“Bu il Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən tender keçirilib, müsabiqənin qalibi "Alpina Parking Consulting” MMC şirkəti olub. Bilirsiniz bu şirkət BNA üçün nə edəcək? Yox-yox, nə yol rəngləyəcək, nə avtobus yuyub-dezinfeksiya edəcək, nə də avtobusların təkərinə hava vuracaq - şirkət BNA-ya məsləhət verəcək ki, şəhərdə parking məsələsini necə həll etsin”.
MilliYol.Az-ın məlumatına görə, bunu “Respublikaçı Alternativ” (ReAL) Partiyasının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli özünün “Facebook” səhifəsində yazıb.
N. Cəfərlinin sözlərinə görə, müqavilənin dəyəri 2 mln. 100 min manatdır.
O, "Alpina Parking Consulting” MMC şirkətinin cəmi 4 ay qabaq yaradıldığını, 2 ay qabaq isə bu tenderi udduğunu qeyd edib: “Adamlar dahidirlər yəqin, heç bir təcrübələri yox, uğur hekayələri yox, birdən birə 2,1 mln. manatlıq məsləhət satmağa nail oldular. Bir az qaşısan bu şirkətin B(İ)NA uşaqlarına yaxın olduğu üzə çıxacaq”.