"Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) daha bir əməkdaşı, Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev gecə saatlarında koronavirusdan vəfat edib".
Bu barədə MilliYol.Az-a AzTV-dən məlumat verilib:
"E.Babayev 1967-ci ildə Bakıda anadan olub. AzTV-də 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildə AzTV-nin Bədii rəhbəri olub. 2019-cu ilin fevral ayından isə Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunub.
E.Babayev bir neçə bədii və sənədli filmin ideya müəllifi və layihə rəhbəri olub. Həmin filmlərə son bir ildə çəkilmiş və tamaşaçılar tərəfindən böyük rəğbət görmuş “Ana və poçtalyon”, “Xocalı yol gözləyir” və digərlərini misal göstərmək olar.
QSC-nin kollektivi həyatını itirən əməkdaşına Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə baş sağlığı verir".
Məlumatda qeyd olunur ki, hazırda şirkətin 5 əməkdaşı xəstəxanada koronavirusdan müalicə alır, bir nəfər isə evə buraxılıb: "Onların səhhətində hər hansı ağırlaşma yoxdur".
Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində gücləndirilmiş dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır. Ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız 1000 nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir.
Qeyd edək ki, QSC-nin rejissoru Samir Nemətzadə də bir neçə gün əvvəl koronavirusdan vəfat edib.