"Həyətlərə içməli su gəlmir. Dağlardan gələn içməli su nazirlərin, oliqarxların villalarına gedir".
MilliYol.Az xəbər verir ki, bu sözləri Şamaxı rayon Mirikənd kəndinin sakinləri yazıb.
Kənd sakinlərinin yazdığına görə, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı onların problemi ilə bir dəfə də olsun maraqlanmayıb:
"Məmurların Şamaxıda yetərincə villaları var. Nağıllarda deyildiyi kimi, əjdaha suyun qarşısını kəsən kimi Mirikənddə insanlar da su üzünə həsrət qalıb. Nəticədə isə kəndlinin əkini yayın istisində yanıb kül olur. Sanki demokratik respublikada deyil, nağıllar aləmində yaşayırıq. Kənddə söz yayıldı ki, Şamaxıya yeni təyin olunmuş icra başçısı yaxşı işləyəcək. Ancaq təəssüf ki, belə olmadı. İcra başçısı ancaq görünən yerləri asfaltlamaqla işini yola verir. İnsanlar su deyə haray çəkir. İcra başçısı bircə dəfə susuz kəndlərdə olmayıb. Əhali ilə görüşüb problemlərini dinləməyib. Yəqin icra başçısı kəndlərin problemləri ilə maraqlansa, bu gün Mirikənddə də su problemi qalmazdı. Həyətlərə içməli su gəlmir. Dağlardan gələn içməli su nazirlərin, oliqarxların villalarına gedir. Hovuzları dolu, kefləri kök".
Sakinlər deyir ki, təkçə bir ayda 100 manat suya pul xərcləyirlər:
"Bir ailə ay ərzində maşını 12-15 manatdan 5 dəfə su alır. Bir maşın suyu isə 5 gün gedir. Bunun üçün hardasa 60-75 manat lazımıdr. Həmin su təkcə qab yumaq, paltar yumaq üçündür. İçməli suyu ayrıca gətirməlidir. Ona 20-30 manat pul lazımdır. Bir ailə orta hesabla suya hər ay 100 azn lazımdır. Bu ağır pandemiya günlərində işsiz insanlar 100 manatı hardan alıb suya versin? Hələ bağ-bostana lazım olan suyu demirik. Bağ-bostanı suvarmağa da su alınsa 300-400 manat pul lazım olur. Azərbaycanda orta hesabla nə qədər maaş alınır ki, onun da 300-400 manatı suya verilsin? Həyətlərdə imkanı olanlar quyu qazdırıb. Yenə də xeyri yoxdur. Həmin quyular da su deyib haray çəkir. Nə vaxta kimi dağlardan axan su kasıblara deyil, varlılara, oliqarxlara, harınlara məxsus olacaq?! Allahın suyunu məmurlar özəlləşdirib".
Susuzluqdan haraj çəkən kənd sakinlərinin yeganə ümidi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevadır:
"Prezident və onun xanımı Şamaxı rayonuna xüsusi diqqət ayırdılar. Şamaxıda müsbətə doğru xeyli dəyişikliklər oldu. İndi su probleminə görə prezidentə müraciət etmək qərarındayıq".