“Son 10 ili bir çox banklar bağlanıb və çoxları öz halal pulunu bu günə qədər də ala bilmir. Nə üçün həmin bank sahiblərinə qarşı sərt tədbirlər görülmür? Axı hamı bilir ki, o pullar buxarlanmayıb, bank sahibləri tərəfindən mənimsənilib. Elə bu günün özündə həmin bankirlər o villalarda yaşayır və bahalı maşınlarda şütüyürlər.
MilliYol.Az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov özünün “Facebook” hesabında yazıb.
Vəkil qeyd edib ki, həmin banklara nəzarəti həyata keçirən, vətəndaşların halal pullarının mənimsənilməsinin qarşısını almalı olan Mərkəzi Bankın sədri Elman Rüstəmovun elə özünün dövlətə 1 milyarda yaxın borcu var.
“Bu borc barədə mətbuatda məlumatlar getdi, ancaq heç kim tərəfindən aydınlıq gətirilmədi…”- deyə, o, sözlərinə əlavə edib.
Unikal.org-un isə əldə etdiyi məlumata görə, sözügedən 1 milyard manat vəsaiti E.Rüstəmov “DekaBank”, “StandartBank”, “ZaminBank” və digər bağlanan, eləcə də hazırda fəaliyyətdə olanda bir sıra banklardan dostları və qohumlarının şirkətlərinin adına şəxsi mənafeyi üçün alıb. Bildirilib ki, AMB-nın rəhbərinə həmin vəsaiti dövlətə qaytarmağa ilin sonuna kimi vaxt verilib.