Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 9 iyul 2020-ci il
Liviya bir simvoldur və Aralıq dənizi vacib bir bölgə olduğu üçün Liviya da çox dəyərlidir. Liviya sayəsində Aralıq dənizinə də, Afrikaya da keçmək mümkündür.
Dərin Amerikanın atdığı addımlara diqqətlə baxsaq görərik ki, Aralıq dənizi yeni dövrdə və yeni sistemdə hər zamankindən daha unikal olacaq. Onsuz da bir çox universitet bunu çoxdan təsdiqləyib. Buna görə də ABŞ, Çin, İngiltərə, Rusiya, Almaniya, Fransa, Türkiyə və İtaliya kimi bir çox ölkə bu bölgədə özünə bir yer tapmağa çalışır.
Gəlin məsələyə daha yaxından baxaq. Rotşild ailəsi 2019-cu ilin may ayında, hələ Aralıq dənizinin bu qədər isinmədiyi vaxtlarda Mişel Longinini öz arasına qəbul etmişdi. Rotşild ailəsi, ümumiyyətlə, heç kimi yaxınına buraxmır. Şirkətlərinə etdiyi təyinatlar kimi sadəcə insanlara bildiriş göndərir.
Mişel Longininin Dərin Amerikanın maliyyə sisteminin rəhbəri olacağı bilinirdi. Yəni bu dərəcə qeyri-adi bir simadır. Yakob Rotşildin ciddi bir həmləsi ilə Mişel Longini dünyanın ən önəmli investisiya banklarından biri olan “Edmond de Rothschild”in rəhbəri oldu.
Qısaca “EDR” kimi tanınan “Edmond de Rothschild” şirkəti çox vacib bir addım atıb. Cenevrə maliyyə sisteminin memarı kimi tanınan Mişel Longini indi Yaxın Şərq və Şimali Afrika enerji-maliyyə birliyini yaradacaq. Başqa sözlə, Mərakeş, Liviya, Əlcəzair və Tunisin enerji və maliyyə tərəfdaşlığı mövzusunda bir araşdırma hazırlayıb. Longini Körfəz ölkələrinin enerji və maliyyə idarəetməsi mövzusunda da çox əhəmiyyətli işlər görüb. Mişel Longini Dərin Amerikanı seçsəydi, yenə də heç nə dəyişməzdi.
Aralıq dənizi Mişel Longininin ən yaxşı tanıdığı bölgədir. Mişel Longinin şəxsən Kipr adasını ofşor mərkəzi etmək istədiyi məlum idi. Sanki, Aralıq dənizinin taleyini dəyişdirmək üçün yola düşüb.
Yakob Rotşildin də təsdiqlədiyi kimi, Mişel Longini enerjinin yaxınlığında bir ofşor mərkəzi qurmaq istəyir. Ailə də buna razılıq verib. Bu baxımdan, Aralıq dənizi, Aralıq dənizi ilə həmsərhəd olan ölkələr və Kipr adası çox önəmlidir.
Reqbi və qolf həvəskarı olan 55 yaşlı Mişel Longini ya Cənubi Kiprə, ya da Şimali Kipr Türk Respublikasına xas bir qolf sahəsi istəyib. Mişel Longini “Edmond de Rothschild” Özəl Bankçılıq və Aktiv İdarəetmə xidmətinə keçməzdən əvvəl Yakob Rotşild ona bir qolf sahəsi vəd etmişdi.
Yeni dövrdə İsveçrə də artıq gizli hesab mərkəzi olmayacaq. Təkcə ofşor deyil, İsveçrədəki kimi gizli hesablar da Kipr adasında olacaq.
“Edmond de Rothschild” gələn aydan etibarən Mərakeş və Kipr adaları ilə bağlı çox vacib addımlar atacaq. İlk növbədə, Mərakeşə çox ciddi sərmayə qoyacaq “Edmond de Rothschild”in mütəxəssisləri 900 iş adamının bunu etməyə hazır olduğunu qeyd ediblər. “Edmond de Rothschild” şirkəti Liviyanın gələcəyində aktiv rol əldə etmək istəyir. Ancaq Liviyadakı müharibə vəziyyəti pul üçün təhlükəlidir. Liviyanın 2021-ci ildən öz normal ritmə qayıdacağı və yeni Liviya kimi yoluna davam edəcəyi təxmin edilir. Liviyanı yenidən quracaq əsas ölkə artıq Türkiyədir. “Edmond de Rothschild” Özəl Bankçılıq və Aktiv İdarəetmə Liviyadakı ən böyük güc olaraq Türkiyəni qəbul edir. Şirkətin Fransız şöbəsinin əlində olan Liviya portfeli bir neçə həftə əvvəl türk bankirlərinə təhvil verilib. İllərdir “Edmond de Rothschild”də işləyən 7 türk bankir Liviyanın maliyyə baxımından nə qədər güclü olacağına dair araşdırmaları dərinləşdirib.
Əlbəttə ki, burada başa düşülməli olan vacib bir məsələ var. Çünki Dərin Amerika da Liviyada olmaq istəyir və Rotşild ailəsi bunu yaxşı bilir. Lakin bölgədə çox aktiv bir rola sahib olan Türkiyə həm Dərin Amerikanın, həm də Rotşild ailəsinin planlarını alt-üst edib. Qarşıdakı günlərdə Mərakeş, Əlcəzair, Tunis və xüsusilə Liviya ilə əlaqəli çox ciddi proseslər baş verəcək. Çünki Aralıq dənizi artıq hər kəsin hədəfinə çevrilib.
Mişel Longininin Rotşildi seçməsi Aralıq dənizindəki balansı Londonun xeyrinə çevirə bilər. Əgər Aralıq dənizini idarə etmək bu qədər vacib olacaqsa, o zaman Türkiyənin iddiasız olmasını istəyənlər əvvəlcə hansı addımı atarlar? Əlbəttə ki, birinci türk donanmasını vurmaq lazımdır. Bəs hər hansı bir ziyan vurulubmu? Bəli, vurulub. Lakin Türkiyə qısa müddətdə əvvəlki gücünü yenidən toplayaraq bu oyunların içindən çıxdı və yüksələ bildi.
Hücum edən qüvvələrin komandirlərlə və ya rütbələrlə heç bir işi yoxdur. Onlar sadəcə olaraq Aralıq dənizində türk donanmasını iddialı görmək istəməzdilər. Lakin ilk addımı atsalar da, qurduqları plan onların öz üstünə çökdü.
Xülasə, Aralıq dənizi yeni dünyanın qəlbidir. Burada özünə bir yer tapmayan, yeni dünyanın siyasi masasında otura bilməz. Türkiyə də bunu bildiyi üçün hamıdan əvvəl Liviyaya daxil oldu və 500 illik tarixi canlandırıb, istədiyi mövqeyə keçdi.
Bu məsələdə kimlərin narahat olduğu isə bizə məlumdur. Manşetlərdə əvvəlcə fransızları, daha sonra almanlar, indi isə yunanları görmək olur. Türk dövlətinin atdığı addımlar çox böyükdür.
Xatırlayırsınızsa, 2011-ci ildə Qərb Liviyanı vurmağa qərar vermişdi. Agentliklərə düşən xəbərlər beləydi:
“Dünyanın qabaqcıl ölkələri Parisdə toplaşaraq Liviya ilə bağlı atılacaq addımlar haqqında qərar verdilər”.
Zirvədən sonra isə əməliyyata start verildi. Əvvəlcə Fransa təyyarələri Liviyanı vurdu. Sarkozi də meydanı heç kimə buraxmadan hərəkət edirdi. Sonra isə ABŞ dənizdən raketlər atdı. Üstəlik, bu əməliyyatlarda Fransa ilə yanaşı, İngiltərə, İtaliya və Kanada da iştirak etmişdi. Amma Türkiyə 9 il ərzində daxildə baş verən hər şeyi toplayıb yoluna qoydu. Nəticədə, türk əsgəri həm Liviyaya lövbər atdı, həm də buranı bombalayanları Aralıq dənizinə geri püskürtdü.