Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul edib.
MilliYol.Az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, faiz dəhlizinin aşağı həddi 6,5%, yuxarı həddi isə 7,5% səviyyəsində müəyyən olunub.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın elan edilən hədəf intervalında saxlanılması, maliyyə sabitliyinin qorunması və iqtisadi aktivliyin dəstəklənməsi prioritetləri arasında optimal balansın qorunmasına yönəldiləcək.
İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri
AMB bəyan edib ki, İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya tempi aşağı düşüb. Rəsmi statistikaya görə may ayında 0,5%-lik deflyasiya qeydə alınmış, illik inflyasiya 2,9% təşkil edib.
Son 12 ayda inflyasiya ərzaq məhsulları üzrə 5,7%, qeyri-ərzaq məhsulları üzrə 1,4%, xidmətlər üzrə isə 0,4% olub. Koronavirus (COVID-19) pandemiyasının yaratdığı qeyri-müəyyənliklər fonunda istehlak və investisiya xərclərinin azalması ilə məcmu tələbin daralması başlıca dezinflyasiya amili kimi çıxış edir. Ərzaq inflyasiyasının azalmasına əlavə olaraq kənd təsərrüfatı məhsullarının mövsümi ucuzlaşması və dünya ərzaq qiymətlərində enişin davam etməsi (2020-ci ilin 5 ayında -10,5%) də təsir göstərir.
Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin son ayda azaldığını göstərir. May ayında aparılmış sorğunun nəticələrinə görə inflyasiya gözləntiləri əvvəlki aya nəzərən qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələri üzrə azalıb.
İyun ayında yenilənmiş proqnozlara görə mövcud makroiqtisadi siyasət çərçivəsi saxlanmaqla 2020-ci ilin sonuna ən çox ehtimal olunan inflyasiya 3-3,5%-dir ki, bu da hədəf intervalı (4±2%) daxilindədir. İqtisadiyyatda gedən proseslərdən asılı olaraq proqnozlar ilin qalan dövründə müntəzəm yenilənəcək.
Qlobal mühit və xarici sektor göstəriciləri
Pul siyasətinə həsr olunmuş son iclasdan ötən müddətdə bir çox ölkələrdə karantin rejiminin nisbətən yumşalması, eləcə də geniş fiskal və monetar stimul tədbirlərinin reallaşdırılması iqtisadi bərpaya və bazarlara müsbət impulslar verib. Bununla belə koronavirus pandemiyasının neqativ təsirləri nəticəsində qlobal iqtisadi aktivlik göstəriciləri son dekadaların tarixi minimumlarına yaxın səviyyələrdə qalır.
Tələbin nisbətən artması, eləcə də aprel ayında əldə olunmuş OPEC+ razılaşmasının yenilənərək icrasının təsiri ilə neft qiymətləri bərpa olmağa başlayıb. İyunun ötən dövründə "Brent" markalı neftin orta qiyməti 40 ABŞ dolları olub ki, bu da mayın orta qiymətindən (32,5 ABŞ dolları) 23%, aprelin orta qiymətindən isə (27,1 ABŞ dolları) 48% yüksəkdir.
Bu ilin 5 ayında ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 19% azalsa da, xarici ticarət balansı profisitli qalıb. İdxalda azalma meyilləri xarici balansa tarazlaşdırıcı təsir göstərir. Qeyd olunanları nəzərə almaqla I yarımilliyin yekunu üzrə də tədiyə balansının cari hesabının profisitli olacağı istisina deyil.
Monetar şərait
Ötən toplantıdan keçən müddətdə likvidlik və kreditləşdirmə şəraitinə pul siyasəti qərarları ilə yanaşı vahid xəzinə hesabından həyata keçirilən dövlət büdcəsi xərcləri, əhalinin və biznesin dəstəklənməsi üçün tətbiq olunan tənzimləyici güzəştlər təsir göstərib.
Valyuta bazarında vəziyyət may ayında da sabit olaraq qalıb. AMB-nin keçirdiyi hərraclarda təklif tələbi üstələyib, tələb başlıca olaraq idxalla əlaqədar olub. Azərbaycanın başlıca ticarət tərəfdaşı olan ölkələrin valyuta bazarlarında vəziyyətin stabilləşməsi manatın nominal və real effektiv məzənnələrinin dinamikasının stabilləşməsi ilə müşayiət olunur.
Pul bazası aprel ayının sonundan bəri 8% artıb, ilin əvvəlindən bəri isə 10,6% azalıb.
AMB-nin pul siyasəti alətləri faiz dəhlizi parametrləri çərçivəsində tətbiq olunub. Depozitlərin cəlbi və qısamüddətli notların yerləşdirilməsi üzrə AMB-nin təşkil etdiyi hərraclarda tələbin təklifi üstələməsi müşahidə olunub, bu alətlər üzrə gəlirlik faiz dəhlizinin aşağı həddinə yaxınlaşıb.
Manatla yeni əmanət və depozitlər, habelə yeni kreditlər üzrə son ayda faiz dərəcələri fiziki və hüquqi şəxslər üzrə fərqli istiqamətlərdə dəyişib. İyunun 1-dən başlayaraq manatla sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsinin yüksəlməsinin de-dollarlaşma proseslərinə müsbət təsir göstərəcəyi gözlənilir.
Əhali və biznesin dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən kreditlərin restrukturizasiyası üzrə müraciətlərin icrası, faizlərin subsidiyalaşdırılması və zəmanət dəstəyinin genişləndirilməsi pandemiya şəraitində kreditləşmə şərtlərinin yumşalmasına imkan verir.
İqtisadi aktivlik
Pandemiyanın Azərbaycanda daxili iqtisadi aktivliyə neqativ təsirləri may-iyun aylarında davam edib. AMB-nin apardığı real sektor müəssisələrinin monitorinqi göstərir ki, qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələri üzrə biznes inam indeksi may ayında neqativ zonada olub.
Bu ilin 5 ayında rəsmi statistikaya görə iqtisadiyyatın baza sahələrində (qeyri neft-qaz sənayesi və kənd təsərrüfatı) iqtisadi artım davam edib.
Məcmu tələbin bütün komponentlərində azalma qeydə alınıb. Yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nəzərən 1,7%, o cümlədən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 14,9% azalıb. Qeyri-neft sektoruna investisiya qoyuluşları 16,7% azalıb.
Hökumətin sosial xərclər üzrə öz öhdəliklərini tam yerinə yetirməsi və əlavə dəstək tədbirləri, sinxronlaşdırılmış makroprudensial tədbirlər iqtisadi aktivliyin daha çox azalmasının qarşısını alır, iqtisadi subyektlərin gəlirlərindəki itkiləri qismən kompensasiya etməyə imkan verir.
İnflyasiya riskləri
İnflyasiyanın risklər balansı hazırda başlıca olaraq pandemiyanın qlobal iqtisadi aktivliyə və Azərbaycan iqtisadiyyatına təsirləri ilə bağlıdır. Bu təsirlərin dərinliyi və davamlılığı ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Xarici mühitlə bağlı əsas risk neftin qiymətinin yenidən kəskin enişidir ki, bu da COVID-19-a ikinci yoluxma dalğası, ABŞ-la Çin arasında iqtisadi-ticarət münasibətlərinin pisləşməsi və ayrı-ayrı ölkələrdə sosial-siyasi gərginliklərdən irəli gələ bilər. Yeni iqtisadi normallıqların yarandığı bu şəraitdə milli iqtisadiyyatın yenidən balanslaşmasına start verilib. Yenidən balanslaşma xarici mühitdəki dəyişikliklərin daxili mühitə ötürülməsinin hamarlanmasına, iqtisadi aktivlik və məşğulluğun dəstəklənməsi ilə makroiqtisadi və maliyyə sabitliyi arasında balansın qorunmasına imkan verməlidir.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarların qəbulu zamanı risklər balansındakı dəyişikliklər, makroiqtisadi sabitlik hədəflərilə iqtisadi aktivliyin dəstəklənməsi prioritetlərinin uzlaşdırılması əsas götürüləcək. AMB bundan sonra da ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, inflyasiyanın elan edilmiş hədəf çərçivəsində saxlanılması üçün mandatına uyğun olaraq bütün mümkün tədbirləri görəcək.
Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 30-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.