"Bu, həqiqətə uyğun olmayan bir məlumatdır. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı belə bir açıqlama verməyib. Bu tip saytlar ayrı-ayrı sifarişləri yerinə yetirən şəxslər tərəfindən idarə olunur”.
Bu fikirlər Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən MilliYol.Az-a göndərilən açıqlamada yer alıb.
Bildirilir ki, gununsesiaz.info saytında icra başçısının adından açıqlama yerləşdirilib. Qeyd olunur ki, Rafil Hüseynov bu sayta açıqlama verməyib və onun adından yazılanlar böhtandır. Məlumatda o da vurğulanır ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının adından yayılan saxta məlumatla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək:
“Hesab edirik ki, bu tip təxribatlar ölkəmizdəki ictimai-siyasi sabitliyi zəiflətmək üçün atılır. Belə böhtan xarakterli məlumatları sifariş verənlər və onları yayanlar cəzalandırılmalıdır ki, Azərbaycandakı əmin-amanlığa, insanların təhlükəsiz şəraitdə yaşamasına, fəaliyyət göstərməsinə hər hansı xələl gəlməsin”.