarov küç. 12 ünvanında “AQAT” şadlıq sarayı
11. “Bakıxanov Rezidens” yaşayış kompleksi
12. Binalara üzlüklər çəkən “AQAT” şirkəti
13. O “Volkswagen”, “Porche”, “Audi”, “Seat” avtomobil markalarının ölkəmizdə rəsmi dileridir. Bu markaların satıldığı bütün mərkəzlərdə ona aiddir.
Adil Vəliyevin 3-4 milyonluq şəxsi avtomobil kolleksiyası da var:
1. “Posche Mansory 958 Cayenne”
2. “Ferrari F 12 Berlinetta”
3. “Land Rover Range Rover
4. 2 ədəd göy və Qırmızı rəng “Porsche 911”
Həmin maşınlara aid olan dövlət nişan nömrələri isə belədir: 10-AA-818, 10-YY-078, 10-FF-078, 10-AL-078, 10-AA-078, 99-CF-999 və 99-ON-999.
Bunlardan əlavə onun Adil Vəliyevin biznesinə Sabunçuda bir neçə göydələn, ticarət obyektləri, fərdi yaşayış sahələri və torpaq sahələri də daxildir. Bundan başqa Adil Vəliyevin də digər məmurlar kimi xaricdə də milyonluq mülklərinin və şirkətlərinin olduğu bildirilir.
Bəs Adil Vəliyev bu qədər sərvəti necə əldə edib? Bu sualın cavabı özü-özündən ortadadır. Amma sualın daha dəqiq və rəsmi olaraq təsdiqlənmiş cavabını hüquq-mühafizə orqanalrı verə bilər.
Adil Vəliyevin biznesini oğlu idarəı edir?
Sənədlərə görə Adil Vəliyev böyük imperiyaya çevirdiyi ailə biznesinin əsas və rəsmi hissəsinə oğlu Ənvər Vəliyev başçılıq edir. Lakin yerli medianın da yazdığına görə Ənvər Vəliyev vaxtının böyük hissəini paytaxtın ən bahalı əyləncə mərkəzlərində keçirir və gecə həyatı Ənvər Vəliyevin yaşam tərzidir. Məsələnin ən maraqlı tərəfi ondadır ki, Adil Vəliyevin oğlu bir müddət əvvəl güclü “razborka”da iştirak edib və həmin söhbətdə odlu silahdan atəş açılıb. Bildirilir ki, bu məsələdə oğlunun adının hallandığını görən və Ənvər Vəliyevin həbs təhlükəsilə üzləşə biləcəyini yəqin edən Adil Vəliyev əlaqələrini işə salaraq çətin də olsa oğlunu təhlükədən xilas etməyi bacarıb.
Adil Vəliyevin tikinti “bandası”
Adil Vəliyevin qeyri-qanuni gəlir mənbələrindən biri də Bakı kəndlərində, o cümlədən Bakıxanov qəsəbəsibdə aparılan tikinti işlərindən topladığı böyük rüşvət şəbəkəsidir. Həmin şəbəkəyə isə Sabunçu rayon təsərrüfat şöbəsinin müdiri İsa Həsənov rəhbərlik edib. Qeyd edək ki, İsa Həsənov prezidentin sabiq köməkçisi, PA-nın ləğv edilmiş ictima-siyasi şöbəsinin müdiri Əli Həsənovun qardaşıdır. Məhz İsa Həsənovun rəhbərliyi altında Sabunçu rayonunda aparılan bütün tikinti sektorunu nəzarətdə saxlayan “banda” fəaliyyət göstərib. Bu “bandanın” hər ay topladığı rüşvət isə milyonlarla ölçülüb. Misal üçün bu gün belə Bakıxanov qəsəbəsibdə damdığı üçün evinin üstündə bir neçə “şiferi” dəyişmək istəyən evin sahibi İsa Həsənova mütləq 500 manat verməlidir. Yoxsa Adil Vəliyevin “adamları” gəlib evin sahibini döyər, evini isə başına uçurarlar. Bakıxanovda elə villalar var ki, Adil Vəliyev onların tikintisinə icazə vermək üçün 50 min alıb. Biznes obyektlərinin tikintisinə icazə isə daha bahadır. Kəndlərdə də “icazə üçün” qiymət 10 minlə 50 min arasında dəyişir.
Sahibkarların qara kabusu
Qeyd edək ki, Sabunçu rayonunda fəaliyyət göstərən sahibkarlar üçün Adil Vəliyev qara kabus kimidir. Çünki başçının gözünə pis görünən hər bir sahibkar bir günün içində hər şeyini itirə bilər. Böyüklü-kiçikli bütün sahubkarlar isə başçının “aylığını” vaxtında yollamağa məcburdurlar. Başçısının hər küçəyə təyin etdiyi “xərac darğaları” heç bir sahibkara gecikmə ya da əfv tanımır. “Xəracı” vaxtlnda ödəməyən sahibkar haqqında ölçü götürmək təlimatı isə şəxsən Adil Vəliyevdən gəlir. Hər halda Sabunçu şalışan sahibkarlar belə iddia edirlər.
Bakının tək dəyişməyən rayonu
Sabunçu rayonu və Bakıxanov qəsəbəsi Bakının abadlıq işləri aparılmayan yeganə rayonudur, desək, yanılmarıq. Bakıxanov qəsəbəsində Adil Vəliyev göydələnlər inşa eləsə də, qəsəbənin əsas və arxa küçələri xarabazarı xatırladır. Bakının ən çirkli və zibilli rayonlarından birincisinin Bakıxanov qəsəbəsinin olduğu da heç kimə sirr deyil. Adətən sovet dönəmini xatırladan Bakıxanov qəsəbəsi 2000-ci illərdə tamamilə öz simasını dəyişən paytaxtımızın ümumi mənzərəsinə yamaq kimi görünür.
Bəs niyə Bakıxanov qəsəbəsində abadlıq işləri aparılmayıb, aparılanlar işlər isə “xala xətrin qalmasın”, deyə yarımçıq aparılıb? Bu sualın cavabını Adil Vəliyev verməlidir. Həm prezidentə, həm də Sabunçu sakinlərinə. Əks təqdirdə bu sual bəzi başçılara verildiyi kimi Adil Vəliyevə də müstəntiqlər tərəfindən verilə bilər.
Qayıdaq məktuba...
Sonda redaksiyamıza daxil olan məktuba qayıdaq. Məktubda Adil Vəliyevin istismarından və davranışlarından cana doyduqlarından bəhs edilir və prezidentdən Sabunçuya xalqa xidmət göstərə bilən bir başçının göndərilməsi xahiş olunur.
P. S. Bu yazı hazırlanarkən soial şəbəkədə və mətbuatda Adil Vəliyevin pandemiya dövründə məcburi köçkünlərin evlərindən mənimsədiyi milyonlar barədə videosüjet yayımlandı. Bu videosüjet də Adil Vəliyevin yuxarıda bəhs edilən tikinti “bandası”nın qanunsuzluqlarına və özbaşınalıqlarına birbaşa sübutdur.
Həmin videonu da təqdim edirik:
MilliYol.az