YAP-ın qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, professor Əli Nağıyev modern.az-a müsahibə verib.
O, ölkədə təhsilin vəziyyəti haqqında şok açıqlamalarla çıxış edib. Əli Nağıyev bildirib ki, Azərbaycanda təhsil yarımcan vəziyyətdədir: “Bir var görkəm, bir də var məna... Təbii ki, təhsildə görkəmlə çox şey dəyişib.
Fikir verin, nə qədər məktəb tikilib, nə qədər məktəbin içi abadlaşdırılıb. Bunlar təhsilə xidmətdir. Mənaca isə daha da pisləşib. Sübut: Əgər 10 il qabaq ali məktəblərə ən aşağı qəbul balı 300 idisə, indi 150-dir. Bu dəhşətdir və prezidenti, milləti aldatmaqdır. Çünki nazirdən başlamış tələbəyə qədər hamı bilir ki, 150 balla daxil olan tələbə ən azı texniki yönümlü fakültələrdə ali təhsil proqramını mənimsəyə bilməz. O fakültələrdəki ali riyaziyyat kursu birinci kursdan keçirilir. Deməli, nazirdən tələbəyə qədər bütün sistem saxtakarlıqla məşğuldur. 10 il bundan qabaq Milli Məclisin kürsüsündən Dağlıq Qarabağ məsələsini Azərbaycanın təhsil sistemi ilə müqayisə edərək dedim ki, ay qardaşlar, təhsil yaman gündədir. Dağlıq Qarabağ Azərbaycan üçün nə dərəcədə ağır problemdirsə, bu gün Azərbaycanın təhsili də elə bir vəziyyətdədir. Sonra əlavə etmişdim ki, Zəngəzur, Dərbənd, Borçalı və Dərələyəz getdi nə olduqsa, Dağlıq Qarabağ da gedəndə ondan olacağıq. Ancaq təhsil gedəndə millət naxır, sürü olur”.
Ə.Nağıyev deyib: “Təhsil millətin keyfiyyəti deməkdir. Təhsil keyfiyyətsiz olanda mədəniyyət də, ədəbiyyat da, musiqi də, elm də, eyni zamanda insanlar arasında normal ünsiyyət də olmur. Təhsil varsa, bunlar ucadır, yoxdursa, alçaqdır. Görün nə zamandır, bacı bacının başını kəsir, qardaş qardaşı güllələyir, oğul anasını boğur, ata körpələrini boğur, o birisi də bomba atıb bütün nəsli qırır. Başqa birisi də avtobusu yolun əks istiqamətinə çıxararaq insanları ağuşuna alır. Daha nələr, nələr... Bəs bunlar cahillik deyilsə, nədir?!... Bu gün Azərbaycanda baş verən yol qəzaları, intihar halları, cinayət faktları - millətin təhsili yuxarı olsaydı, ən azı 50 faiz aşağı olardı. Bu cür halların baş verməsi birbaşa təhsillə bağlıdır...".
Sabiq nazir təhsilin ağır durumdan çıxması üçün təklif də irəli sürüb: “Birinci, təhsil naziri proqram qurmalıdır. Sonra gedib prezidentə təhsili yarımcan vəziyyətdən qurtarmaq üçün 1, 3, 5, hətta 10-cu tədbirin nədən ibarət olacağını da məruzə etməlidir. Bu işlər görülsə, 3 ildən sonra nə baş verəcək, 5 ildən sonra hansı nəticəni əldə edəcəyik? O zaman təhsili yarımcan vəziyyətdən normal Avropa təhsili səviyyəsinə yüksəltmək olar. Ən əsası prezidentdən razılıq almalıdır ki, prezidentdən başqa heç kim təhsil işinə müdaxilə edə bilməz. Bunun üçün ən azı 10 il vaxt lazım gələcək. Təbii ki, əgər təhsilə dediyim münasibət olarsa”. /virtualaz.org/
MilliYol.Az
Digər xəbərlər
loading...